DSMF-in nümayəndə heyəti Almaniyada səfərdə olub

img

20-07-2009 [11:52]


Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndə heyətinin Almaniyaya beşgünlük səfəri başa çatıb. İctimaiyyətlə əlaqələr sektorundan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Fondun aparıcı şöbələrinin müdirləri və mütəxəssislərinin daxil olduqları nümayəndə heyətinin səfəri zamanı Avropada ən nüfuzlu pensiya orqanlarından hesab edilən Almaniya Pensiya Sığortası İdarəsinin büdcəsinin tərkibi və icrasının uçotu, həmçinin sığorta-pensiya sistemində həyata keçirilən islahatlar, aktuar tədqiqatların təşkili sahəsindəki təcrübə kimi məsələlər müzakirə edilib. DSMF təmsilçiləri Almaniya Pensiya Sığortası İdarəsində kontrolinqlə məşğul olan şöbənin fəaliyyəti ilə yaxından tanış olublar. Azərbaycan nümayəndə heyətinə məlumat verilib ki, bu şöbənin işi əsasən büdcədə nəzərdə tutulan xərclər üzrə əldə olunan qənaət məbləğinin təhlilini aparmaqla yanaşı, istər mərkəzi aparat üzrə şöbələrin, istərsə də yerli şöbələrin işini qiymətləndirməklə məşğul olur. Eyni zamanda, sığortaolunanlara və pensiyaçılara müəyyən suallarla sorğuların göndərilməsini təmin edir, həmin sorğular vasitəsilə alınan cavabları ümumiləşdirməklə, həm mərkəzi aparat üzrə şöbələrin, həm də yerli şöbələrin fəaliyyəti dəyərləndirilir. Səfər zamanı aparılan müzakirələrdə Almaniya Pensiya Sığortası İdarəsinin bu sahədə əldə etdiyi müsbət təcrübəni DSMF üzrə tətbiq etməkdən ötrü iki ölkənin pensiya fondları arasında müzakirələrin davam etdirilməsi və qarşılıqlı səfərlərin həyata keçirilməsi barədə razılığa gəlinib. Səfər zamanı aktuar hesablamaların Azərbaycanda tətbiqinin təşkili, bu istiqamətdə araşdırmaların aparılması istiqamətində də fikir mübadiləsi aparılıb. Aktuar tədqiqatların aparılması Azərbaycan iqtisadiyyatı üçün yenilik olsa da, DSMF ilk olaraq bu hesablamaların tətbiqini nəzərdə tutur və bu sahədə Almaniya Pensiya Sığortası İdarəsinin təcrübəsindən yararlanmaq əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Belə ki, Azərbaycanda sığorta-pensiya sistemində həyata keçirilən islahatların növbəti mərhələsini müəyyənləşdirən ?2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı? nda da aktuar hesablamaların tətbiqinə mühüm yer ayrılmışdır. Dövlət Proqramına uyğun olaraq 2009?2015-ci illərdə sığorta-pensiya sisteminin inkişafı sığorta-pensiya sisteminin fəaliyyətinin aktuar modellər əsasında təkmilləşdirilməsi nəzərdə tutulur. Xatırladaq ki, DSMF nümayəndə heyətinin 2007-ci ilin dekabrında Almaniyaya səfəri zamanı Almaniya Pensiya Sığortası İdarəsi ilə Dövlət Sosial Müdafiə Fondu arasında ikitərəfli saziş imzalanıb. İndiyə qədər həm Almaniyada, həm də Azərbaycanda keçirilmiş müxtəlif səviyyəli görüşlər zamanı, sosial sığorta haqlarının toplanmasında işəgötürənlər üzərində nəzarət, sığortaolunanların fərdi uçotu, pensiya təyianatı üzrə qurumların fəaliyyəti, mətbuat və ictimaiyyətlə iş, informasiya təhlükəsizliyi, informasiya texnologiyalarının arxitekturası məsələləri birgə müzakirə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA