Əhaliyə mənzəyi məlum olmayan ət satılır

img

14-07-2009 [03:22]


Mövsümlə əlaqədar olaraq ət satışına nəzarət daha da gücləndirilməlidir. Çünki bəzi yerlərdə ətin satışı antisanitar şəraitdə həyata keçirilir ki, bu da isti aylarda daha təhlükəli olur. Hətta bəzən satılan ətin mənşəyi də bilinmir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya şöbəsinin müdiri Ziyəddin Kazımov Müstəqil İnformasiya Agentliyinə açıqlamasında deyib ki, ət satışı ilə bağlı xoşagəlməz hallar aşkarlandıqda sahibkarlara qarşı cərimə sanksiyaları tətbiq olunur: ?Səhiyyə Nazirliyinin 1 saylı qərarına əsasən iri və xırdabuynuzlu heyvanların küçələrdə, meydanlarda, yol kənarlarında kəsilməsi və satışı qadağandır. Əgər belə bir hal aşkarlanarsa, həmin rayonun inzibati orqanları və yerli icra hakimiyyəti tərəfindən birgə reydlər təşkil olunaraq, bunun qarşısının alınması üçün tədbirlər görməlidirlər. Sanitar nəzarətindən keçməmiş ətin satışı qəti qadağandır. Şəhərlərdə və rayonlarda Mərkəzin müvafiq şöbəsinin əməkdaşları tərəfindən reydlər keçirilir. Təbii ki, reydlər zamanı qanunazidd hallar aşkarlanır. Bu cür hallar aşkarlandıqda, sahibkarlara qarşı cərimə sanksiyaları tətbiq olunur və belə halların aradan qaldırılmasına hüquq mühafizə orqanları ilə birgə səy göstərilir. 2005-ci ildə Daxili İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Səhiyyə Nazirliyi birgə tədbirlər planı imzalayıb və həmin tədbirlər planına əsasən müvafiq tədbirlər görülür?. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat rəhbəri Yolçu Xanvəli isə Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Baytarlıq Xidmətinin nəzarətində olan satış məntəqələrində xoşagəlməz halların aşkarlanmasının mümkünsüz olduğunu dedi: ?Amma respublikanın ayrı-ayrı bölgələrində xoşagəlməz hallar müşahidə olunur. Buna qarşı təkcə Baytarlıq Xidməti deyil, digər müvafiq qurumlar da mübarizə aparırlar. Rayonlarda mütəxəssislərimiz fəaliyyət göstərir və onların müfəttişlikləri tərəfindən mütəmadi yoxlamalar keçirilir. Şübhəsiz ki, yoxlamalar zamanı qanun pozuntuları ortaya çıxır. Əsasən sahibkarlar qeydiyyatdan keçmirlər və ya özbaşına yer zəbt edib satışı orada həyata keçirirlər. Bu cür hallar yolverilməzdir və həmin şəxslərə qarşı inzibati xətalar məcəlləsinə əsasən cərimə tətbiq olunur. Lazım gələrsə, həmin müəssisələrin fəaliyyətinə xitam verilir?. Y.Xanvəlinin sözlərinə görə, digər ciddi bir problem mənşəyi məlum olmayan heyvan ətlərinin satışıdır: ?Belə halda məhsul heç bir baytar nəzarətindən keçmir. Təkrar edirəm ki, Baytarlıq Xidmətinin nəzarətində olan məntəqələrdə bu, qeyri-mümkündür. Əsasən belə hallara ayrı-ayrı həyətyanı təsərrüfatlarda, yol kənarlarında rast gəlinir. Belə yerlərdə ətin satışı və alışı qəti qadağandır. Əhaliyə bu cür yerlərdən ət almamağı və ehtiyatlı olmağı tövsiyyə edirik. Çünki belə ətlər xəstəlik mənbəyidir və insan sağlamlığı üçün ciddi təhlükə yaradır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA