Salyan polisi adam oğurluğunda, rüzvət almaqda və zorakılıq etməkdə ittiham olunur

img

20-07-2009 [02:07]


Salyan rayonu, Ə.Quliyev küçəsi 1 ünvanda yaşayan Məmmədov Səməd İmran oğlu prezident İlham Əliyevə müraciət edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, şikayətçi Salyandakı polis özbaşınalığından bezdiyi üçün ölkə başçısına müraciət etməkdən başqa yolu qalmayıb. Səməd Məmmədovun MİA-ya da göndərdiyi müraciətində deyilir: ?Hörmətli cənab Prezident! Sizi haqq-ədalətin ən böyük müdafiəçisi sandığımdan müraciət edirəm. Mənim 58 yaşım var, 3 uşaq atasıyam. Ağır atletika və boks üzrə idman ustasıyam. 1979-1988-ci illərdə Rusiyanın Leninqrad şəhərində yaşayıb sürücü işləmişəm. Tale elə gətirib ki, həyatımın 15 ilini həbsxanalarda keçirmişəm.Vətənimiz Qarabağ dərdini çəkməyə başlayan kimi dözməyib Azərbaycana qayıtmışam. Uzun müddət könüllülərdən ibarət müdafiə dəstəsinin tərkibində torpaqlarımızın müdafiəsində vuruşmuşam. Sonralar Azərbaycanda qarmaqarışıqlıq düşən zamanlarda da vətəndaşlıq borcumu başa düşdüyüm şəkildə yerinə yetirmişəm. Belə ki, ümummilli liderimiz Heydər Əliyevin çağırışına qoşularaq qonşu Biləsuvar rayonunun İcra Hakimiyyəti binasının separatçı ünsür Ələkram Hümbətovun dəstəsindən azad olunmasında şəxsən iştirak etmişəm. Qiyamçı Sürət Hüseynovun başıpozuq silahlılarına qarşı Salyanda müqavimət təşkil etmişəm. 1989-cu ildən boş qalmış bir ərazidə mal-qara satılan bazar qurmuşam. Başıma xeyli adamı yığıb bir təhər ailəmizi dolandırmışıq. 1998-ci ildə isə Qurban Abbasov adlı çox varlı Salyan sakini bazarın müştərək sahibliyini təklif edib. Mən də əlacsız qalıb razılaşmışam. Fəaliyyətimiz yenə davam edib. Bu yaxınlarda Salyana polis rəisi Fuad Məmmədli təyin olunduqdan sonra isə mənim qara günlərim başlayıb. Bu ilin mayın 25-də 19 yaşlı oğlum Məmmədov Mənsur günün günorta çağı Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən faktiki olaraq oğurlanmışdır. Şöbədə əməliyyat müvəkkili Haqverdi Zeynalov övladımın böyrək nahiyəsinə yumruqla vuraraq, onu özü yazdığı izahata qol çəkdirmişdir. Mənsuru qanunsuz olaraq 2 gün saxladıqdan sonra məndən azad olunması üçün 20.000 manat tələb ediblər. Uzun danışıqdan sonra ev əşyalarımı girov qoyaraq 6000 manat borc pul tapıb polisə rüşvət vermişəm ki, övladımı azad etsinlər. Sonradan başıma gələnlər mənə qarşı qanunsuz və məkirli plan qurulduğundan xəbər verir. Belə ki, bu hadisədən 1 həftə sonra Salyan RPŞ-nın zabiti Oktay Rəhimov 3 maşın polislə birgə bazara gələrək, bir də buralara ayaq basmamağımı tələb edib. Faciəli şəkildə dünyasını dəyişmiş 2 qardaş və bir bacımın övladlarını da mən himayə edirəm. Beləcə, 27 nəfərlik ailə üzvlərim kiminsə tamahı ucbatından gündəlik çörəyə möhtacdır?. Şikayətçi müraciətində onu da qeyd edir ki, adıçıkilən bazarı hal-hazırda polislər idarə edir, hətta rüsumu da polis geyimində toplayırlar: ?Başıma gətirilən haqsızlıqlarla bağlı bir çox qurumlara müraciət etmişəm. Haqlı olduğumu etiraf etsələr də, nəticəsi olmayıb. Sizi özümə ən böyük ümid yeri bilib xahiş edirəm ki, baş verən qanunsuzluqlara hüquqi qiymət verilməsinə göstəriş verəsiniz?. Məlumat üçün bildirək ki, Salyan rayonun hazırkı polis rəisi Fuad Məmmədli nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA