Beynəlxalq Qırmızı Xaç Komitəsi itkin düzən zəxslərlə bağlı məlumat toplayır

img

30-07-2009 [02:49]


Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar itkin düşən şəxslər barəsində ətraflı məlumat toplanılması və mərkəzləşdirilmiş qaydada idarə olunmasına dair milli proqramın birinci mərhələsini başa çatdırıb. BQXK-nın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, itkin düşən şəxslərin ailələri ilə müsahibələr apararaq ətraflı məlumatların toplanması üçün nəzərdə tutulan 1151 sorğu anketi doldurulub. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) iyirmi nəfər xüsusi təlim keçmiş könüllüsü tərəfindən doldurulan sorğu anketləri itkin düşmüş şəxsin zahiri görünüşləri və hansı şəraitdə yoxa çıxmaları haqda geniş məlumatları əhatə edib. Bununla da Azərbaycanda ətraflı məlumatların toplanması prosesinin birinci mərhələsi rəsmi olaraq başa çatıb. Bakı, Sumqayıt və Abşeron rayonunu sakinləri kimi BQXK-da qeydiyyatdan keçən, lakin həmin ünvanlardan artıq köçən 260 nəfər itkin düşmüş şəxsin ailələrini tapmaq hələ mümkün olmayıb. Sonda sorğu anketləri Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına təhvil veriləcək. Bütün toplanılan məlumat mərkəzləşdirilmiş qaydada bir məlumat bazasında saxlanılacaq və gələcəkdə itkin düşmüşlərin taleylərinə aydınlıq gətirilməsində kömək edəcək. Lakin, məlumat toplanılması prosesi hələ yekünlaşmayıb. İndi həmin proses cəbhə xəttinə yaxın yerləşən 18 şəhər və rayonda davam edir və Azərbaycanın qalan 35 şəhər və rayonu qələn il əhatə olunacaq. BQXK ətraflı məlumat toplanılmasını ölkənin bütün bölgələrində 2010-cu ilin sonuna qədər bitirməyi nəzərdə tutur. Qeyd edək ki, BQXK və Dövlət Komissiyası Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar itkin düşmüş şəxslər haqda ətraflı məlumatların toplanması və mərkəzləşdirilmiş qaydada idarə edilməsi haqqında çərçivə sazişi 14 aprel 2008-ci ildə imzalanıb. BQXK məlumat toplanılması prosesinin uğurla başa çatması üçün həmin ailələri BQXK və AzQAC-ın onlara ən yaxın ofisi ilə əlaqə saxlamağa çaxırır. Ətraflı məlumat toplanılması üçün 493 16 38 nömrəli qaynar xətt yaradılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA