Komitə sədri Fərhad Əliyevlə görüzəcək

img

26-07-2009 [05:43]


[b]Elçin Behbudov həbsdəki keçmiş nazirin səhhəti ilə maraqlanıb, saxlanma şəraitini araşdıracaq [/b] Həbsdə olan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin vəkili Elton Quliyev ədliyyə naziri Fikrət Məmmədova müraciət edib. Müraciətdə sabiq nazirin saxlanma şəraitinin qənaətbəxş olmadığı, son vaxtlar ona qarşı təzyiqlərin artdığı, Fərhad Əliyevin ailə üzvləri ilə görüşünə problemlər yaradıldığı, onun təhlükəli cinayətkarlarla eyni barakda saxlanıldığı barədə ittihamlar yer alıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə Müstəqil İnformasiya Agentliyinə açıqlamasında bu ittihamları rədd edib. Onun sözlərinə görə, vəkilin irəli sürdüyü ittihamlar əsassızdır və Fərhad Əliyevə münasibətdə həbsxanada heç bir ayrıseçkilik tətbiq olunmur: "Onun saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsi ağır cinayətlər törətmiş şəxslər üçün nəzərdə tutulmuş ümumi rejimli cəzaçəkmə müəssisəsidir. Həmin şəxs də ağır cinayətə görə məhkum olunub və onun saxlanma şəraiti digərlərindən heç nəylə fərqlənmir. Həmçinin bu fərq qanunda da nəzərdə tutulmayıb". Qeyd edək ki, artıq hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı sabiq nazirin saxlanıldığı cəzaçəkmə müəssisəinə baş çəkərək, onunla görüşüblər. Amma Səidə Qocamanlı "Reytinq"in əməkdaşı ilə söhbətində bu barədə açıqlama verməkdən imtina etdi. S.Bənənyarlı və N.Cəfəroğlu ilə əlaqə yaratmaq cəhdlərimiz isə baş tutmadı. İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov isə açıqlamasında məlum müraciətlə tanış olduğunu və yaxın vatlarda Fərhad Əliyevlə görüşəcəyini bildirdi. Onun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq, indi məhbusla təklikdə görüşmək üçün Penitensiar Xidmətə müraciət etmək lazımdır: "Əvvəllər istədiyimiz vaxt məhbusla təkbətək görüşə bilirdik. Amma indi fərdi qaydada görüşmək üçün gərək, Penitensiar Xidmətə məktubla müraciət edək. Ona görə də sabiq nazirlə görüşün dəqiq vaxtını söyləməyə çətinlik çəkirəm. Onun vəkili və qardaşı bununla bağlı artıq bizim Komitəyə müraciət ediblər". Elçin Behbudov əvvəllər bir neçə dəfə Fərhad Əliyevlə təklikdə görüşdüyünü də dedi. Onun sözlərinə görə, keçmiş nazir ancaq səhhətindən şikayət edib: "Fərhad Əliyevin səhhətində bəzi problemlər var. Ona görə də görüşlərimizdə səhhətindən şikayət edirdi. Əsasən qan təzyiqinin olduğunu söyləyirdi. Saxlanma şəraitindən demək olar ki, şikayəti olmayıb. Açıq danışsaq, ora sanatoriya yox, həbsxanadır. Amma indi Elton Quliyev mənə müraciət edərək, onun saxlanma şəraitinin yaxşı olmadığını bildirdi". Komitə sədri ən qısa zamanda sabiq nazirlə görüşəcəyini bildirdi: "Yalnız onunla görüşdən sonra bütün qaranlıq məqamlar açılacaq və müraciətdə yer alan ittihamların həqiqətə uyğun olub-olmadığını biləcəyik".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA