Azərbaycanda ?donuz qripi? ilə əlaqədar 500 nəfər müayinə olunub

img

29-07-2009 [01:43]


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə dünyada 160 mindən çox A/H1N1 virusu (?donuz qripi?) ilə xəstələnmə halı qeydə alınıb ki, onlardan da 998-i ölümlə nəticələnib. Səhiyyə Nazirliyinin mətbuat katibi Anar Qədirlinin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, respublikamızda A/H1N1 virusuna qarşı tədbirlər ?Azərbaycan Respublkasında qrip pandemiyasına hazırlıq üzrə Milli Plan?a əsasən həyata keçirilir. Qrip xəstəliyinin diaqnostikası üçün müasir avadanlıqlarla təchiz olunmuş laboratoriya Respublika Taun Əleyhinə Stansiyasında təşkil edilib, laboratoriya mütəxəssisləri beynəlxalq səviyyədə hazırlıq kursları keçiblər. Xəstələrin müalicəsi üçün Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda dünya standartlarına cavab verən mənfi təzyiqli bokslar təşkil edilib. Respublikada qrip xəstəliyinin müalicəsi üçün ÜST tərəfindən tövsiyə olunan ?Oseltamivir? preparatının, digər dərman vasitələrinin və həmçinin dezinfeksiyaedici maddələrin, fərdi qoruyucu vasitələrin ehtiyatı yaradılıb. Bundan başqa sərhəd keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları tərəfindən qrip epidemiyası baş vermiş ölkələrdən gələn insanlar barədə Respublika Sanitariya-Karantin Müfəttişliyinə məlumat verilir və bu şəxslər üzərində tibb müəssisələri tərəfindən müşahidə təmin edilir. Əhalinin maarifləndirilməsi məqsədilə Qırmızı Aypara Cəmiyyəti və Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hazırlanmış xəstəlik barədə təbliğat vərəqələri paylanıb. Dünyada A/H1N1 virus qripinə qarşı epidemioloji vəziyyətin gərginləşməsi ilə əlaqədar bu xəstəliklə bağlı əhaliyə məlumat verilməsi üçün Respublika Taun Əleyhinə Stansiyasında ?qaynar xətt? yaradılıb, (tel: 530 32 13). Respublikaya müvəqqəti gəlmiş şəxslər və tranzit sərnişinlər özlərində qrip əlamətlərini hiss edərsə məsləhət almaq məqsədilə Respublika Sanitariya-Karantin Müfəttişliyində fəaliyyət göstərən 494 05 23 nömrəli telefonla məsləhət ala bilərlər. Bu vaxda qədər A/H1N1 virusunun aşkar olunması məqsədilə Respublika Taun Əleyhinə Stansiyasının laboratoriyasında 500-dən çox müayinə aparılıb. Müayinələrin nəticəsi mənfi olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA