?Orduya pəhlivan kimi oğul göndərdim, onun meytini bizə qaytardılar?

img

15-07-2009 [02:51]


Bu gün Azərbaycan Media Mərkəzində iyulun 4-də Müdafiə Nazirliyinin Bakıdakı N saylı hərbi hissəsində müəmmalı şəkildə həlak olmuş Şəhriyar Əsgərovun atası, Astara şəhər sakini Vaqif Əsgərov mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyi xəbər verir ki, üç oğul, bir qız atası olduğunu deyən Vaqif Əsgərov iki oğlunun ordu sıralarında quluq etdiyini bildirib: ?Növbə üçüncü oğlum Şəhriyara çatanda, onu öz əllərimlə hərbi xidmətə yola saldım. 1990-cı il təvəllüdlü Şəhriyar Əsgərov Badamdar qəsəbəsindəki N saylı hərbi hissədə xidmət edirdi. Tez-tez onunla görüşür, qayğıları ilə maraqlanırdım. Şəhriyarın xidmət etdiyi hərbi hissədə antisanitariya hökm sürürdü. Əsgərlər bit-birədən əziyyət çəkirdilər. Oğlumun dilindən tez-tez köhnə əsgərlərin gənc əsgərləri döyməsilə bağlı şikayətlər eşidirdim. Buna baxmayraq, vətən qarşısındakı borcunu yerinə yetirmək üçün Şəhriyarı dözümlü olmağa çağırırdım?. Vaqif Əsgərov deyib ki, oğlu bu il iyul ayının 2-də aldığı güllə yarasından müəmmalı şəkildə həlak olub: ?İyulun 4-də Şəhriyarın meyitini bizə təhvil verdilər. Dəfn mərasimində Müdafiə Nazirliyinin heç bir nümayəndəsi iştirak etmədi. Oğlumun ölümü ilə bağlı bu günə kimi mənə heç bir izahat verilməyib. Sadəcə, deyirlər ki, Şəhriyar özü-özünü vurub. Niyə? Mən bu suala cavab tapa bilmirəm?. Zərərçəkən deyib ki, oğlu idmançı olmaqla yanaşı, çəkisi 90 kilodan artıq olub: ?Şəhriyar peşəkar güləşçi idi. O, dəfələrlə zona yarışlarında iştirak etmiş, evə fəxri-fərmanlarla, diplomlara dönmüşdü. Orduya pəhlivan kimi oğul göndərmişdim, amma bizə onun meytini qaytardılar. Şəhriyarı 11 gün əvvəl dəfn etmişik, amma nazirlikdən bir nəfər belə, bizə başsağlığı verməyib?. Tədbirdə iştirak edən ?Azərbaycan Ordusu? qəzetinin baş redaktor müavini, mayor İbrahim Rüstəmov isə Şəhriyar Əsgərovun ölümündə şübhəli məqamların axtarılmasının doğru olmadığını deyib. Onun sözlərinə görə, ölümündən bir neçə gün əvvəl Şəhriyar Əsgərov hərbi hissədə fikirli halda dolaşırmış: ?Bir neçə gün öncə Şəhriyarın böyük qardaşı da Astarada özünü öldürməyə cəhd edib. Kəndirin izləri hələ də onun boynunda qalır. Çox güman ki, Şəhriyar da analoyi problemlərdən əziyyət çəkirmiş. Hətta əsgərin xidmət etdiyi hərbi hissənin şəxsi heyətlə iş üzrə rəis müavini, baş leytenant Burcəliyev hadisədən bir həftə əvvəl onunla profilaktik söhbət də aparıb?. Müdafiə Nazirliyi əməkdaşının bu sözləri mətbuat konfransında iştirak edən Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Komitəsinin sədri Ələkbər Məmmədovun kəskin etirazına səbəb olub: ?Müdafiə Nazirliyinin qulağının dibində baş vermiş hadisənin səbəblərini üzə çıxara bilmirsiniz, amma gedib Astarada kiminsə özünü asmasını araşdırırsınız. Əvvlcə zəhmət çəkib Şəhriyar Əsgərovun ölümünə aydınlıq gətirin, sonra onun qardaşının taleyilə məşğul olarsınız?. Müdafiə Nazirliyinin nümayəndəsi MİA əməkdaşının ?Səfər Əbiyevin, onun müavinlərinin, korpus komandirlərinin övladları hərbi xidmətdə olublarmı??,- sualını cavablandırmaqdan imtina edib. ?İnterpolis? qəzetinin müxbiri Esmira Cavadova isə mayor İbrahim Rüstəmovu qanunları pozmaqda günahlandırıb: ?İyulun 2-də həlak olmuş Şəhriyar Əsgərovun ölümü ilə bağlı başlanmış istintaq tədbirləri hələ yekunlaşmayıb. İstintaqın nəticəsini gözləmədən əsgərin özünü öldürdüyünü bəyan etməyiniz onun ruhuna hörmətsizlikdir?. Müdafiə Nazirliyinin əməkdaşı jurnalistlərin ?niyə psixoloji problemləri olan əsgərin əlinə silah verib, onu posta göndərirsiniz??,- sualını cavablandırmağa da çətinlik çəkib. Mayor İbrahim Rüstəmov isə Şəhriyar Əsgərovun xidmət etdiyi hərbi hissədə antisanitariya şəraitinin hökm sürməsi ilə bağlı deyilənlərlə razılaşmayıb: ?Jurnalistlər istəsələr, onların Şəhriyarın xidmət etdiyi hərbi hissəyə səfərini təşkil edə bilərik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA