Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırdı

img

23-07-2009 [02:15]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Respublikamızın meşələrində, həmçinin meşə fonduna daxil olmayan digər yaşıllıqlarda yanğın təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Yanğın Təhlükəsizliyi Haqqında Qanunun tələblərinə uyğun olaraq hər il qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bəzi fermer və digər torpaq mülkiyyətçilərinin məsuliyyətsizliyi və bir sıra bələdiyyə rəhbərlərinin bu vacib problemə laqeyd münasibəti üzündən yanğın hadisəsi baş verib. 2009-cu il 20 iyul tarixində saat 16:30 radələrində Kürdəmir rayonun Sığırlı kənd sakinlərinin pay torpaqlarında, kövşənlərdə baş vermiş yanğın Sabirabad Meşə Mühafizəsi və Bərpası Müəssisənin Sığırlı meşəbəyiliyinin ərazisinə keçmiş və 4.2 hektar meşə ilə örtülü sahəni əhatə edib. Yanğın Sabirabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizəsi xidməti işçilərinin və yerli əhalinin köməkliyi ilə 21 iyul 2009-cu il saat 01:05 radələrində tamamilə söndürülüb. Yanğın vaxtında və operativ qaydada söndürüldüyündən meşə fonduna ciddi ziyan dəyməyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti və quraq keçməsi ilə əlaqədar əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA