Dövlət Sosial Müdafiə Fondu növbəti internet sorğusunun nəticələrini açıqlayıb

img

16-07-2009 [02:09]


Dövlət Sosial Müdafiə Fondunun internet saytında keçirilən növbəti interaktiv sorğuda ölkəmizdə həyata keçirilən pensiya islahatlarına münasibət öyrənilib. DSMF ictimaiyyətlə əlaqələr sektorundan Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, Fondun internet saytında (www.sspf.gov.az) keçirilən daha bir interaktiv sorğu yekunlaşıb. Sorğu zamanı respondentlərin ölkəmizdə həyata keçirilən pensiya islahatlarına münasibəti öyrənilib və onlara ?Sizcə, indiyədək həyata keçirilən pensiya islahatlarının başlıca üstünlüyü nədən ibarətdir? sualı ünvanlanıb. Rəyi soruşulanların 27,5 faizi həyata keçirilən islahatların ən üstün cəhəti kimi pensiyların plastik kartlarla ödənilməsini gördüyünü nəzərə çatdırıb. 23,5 faiz isə islahatların ən üstün cəhəti kimi pensiyaların artırılmasını göstərib. Bundan başqa, respondentlərin 17,3 faizi fərdi uçot sisteminə keçidə üstünlük verib. Sorğuda iştirak edənlərin 12,9 faizi islahatların bürokratik əngəllərin aradan qaldırılmasına gətirib çıxardığını vurğulayıb. Respondentlərin 18,8 faizi isə onlara ünvanlanan suala ?bilmirəm? cavabını verməklə kifayətlənib. Sorğunun nəticələri onu vurğulamağa əsas verir ki, respondentlərin ümumilikdə 80 faizindən bir qədər çoxu ölkəmizdə həyata keçirilən pensiya islahatları ilə yaxından maraqlanır. Qeyd edək ki, keçmiş SSRİ dövründən qalmış və müasir dövrün tələblərinə cavab verməyən pensiya münasibətlərində köklü dəyişikliklərin başlanğıcı 2001?2005-ci illəri əhatə edən ?Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası?nın reallaşdırılması ilə qoyulmuşdur. Konsepsiyanın reallaşdırılması ilə sığorta-pensiya sisteminin müasir standartlara uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılmış, vətəndaşların pensiya təminatında sığorta prinsiplərinin tətbiqinə istiqamətlənmiş tədbirlər həyata keçirilmişdir. Sığorta-pensiya və sosial yardım sistemlərinin biri-birindən ayrılması və ödənilən sosial sığorta haqları ilə təyin olunan pensiya məbləğlərinin əlaqələndirilməsi bu tədbirlərin başlıca istiqamətini təşkil edir. 2006-cı ildən etibarən ölkəmizdə yeni, beynəlxalq təcrübədə özünü doğrultmuş üçpilləli struktura (baza, sığorta və yığım hissələrindən ibarət) əsaslanan əmək pensiyaları sistemi fəaliyyətdədir. Həmçinin, bu dövrdə məcburi dövlət sosial sığortası sahəsində idarəetmə, sığortaolunanların fərdi uçotunun təşkili və pensiya təminatı məsələləri vahid pensiya qurumunda cəmləşdirilmiş və bu sahələrin mütərəqqi texnologiyalar əsasında təkmilləşdirilməsi və yenidən qurulması əməli həyata keçirilmişdir. Əmək pensiyalarının plastik kartlarla ödənilməsi sistemi müvəffəqiyyətlə tətbiq edilmişdir. Hazırda isə Azərbaycanda sığorta-pensiya sistemində həyata keçirilən islahatların növbəti mərhələsini müəyyənləşdirən ?2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı? icra olunmaqdadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA