Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhaliyə xəbərdarlıq edir

img

21-07-2009 [11:19]


Dünən təqribən saat 13:50 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkında yanğın hadisəsi qeydə alınmışdır. Yanğın Şirvan Milli Parkının Astara-Bakı magistral yolu boyunca təqribən 3 hektar ərazini əhatə edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, baş vermiş yanğın nəticəsində Şirvan Milli Parkının Astara-Bakı magistral yolu boyunca yerləşən ərazisindəki ot örtüyünə və yulğun kollarına ziyan dəyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının, Şirvan Milli Parkının, o cümlədən Salyan rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Salyan və Şirvan rayonlarında fəaliyyət göstərən bölmələrinin səyləri nəticəsində alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınmış, saat 16:30-da isə yanğın tamamilə söndürülüb. Yanğının vaxtında qarşısının alınması nəticəsində Şirvan Milli Parkında məskunlaşmış heyvanat aləminə heç bir zərər dəyməyib. Mütəxəssislərin ilkin mülahizələrinə görə yanğına səbəb Astara-Bakı magistral yolu ilə hərəkət edən avtomobildən atılan söndürülməmiş siqaret kötüyü olmuş, əsən güclü cənub küləyi isə yanğının miqyasının artmasına şərait yaratıb. Hazırda Şirvan Milli Parkına dəymiş maddi ziyanın həcmi müəyyən edilir. Yanğının səbəbləri və təqsirkarlar barədə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən təhqiqat aparılır. Ümumiyyətlə, son bir ay ərzində vətəndaşların ehtiyatsızlığı və ətraf mühitə biganə münasibəti nəticəsində Ələt-Hacıqabul magistral avtomobil yolunun 38-ci kilometrliyinin yeni salınmış meşə əkini sahəsində, Xırdalan Meşə Müəssisəsi və Bərpası Müəssisəsinin (MMBM) ərazisində, Bakı-Quba yolunun 115-ci kilometrliyinin Dəvəçi MMBM-nin və 42-ci kilometrliyinin Giləzi Meşəsalma Müəssisəsinin ərazilərində iri və xırda miqyaslı yanğınlar baş vermişdir. Nəticədə təkcə floraya deyil, həm də insan sağlamlığına xətər toxunub. Bələ ki, bu yanğınlardan birinin qarşısını alan zaman Nazirliyin Meşələrin İnkişafı Departamentinin əməkdaşı Əlzamin Talıbovu zəhərli ilan sancmış və hal-hazırda xəstəxanadadır. Unutmayın ki, xırda bir ehtiyatsızlıq təkcə təbiətimizin məhvinə yönəlmir, həm də oddan yaranan fəsadların aradan qaldırılmasına çalışan insanların həyatını təhlükə altında qoyur. ETSN bir daha əhalini meşə və yaşıllıqlarımızı qoruyub saxlamaq üçün odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və Azərbaycan xalqının milli sərvəti olan meşələrimizi qorumağa çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA