ETSN əhalini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır

img

13-07-2009 [11:44]


09 iyulda saat 13:45 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin 1 saylı Yaşıllaşdırma Müəssisəsi tərəfindən 2008-ci ildə Ələt-Hacıqabul magistral avtomobil yolunun 38-ci kilometrliyində salınmış meşə əkini sahəsində yanğın hadisəsi baş verib. Yanğın 0,68 hektara yaxın ərazini əhatə edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, baş vermiş meşə yanğını aşağı növlü, orta intensivlikli olmaqla, sahədəki ot örtüyü və tinglərin 10 faizinin inkişafdan qalma dərəcədə yanmasına səbəb olmuş, həmçinin ərazinin suvarılması üçün quraşdırılmış suvarma şəbəkəsinə daxil olan nazik ölçülü boruların bir hissəsinə ciddi ziyan vurub. Yanğın qısa müddət ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumlarının əməkdaşları, habelə hadisə yerinə gəlib Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları, həmçinin Hacıqabul rayon İcra hakimiyyəti rəhbərliyinin operativ səyləri nəticəsində söndürülüb . Eyni zamanda 2009-cu il 10 iyul tarixində təxminən gecə saat 2:30 radələrində Dəvəçi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin xidməti ərazisinə daxil olan Bakı-Quba yolunun 10-cu kilometrliyində naməlum səbəbdən quru otlara od düşməsi nəticəsində daha bir yanğın hadisəsi baş vermiş və alov meşə fondu torpaqlarına keçib. Nəticədə 3 hektara yaxın ərazidə ot örtüyü yanıb. Dəvəçi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları və əhalinin səyləri nəticəsində alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb. Nazirliyin Meşələrin İnkişafı Departamenti tərəfindən aparılmış ilkin araşdırmalara görə yanğınlara səbəb avtomobildən atılan söndürülməmiş siqaret kötüyü olub. Yanğınların başvermə səbəblərinin araşdırılması məqsədilə müvafiq komissiya yaradılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə və yaşıllıqlarımızı qoruyub saxlamaq üçün əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və Azərbaycan xalqının milli sərvəti olan meşələrimizi qorumağa çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA