Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkizafının yekunlarına dair iclası keçirilib

img

22-07-2009 [05:32]


Bu gün prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclası keçirilib. İclası giriş nitqi ilə açan Prezident İlham Əliyev bir ilə yaxındır ki, qlobal maliyyə böhranı ilə əlaqədar dünyanın əksər ölkələrində ciddi iqtisadi problemlər yaşandığını xatırladaraq bildirib ki, ölkəmizdə görülən tədbirlər, o cümlədən son illərdə aparılan islahatlar nəticəsində bu böhranın Azərbaycana təsiri minimuma endirilib. Bu ilin birinci yarısında ümumi daxili məhsul (ÜDM) 3,6 faiz artmış, qeyri-neft sektorunda artım 4,1 faiz olub. Bu da onu göstərir ki, ölkəmizin gələcəyi neft amilindən daha az asılıdır. İlin birinci yarısında sosial məsələlərin həlli uğurla davam etmiş, bu sahədə mövcud proqramlar icra olunub. İnflyasiyanın səviyyəsi aşağı düşmüş və son 6 ayda 3,7 faiz olub. Bu dövrdə əhalinin pul gəlirləri 19 faiz, orta aylıq əmək haqqı isə 15 faiz artıb. Dövlətimizin başçısı deyib ki, ilin birinci yarısında Azərbaycanda 35 min yeni iş yeri yaradılıb. Onlardan 25 mini daimidir. Bu dövrdə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının ikinci mərhələsinin icrasına başlanılıb. Sahibkarlığın inkişafı üçün dövlət tərəfindən ayrılan kreditlərin məbləği artırılıb. Azərbaycan enerji təhlükəsizliyi sahəsində də qarşıda duran vəzifələri icra etmiş, neft-qaz hasilatı artıb. İndi Azərbaycan qonşu ölkələrə qaz ixrac edir. Bu il istifadəyə veriləcək Sumqayıt və Quba elektrik stansiyaları Azərbaycanın elektrik enerjisi sahəsində ixrac qabiliyyətini daha da gücləndirəcək. İlin ötən altı ayında nəqliyyat sektorunda da proqramların icra edildiyini bildirən Prezident İlham Əliyev deyib ki, bu, Azərbaycanda nəqliyyat infrastrukturunun yeniləşməsinə xidmət edir. ?Biz son illər ərzində özümüzü gücləndirə bilmişik? - deyən dövlətimizin başçısı ordu quruculuğunun da diqqət mərkəzində olduğunu vurğulayıb. Ötən ay keçirilən genişmiqyaslı hərbi təlimlər məhz bundan xəbər verir. İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların davam etdirildiyini bildirib, bu məsələdə ölkəmizin mövqeyinin birmənalı olduğunu və beynəlxalq hüquqa söykəndiyini bir daha vurğulayıb. Azərbaycanın gələcək inkişaf perspektivlərinin yüksək olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, biz öz işlərimizi planlı şəkildə görürük və belə olan halda, istənilən məsələ öz həllini tapa bilər. İclasda çıxış edən maliyyə naziri Samir Şərifov, kənd təsərrüfatı naziri İsmət Abasov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları barədə məlumat veriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA