Ramil Usubov 2009-cu ilin birinci yarısının yekunlarına həsr olunmuz kollegiya iclasını keçirib

img

31-07-2009 [04:49]


Bu gün Daxili İşlər Nazirliyində respublika daxili işlər orqanlarının cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, kollegiya iclasını giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, daxili işlər orqanları tərəfindən ictimai asayişin və təhlükəsizliyin təmini sahəsində əvvəlki illərin müsbət nəticələri 2009-cu ilin 6 ayında da qorunub saxlanılmış, bir çox istiqamətlər üzrə daha da inkişaf etdirilib. Mühüm dövlət və siyasi tədbirlərin keçirilməsi zamanı səfərbərlik, operativlik və əzmkarlıq göstərilmiş, ölkənin qanunlarından, dövlət başçısının fərman və sərəncamlarından, DİN-in normativ sənədlərindən irəli gələn vəzifələr layiqincə yerinə yetirilib. Görülmüş işlər ölkədəki əlverişli investisiya mühitinin, iqtisadiyyatın inkişafı, strateci əhəmiyyətli beynəlxalq layihələrin müvəffəqiyyətlə həyata keçirilməsinin mühüm amillərindən olan ictimai-siyasi sabitliyin qorunmasında, orqan və hissələrdə fəal inkişaf tempinin saxlanılmasında böyük rol oynayıb. Hesabat dövründə cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması, açılması, zərərçəkmişlərin hüquqlarının bərpası, ictimai qaydanın, vətəndaşların təhlükəsizliyinin təmini, profilaktika işinin səmərəsinin artırılması əsas vəzifə olaraq ardıcıllıqla yerinə yetirilib. Daha sonra daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlərin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib. Nazir müavini deyişb ki, bütün subyektlər üzrə 11.180 cinayət qeydə alınmış, onların 95,5 faizi, yəni 10680-i daxili işlər və prokurorluq orqanlarının qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində təhqiqatı və istintaqı aparılan hüquqazidd əməllər olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayı 7,5 faiz çox olsa da bu artım, əsasən, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərin hesabına baş verib. Cinayətlərin ağır və xüsusilə ağır növləri bütövlükdə sabit qalmış, onların içində qəsdən adam öldürmələr 9,9 faiz, quldurluqlar 23 faiz, hədə-qorxu ilə tələb etmələr 18,2 faiz azalıb. Adamları girov götürmə və banditizm cinayətləri, ümumiyyətlə, qeydə alınmayıb. Profilaktiki işin düzgün təşkilinin, eləcə də vaxtında verilmiş əmr və göstərişlərin məntiqi nəticəsi olaraq, hüquqazidd əməllərin təhlükəliliyi nəzərəçarpacaq dərəcədə azalıb. Cinayətlərin açılması 85,9 faiz, onların ağır və xüsusilə ağır növlərinin açılması 81,8 faiz təşkil edib. Prokurorluq orqanları ilə sıx əlaqədə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalan 227 cinayət açılmışdır. Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi davam etdirilərək yerli və dövlətlərarası axtarışda olan 1271, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 70, dövlət hakimiyyəti əleyhinə cinayətlərə görə axtarılan 2 nəfər tutulub. İnterpolun Azərbaycan Respublikasında Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 38 nəfərin və İnterpola üzv ölkələr tərəfindən axtarılan 17 təqsirləndirilən şəxsin yeri müəyyən edilib. Axtarışda qalan təqsirləndirilən şəxslərin sayı 2008-ci ilin 6 ayı ilə müqayisədə 9,9 faiz azalıb. Cinayətkarların axtarışı işinin göstəricisi bütövlükdə 50,6 faiz təşkil edib. Bildirilib ki, dayanıqlı cinayətkar dəstələrə və qruplara qarşı aparılan mübarizə də səmərəli olub. Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə ağır və xüsusilə ağır cinayətlər törətmiş 381 nəfəri birləşdirən 141, o cümlədən 26 nəfərdən ibarət 4 mütəşəkkil qrup və dəstə zərərsizləşdirilib. Qrup halında cinayətlər 6,2 faiz, o cümlədən əvvəllər məhkum olunmuşlardan ibarət qruplar tərəfindən törədilənlər 23,8 faiz azalmışdır. Qanunsuz saxlanılan 798 silah və 79 minə yaxın patron götürülmüşdür ki, bu da odlu silahın tətbiqi ilə törədilən cinayətlərin sayında 6 faiz azalmanı şərtləndirib. Transmilli mütəşəkkil cinayətkarlığın növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri cinayətlərinə qarşı aparılan mübarizə, qeyri-leqal miqrasiyanın qarşısının alınması üzrə fəaliyyət də səmərəli olub. Məruzəçi qeyd edib ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə qanunsuz dövriyyədən 735 kiloqram narkotik vasitə götürülüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 394 kiloqram çoxdur. Eyni ilə 186 kiloqram çox, yəni 247 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilməsinin qarşısı alınıb. Narkotiklərin satışı ilə bağlı cinayətlərin aşkarlanması da 2,6 faiz artaraq 678 fakt təşkil etmiş, habelə 110 nəfərdən ibarət 44 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Ümumi çəkisi 209 ton olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilib. Görülmüş əməliyyat tədbirləri ilə insan alveri ilə əlaqədar 47 cinayət faktı aşkarlanaraq 41 nəfər məsuliyyətə cəlb olunmuş, 19 nəfərdən ibarət 9 cinayətkar qrup zərərsizləşdirilmiş, cinayətlərin qurbanı olan 60 şəxs müəyyən edilib. Həyata keçirilən tədbirlərlə müvafiq icazəsi və ya qeydiyyatı, habelə yaşama hüququ verən sənədləri olmayan 233 əcnəbi saxlanılmış, onlardan 212-si ölkənin hüdudlarından kənara çıxarılıb. Respublikada ekoloci vəziyyətin yaxşılaşdırılması məqsədilə möhtərəm dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrası da nəzarətdə saxlanılmışdır. Həyata keçirilən məqsədyönlü tədbirlərlə 93 ekoloci cinayət, o cümlədən balıq və başqa su heyvanlarını qanunsuz tutma ilə əlaqədar 82, qanunsuz ağac kəsmə ilə bağlı 11 fakt aşkarlanaraq 67 nəfər cinayət məsuliyyətinə cəlb olunmuş, 334 nəfər haqqında inzibati qanunvericiliyə uyğun tədbirlər görülmüşdür. İqtisadi fəaliyyət sahəsinə aid cinayətkar qəsdlərə qarşı davamlı şəkildə aparılan mübarizə nəticəsində qanunsuz dövriyyədən ümumi məbləği 193 min manat təşkil edən 2104 ədəd saxta əskinas çıxarılmışdır. İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma cinayətləri ilə mübarizə də önəm verilən məsələlərdən olmuşdur. Hesabat dövründə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən bu qəbildən 10 cinayət faktı müəyyən edilərək qanunsuz dövriyyədən 60 tondan çox istifadə müddəti ötmüş müxtəlif çeşiddə ərzaq məhsulları, 5 min ədəd kontrafakt içki, 120 tondan çox tikinti materialları, habelə açıq satışı qadağan olunmuş 7 min ədəd dərman preparatı çıxarılmışdır. Cinayətlərin açılmasında aparıcı rolu olan istintaq və təhqiqat aparatları əməkdaşlarının fəaliyyəti də bütövlükdə qənaətbəxş olmuşdur. Müstəntiqlər tərəfindən 10268 cinayət işindən 46,5 faizinin istintaqı tamamlanaraq 4244-ü ittiham aktı ilə məhkəmələrə göndərilmiş, 531 iş xitam edilmişdir. Cinayət işləri üzrə dəymiş 30 milyon 988 min manat maddi ziyandan 68,5 faizinin ödətdirilməsi təmin olunmuşdur. Təhqiqat qurumlarında araşdırılan cinayət xarakterli ərizə və məlumatların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz azalaraq 53405 material təşkil etmişdir. Onlardan 1879-u böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər olduğundan məhkəməyədək sadələşdirilmiş icraat açılmış, araşdırılması tamamlanmış 1117 material prokurorluğa göndərilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 34.176 qərar qəbul olunmuşdur. Fəaliyyətin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, bu sahədəki problem və çatışmazlıqların aradan qaldırılması üzrə işlər də nəzarətdə saxlanılmaqla məqsədyönlü profilaktiki tədbirlər davam etdirilmişdir. Cari ilin 6 ayında respublikada təxminən 40 min avtomobilin artması fonunda yol-nəqliyyat hadisələrinin sayı 4,2, qəzalarda ölənlərin sayı 1,3, yaralananların sayı 5,5 faiz azalmışdır. Sürücülər tərəfindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması səbəbindən baş vermiş hadisələr 3,5, piyadaların vurulması ilə bağlı qəzaların sayı 10,8 faiz az olmuşdur. Yol hərəkətinə nəzarət prosesində 377.389 qayda pozuntusu aşkarlanmışdır ki, bu da 2008-ci illə müqayisədə 3,9 faiz çoxdur. Belə inzibati xətalara görə 375.909 sürücü cərimələnmiş, 1480 nəfərin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Avtoxuliqanlıq etdiyinə görə 1303 sürücü barəsində qanunla müəyyən edilmiş ölçülər götürülmüşdür. Vətəndaşların müraciətlərinə baxılması və qəbulu, şəxsi heyətin qanunçuluğa, etik normalara və davranış qaydalarına ciddi əməl etməsi, anda sədaqət ruhunda tərbiyə olunması yönümündə kompleks tədbirlər ötən 6 ayda da davam etdirilmişdir. Nazirliyin rəhbərliyi tərəfindən 85 vətəndaş qəbul edilmiş və onların qaldırdıqları məsələlərin əksəriyyəti yerində həll olunmuşdur. Əlavə yoxlama tələb edən ərizələr nəzarətə götürülərək araşdırılmış, nəticələri barədə yazılı cavablar verilmişdir. Xidməti fəaliyyətə şəffaflıq, açıqlıq və sosial yönümlülük verilməsi şəxsiyyətin və cəmiyyətin təhlükəsizliyinin qorunmasına müsbət təsir göstərmiş, eyni zamanda vətəndaşların şikayətlərinin sayının azalması ilə müşayiət olunmuşdur. Bu mənada, vətəndaş müraciətlərinin sayı 3,5, təkrar ərizələrin sayı 17,3, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, Nazirlər Kabinetindən və Milli Məclisdən daxil olmuş ərizələrin sayı 7-15 faiz azalmışdır. 2008-ci ilin 6 ayı ilə müqayisədə aşkar olunmuş qanun pozuntularının 25,2, bu əsasda məsuliyyətə cəlb edilənlərin sayının 17,1 faiz azalması isə vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının qorunması kursunun ardıcıllıqla həyata keçirildiyini bir daha təsdiqləyir. Bununla belə, cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai asayişin mühafizəsi sahəsində müsbət nəticələrlə bərabər, nöqsan və çatışmazlıqlar da olmuşdur. Bəzi ərazi polis orqanları tərəfindən kriminogen duruma mənfi təsir göstərən amillərin qarşısının alınması üzrə vaxtında adekvat tədbirlərin görülməməsi nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmalar 19 fakt, soyğunçuluqlar 28 fakt, oğurluqlar 26 faiz, o cümlədən mənzillərdən edilənlər 37,3 faiz artmışdır. Lakin bu artım qeyd olunan hüquqazidd əməllərin birdən-birə, kəskin şəkildə çoxalmasına deyil, uçot-qeydiyyat intizamında yaranmış əsaslı dönüşə, bunun nəticəsində cinayətlərin uçotdan gizlədilməsinin minimuma enməsinə və qeydiyyatda yaranmış tamlığa dəlalət edən müsbət bir reallıqdır. Belə ki, əsas etibarı ilə ?102? xidmətinin əhatə etdiyi Bakı şəhəri üzrə qeydə alınmış bu artım cinayətlərin ümumi artımının 71,8, Sumqayıt və Abşeronda isə 2,4 faizini təşkil etmişdir. Müzakirələrdə Bakı BPİ-nin rəisi R.Abbasov, BNMİ-nin rəisi H.Aslanov, İnterpolun MMB-nin rəisi S.Mirzəyev, İAQMİ-nin rəisi C.Şıxəliyev, Gəncə ŞPİ-nin rəisi R.Musayev və başqaları çıxış edərək görülmüş işlərdən və buraxılmış nöqsanlardan danışmış, çatışmazlıqları qısa müddətdə aradan qaldıracaqlarını bildirmişlər. İclasa yekun vuran nazir, general-polkovnik Ramil Usubov daxili işlər orqanlarının ötən hesabat dövründəki fəaliyyətinin ümumən müsbət olduğunu, eyni zamanda xidməti fəaliyyətdə hələ də bəzi nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd etmiş, onların aradan qaldırılması yollarını göstərmiş, tapşırıq və tövsiyələrini vermiş, tədbir iştirakçılarının diqqətini ictimai qaydanın qorunması və cinayətkarlıqla mübarizə sahəsində xüsusilə əhəmiyyətli saydığı bir sıra mühüm məqamlara yönəltmişdir. O demişdir ki, idarəçilik və təşkilatçılıq işi günün tələbləri səviyyəsində qurulmalı, nazirlikdən daxil olmuş əmr, göstəriş və kollegiya qərarları, polis sahə inspektorları institutunun təkmilləşdirilməsi məqsədilə yeni qəbul edilmiş normativ-hüquqi aktlar, o cümlədən ?İnzibati sahə haqqında? Əsasnamə, ?Polis sahə məntəqəsi?, ?Hüquq qaydasının təmini üzrə İctimai Şura? haqqında Təlimatlar və digər sənədlər bütün aidiyyəti əməkdaşlar tərəfindən öyrənilməli, onlardan məqbullar qəbul olunmalı, fəaliyyətdə rəhbər tutulmalıdır. Ərazi polis orqanlarının rəhbərləri tərəfindən ailə-məişət zəminində baş vermiş, həmçinin əvvəllər məhkum olunmuşlar tərəfindən törədilmiş təkrar cinayətlərin profilaktikası, inzibati xətalar haqqında qanunvericiliyin həyata keçirilməsi yönümündə fəaliyyətin gücləndirilməsi, bu sahədə məruzədə səslənən ciddi nöqsanların qısa müddətdə aradan qaldırılması məqsədilə təxirəsalınmaz tədbirlər görülməlidir. Xidmətə qəbul zamanı digər zəruri tələblər nəzərə alınmaqla bərabər, informasiya texnologiyaları ilə işləməyi bacaran şəxslərə üstünlük verilməli, ərizə və şikayətlərə peşəkar, səriştəli, vaxtında və obyektiv baxılması və təşəbbüskara dolğun yazılı cavabların verilməsi hər bir orqan rəisinin gündəlik nəzarətində olmalı, orqan və hissələrdə qanunçuluğun möhkəmləndirilməsi, o cümlədən insan hüquq və azadlıqlarına riayət olunması işi ciddi nəzarətdə saxlanılmalı, ayrı-ayrı əməkdaşlar tərəfindən vətəndaşların polisə əsassız gətirilməsi, saxlanılması, əsassız tutma kimi neqativ halların qarşısının alınması, etik davranış qaydalarına riayət olunması yönümündə təsirli ölçülər götürülməlidir. Əməkdaşların peşəkarlığının artırılması, onların cinayətkarlığa qarşı mübarizənin müasir forma və üsullarını mənimsəməsi üçün planlı şəkildə tədbirlər həyata keçirilməli, bu işin səmərəli təşkili məqsədilə dünya təcrübəsindən, beynəlxalq tədbirlərdə qəbul olunmuş qərarlardan, verilən tövsiyələrdən geniş istifadə edilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA