Türkiyə Silahlı Qüvvələrinin Quru Qozunları Ali Hərbi Məktəbinə qəbul elan edilib

img

17-07-2009 [12:41]


Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbində Azərbaycan gənclərinin təhsil alması üçün keçirilən müsabiqədə iştirak etmək istəyən şəxslər iyulun 5-dən -22-dək TQDK-nın internet saytında (www.tqdk.gov.az) müvafiq səhifəyə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qəbul elanının tam mətni ilə də həmin səhifədə tanış olmaq olar. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, müsabiqənin birinci mərhələsində namizədlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən I və ya IV qrup üzrə test imtahanı verirlər. Bu mərhələdə həm Azərbaycan, həm də rus bölməsinin abituriyentləri iştirak edə bilərlər. II mərhələdə test imtahanlarından 350-dən yuxarı bal toplayan və qəbul elanında qeyd olunmuş boy, çəki normalarına və digər şərtlərə uyğun gələn namizədlər arasında seçim aparılacaqdır. Müsabiqənin yekunlarına əsasən 10 nəfər namizəd Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə təhsil almağa göndəriləcəklər. Kursantlar təhsili bitirdikdən sonra əlavə olaraq həmin ölkədə 1 il təkmilləşdirmə kursuna cəlb olunacaqlar. Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbini müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaqlar. QEYD: Bu təhsil müəssisəsinə qəbul olmayanlar respublikanın mülki ali məktəblərinin müsabiqəsində iştirak edəcəklər. Məlumat üçün: Türkiyə Respublikasi Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinin əsası (Kara Harp Okulu) 1834-cü ildə İstanbul şəhərində qoyulub. XIX əsrin əvvəllərində elm və texnologiya sahəsində əldə olunmuş nailiyyətlər hərb sənətində də yeniliklərin tətbiq olunmasını tələb edirdi. Bunu nəzərə alan Osmanlı dövləti ordu quruculuğunda ciddi islahatlar aparmaq, o dövr üçün müasir biliklərə malik zabit hazırlığı aparmaq məqsədilə adı çəkilən tədris müəssisəsinin yaradılmasını qərara alıb. 1845 ?ci ilədək hərbi məktəbdə əsasən piyada və süvari zabit hazırlığı aparılıb, 1908-ci ildən isə tədris proqramları genişləndirilərək müəssisə ali hərbi məktəbə çevrilib. 1936-cı ilin sentyabr ayından tədris müəssisəsi paytaxt Ankaraya köçürülüb. 2000-ci il mayın 11-də Türkiyə Böyük Millət Məclisində qəbul edilən ?Hərbi Məktəblər Qanunu? ilə Quru Qoşunları Ali Hərbi Məktəbi universitet statusuna malik ali təhsil müəssisəsi kimi təsdiq olunmuşdur. Hazırda tədris müəssisəsində kursantlara əyani təhsil forması üzrə 4 il müddətində təhsil verilir. Tədris yalnız türk dilində aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA