Eldar Mahmudov: "Ən ümdə vəzifə borcumuz izğal olunmuz ərazilərimizin azad edilməsidir"

img

13-07-2009 [02:47]


Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Əməliyyat İşçilərinin Hazırlanması Fakültəsinin 1-ci və Sərhəd Qoşunlar fakültəsinin növbəti buraxılışı olub. İlk olaraq Heydər Əliyevin Akademiyanın həyətindəki abidəsi önündə onun xatirəsi anılıb. Sonra meydana döyüş bayrağı gətirilib. Tədbir iştirakçıları Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Daha sonra Azərbaycanın dövlət himni səsləndirilib. Milli təhlükəsizlik naziri Eldar Mahmudov Nazirliyin Heydər Əliyev adına Akademiyasının əməliyyat işçilərinin hazırlanması fakültəsinin 1-ci və Sərhəd Qoşunları fakültəsinin dördüncü buraxılışı münasibətilə məzunları və Akademiyanın professor-müəllim heyətini təbrik edib. O, yaxın vaxtlarda milli təhlükəsizlik orqanlarında və Vətən sərhədlərində hərbi xidmətə başlayacaq gənc zabitlər üçün bu günün əlamətdar olduğunu deyib: "Sərhədlərin və milli maraqların toxunulmazlığı və təhükəsizliyi kimi məsuliyyətli vəzifə yalnız yüksək vətənpərvərlik keyfiyyətlərinə malik şəxslərə etibar oluna bilər. İftixarla demək olar ki, Nazirlikdə, o cümlədən Akademiyada gənclər məhz bu ruhda tərbiyə edilir. Ən ümdə vəzifə borcumuz işğal olunmuş ərazilərimizin azad edilməsidir. Ərazi bütövlüyümüzün təmini istiqamətində bütün imkanların səfərbər edilməsi Azərbaycan Respublikasının prezidenti möhtərəm İlham Əliyev tərəfindən qarşıya qoyulan bir nömrəli vəzifədir". Nazir Eldar Mahmudov bu gün Akademiyanın Sərhəd Fakültəsini 85 nəfər gənc leytenantın bitirdiyini deyib. Onun sözlərinə görə, hazırda Sərhəd Qoşunlarının bütün istiqamətlər üzrə beynəlxalq standartlara uyğun yeni keyfiyyət səviyyəsinə yüksəlməsi son illər prezident, ali baş komandan İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsidir. Əməliyyat işçilərinin hazırlanması fakültəsini ilk bitirən leytenantlara gəlincə, onlar Azərbaycanın öz imkanları hesabına əməliyyat hazırlığı üzrə ali təhsil alan ilk məzunlarıdır. Qeyd edək ki, bu təhsili əvvəllər keçmiş Sovet İttifaqının Moskva və Leninqrad kimi şəhərlərində almaq mümkün idi. Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev gənc zabitləri təbrik edib. Akademiyanın rəisi Ziya Yusifzadə isə çıxışında bu il Akademiyanın hər iki fakültə üzrə 31 zabitin fərqlənmə diplomu ilə bitirdiyini deyib. O, Akademiyada yaradılan şəraitin yüksək səviyyəli kadrların hazırlanmasına xidmət etdiyini vurğulayıb. Mərasimdən sonra Akademiyanı fərqlənmə ilə bitirən məzunlara diplomlar təqdim edilib. Daha sonra Akademiyanın zabit və kursantları orkestrin müşayiəti ilə hərbi marşla tribunanın önündən keçiblər. Akademiyanın Şöhrət muzeyində milli təhlükəsizlik naziri Eldar Mahmudov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev bu təhsil ocağını fərqlənmə ilə bitirən zabitlərə hədiyyələr veriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA