ilham Pirməmmədov: ?Beynəlxalq Universitetə tələbə qəbuluna icazə verilməməsi cəzalandırmağın üsullarından biridir?

img

23-07-2009 [03:03]


Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədovun Müstəqil İnformasiya Agentliyinə eksklüziv müsahibəsi [b]- İlham müəllim, bəzi özəl ali məktəblərdə təhsil haqları artırılıb. Özəl ali məktəblərdə təhsil haqlarının artırılması ilə bağlı Tarif Şurasına da müraciət edilməlidir?[/b] - Tarif Şurası özəl ali məktəblərin işinə baxmır. Həmin Şura ancaq dövlət ali məktəbləri ilə bağlı məsələyə baxır. Biz tövsiyə edirik ki, belə məlumatları yayanlar bu barədə məlumatlı olsunlar. Ötən ilin payızında ali məktəblərdə müəllimlərin əmək haqqı nəzərəçarpacaq dərəcədə artırıldı. Hətta deyərdim ki, bəzilərinin maaşı iki dəfəyədək qaldırıldı. Çünki əvvəllər professorlar, dekanlar, kafedra müdirləri 400 manat əmək haqqı alırdılarsa, indi 800 manatdan çox pul alırlar. Amma özəl ali məktəblər öz müəllimlərinin maaşlarını artırmaq üçün maddi bazaya malik deyillər. Ona görə də ölkədə fəaliyyət göstərən özəl ali məktəblərin demək olar ki, hamısı təhsil haqqını qaldırıb. Onlar öz fəaliyyətlərini tənzimləmək üçün bu yola əl atmağa məcbur oldular. Müəllimlərin əksəriyyəti həm özəl, həm də dövlət ali məktəblərində çalışır. Dövlət ali məktəbində yüksək əməkhaqqı alan müəllim əlbəttə ki, özəl universitetdə çalışmaqdan imtina edər. Xatırladım ki, əvvəllər özəl ali məktəblərdə dərs deyən müəllimlər dövlət məktəblərində çalışanlardan daha çox maaş alırdılar. İndi isə əksinədir və müəllimlər özəl ali məktəblərdə işləməyi o qədər də arzulamırlar. Belə olan halda özəl ali məktəbin başqa çıxış yolu qalmır. Əks halda müəssisə fəaliyyətini dayandırmaq məcburiyyətində qala bilər. Təəssüf ki, nə Təhsil Nazirliyi, nə də Tarif Şurası bu məsələyə müdaxilə edə bilmir. Bu gün dövlət təhsil müəssisəsində bir kadr yerinin illik ödənişinin orta qiyməti 800-900 manat olduğu halda, özəl universitetlərdə bu, 1500-3000 manat arasında dəyişir. Əgər valideynlər və tələbələr bundan narazıdırlarsa, özəl ali məktəbləri seçməsinlər. [b]- Dövlət ali məktəblərində bu il təhsil haqqının artırılması gözlənilirmi?[/b] - Təhsil haqqının artırılmasında əsas məqsəd universitetin inkişafına xidmət etməkdir. Təhsil haqqının artırılması prosesi dövlət ali məktəblərində də müşahidə olunur. Bu il də bu cür halların baş verəcəyi istisna deyil. Amma özəl universitetlərdən fərqli olaraq, dövlətin ali təhsil müəssisələrində qiymət artımı az olur. [b]- Bəzi özəl ali məktəblərin bağlanacağı ilə bağlı yayılan məlumatlar barədə nə deyə bilərsiniz?[/b] - Bu, həqiqətə uyğun deyil. Əgər özəl ali təhsil müəssisələri bugünki rəqabətə tab gətirsələr, bu təhlükə aradan sovuşar. Təhsil haqqının qaldırılmasına digər səbəb də bu rəqabətdir. Düşünürəm ki, bir müddətdən sonra elə ali məktəb olacaq ki, ora umümiyyətlə, abituriyent müraciət etməyəcək və həmin məktəb istər-istəməz fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq. Çünki belələrinin verdiyi tədrisin keyfiyyəti ilə aldığı təhsil haqqı arasında böyük fərq var. Təhsilin keyfiyyəti yüksək olsa, əlbəttə ki, ora sənəd verənlərin də sayı çoxalar. Onların çoxu heç bizim müdaxiləmiz olmadan da rəqabətə tab gətirməyib, bir-iki ilə bağlanacaq. [b]- Bir müddət öncə təhsil naziri Misir Mərdanov bildirmişdi ki, Azərbaycan Beynəlxalq Universitetində (ABU) qeyri-qanuni təhsil alan tələbələrin siyahısı hazırlanır və onların təhsilinə xitam veriləcək...[/b] - Oradakı tələbələrin bir çoxunun şəxsi işi qaydasında deyil. Onlar oxuduqları ali məktəblərdən ABU-ya köçürülmə yolu ilə gəliblər. Sənədləri qaydasında olmadığına görə, ötən il də, bu il də Təhsil Nazirliyi onları dövlət imtahanına buraxmayıb. Bu bir xəbərdarlıqdır. Köçürülən tələbələrin heç birinin nazirliyin informasiya bankında adı olmayıb. Ona görə də onlara vaxt verilib ki, şəxsi işlərini qaydaya salsınlar. Belə olan halda onların işinə yenidən baxılacaq və gələcəkdə onlar dövlət imtahanına buraxıla bilərlər. Əvvəlki illərdə Bakı Biznes Universitetində, Kooperasiya Universitetində, Bakı Asiya Universitetində tələbə qəbuluna qadağa qoyulmuşdu. Bu, sadəcə bir xəbərdarlıq idi. [b]- Tələbələr zəhmət çəkib 4 il oxuyublar. Onların imtahana buraxılmaması hüquqlarının pozulması demək deyilmi?[/b] - Tələbənin özü bu işdə günahkardır. Təhsil Nazirliyi dəfələrlə bəyan edib ki, ali məktəblərə qəbul olmağın yeganə yolu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xəttilədir. Əgər valideyn özü bilərəkdən qeyri-qanuni yollarla övladını təhsil müəssisəsinə qəbul etdirirsə, yeganə günahkar onun özüdür. Təbii ki, bu işdə ali məktəblərin də təqsirkar olduğu danılmazdır. Əgər şəxsi sənədləri qaydasına salınmayacaqsa, həmin tələbələrin heç birinə diplom verilməyəcək və bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək. Yadınızdadırsa, bir neçə il öncə ?Müstəqil Azərbaycan? Universitetinin tələbələri də eyni aqibətlə üzləşdilər. Həmin tələbələrin heç birinə diplom verilməmişdi. [b]- Digər ali məktəblərdə də belə araşdırmaların aparılması gözlənilirmi?[/b] - Ümumiyyətlə, ali məktəblərin hamısında belə hallar var. Bu ilin mart-aprel aylarında bununla bağlı araşdırmalar aparılıb. Bu cür hallar aşkarlanıb və həmin tələbələrin sənədləri qaydaya salındıqdan sonra dövlət imtahanına buraxılıblar. [b]- Neqativ halların aşkarlandığı ali təhsil müəssisələrinin rəhbərliklərinin cəzalandırılması gözlənilirmi?[/b] - Bu il Beynəlxalq Universitetə tələbə qəbuluna icazə verilməməsi cəzalandırmağın üsullarından biridir. Eyni hallar gələn il də aşkarlanarsa, adıçəkilən ali məktəb də daxil olmaqla, digərlərinə də belə bir üsul tətbiq olunacaq. Təklif edirəm ki, digərləri bu addımdan nümunə götürüb, bu cür xoşagəlməz hallara yol verməsinlər. [b]- Artıq Bakı Şəhəri üzrə Təhsil İdarəsində bütün paytaxt məktəblərində vahid məktəbli formasına keçilməsi ilə bağlı qərar verilib. Bunun bölgələrdə də tətbiq olunacağı gözlənilirmi?[/b] - Hər məktəbin ayrıca formasının olması bəzi problemlərin yaranmasına səbəb olur. Bu istiqamətdə artıq işlər gedir və bizdə olan məlumatlara görə formaların dizaynı aidiyyatı şirkətlərə təqdim olunub. Yəqin ki, umumi bir seçim olacaq. Hələlik bu, yalnız paytaxt məktəblərinə aiddir. Əgər uğurlu nəticə əldə olunarsa, bölgələrdə də bu qayda tətbiq edilə bilər. [b]Rəbiyyə SÜLEYMAN[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA