12-07-2009 [05:43]
Müharibə dövründə, yəni 1992-ci ilin əvvəlindən 95-ci ilin sonuna qədər Azərbaycanın Müdafiə Nazirliyində müxtəlif yüksək vəzifələrdə çalışdığını, xüsusi tapşırıqlar yerinə yetirdiyini deyən polkovnik, hazırda Norveçdəki Güney-Quzey Azərbaycan Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Norveç-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yadigar Zəkəriyyə Azərbaycanla Ermənistan arasındakı atəşkəs müqaviləsindən sonra silahlı qüvvələrdə rüşvət və korrupsiya faktlarının artması ilə əlaqədar 1995-ci ilin oktyabr ayında ordu sistemindən istefa verdiyi bildirir. Görəsən, onun özünə də rüşvət təklif ediblərmi?
- Demək olar ki, mənə də belə "etimad" göstərmişdilər; al və ver, qoşul bizə, bizdən ol. O arada nazir Məmmədrəfi Məmmədovun getməsi, Səfər Əbiyevin gəlməsi ilə vəziyyət dəyişmədi.
Bilirsiz, neçə il idi bu yoldaydım, dostlarımı, yoldaşlarımı itirmişdim bu yolda. Torpaqlarımız işğal edilmiş, müharibə uduzulmuşdu. Əqidəmə görə, Silahlı Qüvvələrimizi göz bəbəyimiz kimi qorumalıydıq. Buranın da rüşvət və korrupsiya ilə murdarlanmasına dözə bilmədim. Bəzi kəskin ifadələr işlətdim və sonda istefa verdim.
[b]- Amma nədənsə hazırda belə addım atanlara rast gəlinmir... [/b]
- Sovet dövrüylə müqayisədə indiki məmurların düşüncə tərzi dəyişməyib. Açığı, mən onlardan ayrı bir həyat tərzi ummuram da. Əgər bir şəxs müstəqillik xiffəti, dərdi, ağrı-acısı çəkməyibsə, o, müstəqilliyin qədrini hardan biləcək? Amma bunun üçün vuruşub, qan tökən, şikəst olan adamlarımız var idi. Bu günkü iqtidar kadr siyasətində belələrinə istinad etməliydi, amma etmədi.
Mən isə istefa verməyimlə ləyaqətimi qorudum. Onu da bildirim ki, mənim müharibədən əvvəl biznesim vardı və onu bərpa edib, işə başladım. Onu da bildirim ki, mən, müharibəyə imkanlı adam kimi getmişəm, başqalarından fərqli olaraq, orada pul xərcləmişəm. Amma miqdarını soruşmayın.
[b]- Nəyə görə? [/b]
- Çünki deməyəcəm. Müdafiə Nazirliyində işlədiyim müddətdə böyük məbləğdə pul xərcləmişəm.
[b]- Xərclədiyiniz pullara görə peşiman deyilsiniz ki? [/b]
- Adamlar vardı, vətən yolunda canlarını qoydular, vuruşdular, girov düşdülər, həlak oldular. Mən isə sağ qaldım, gedən sadəcə, pulum oldu. Sağ-salamatamsa, Allahımdan razı olmalıyam. Amma bir şeyə görə peşimanam.
[b]- Nəyə görə peşimansınız? [/b]
- Müharibəni uduzdurdular bizə. Bu, vətənpərvər insanlar üçün ağır dərddir.
[b]- Sənətçi Araz Elsəs "Reytinq"ə müsahibəsində Azərbaycanda millət sevgisinin azaldığını bildirmişdi. Bu barədə Siz nə düşünürsünüz? [/b]
- Azərbaycan son 20 ilə yaxın bir dövr ərzində inkişaf etmək əvəzinə, bəlkə 200 il geri düşüb, yalan, yaltaqlıq, rüşvət və korrupsiya arasında itib-batan məmləkətə çevrilir. Sovet rejimi dağılan kimi əsl bolşeviklərin genetik və mənəvi törəmələri demokratikləşmənin verdiyi imkanlardan ilk faydalananlar oldular. Belə olacağı barədə mən zamanında, yəni 1991-ci ilin ortalarında İsa Qəmbərə və mərhum Əbülfəz Elçibəyə yazılı mülahizələrimi təqdim etmişdim.
[b]- Məktubun qısa məzmunu nədən ibarət idi? [/b]
- Yazmışdım ki, indi demokratiya vaxtı deyil. AXC-ni siyasi partiyalara parçalamaq ölkədə hakimiyyət uğrunda mübarizəni labüd edəcək. Vəziyyətdən faydalananlar isə, bizdən daha yaxşı təşkilatlanmış olan bolşevizmin, Sovet sisteminin törəmələri olacaqlar. Biz AXC-nin gücünü dövlətimizin atributlarını yaratmağa, onları möhkəmlətməyə, qarşıdan amansızcasına gələn müharibədə qələbəyə yönəltməliyik. Amma məni başa düşmədilər. Onlar heç müharibənin böyüyəcəyinə də inanmırdılar. Hər ikisi bir-birinin sözünü kəsə-kəsə məni inandırmağa çalışdılar ki, müharibə-filan olmayacaq. "Müharibə Ayaz Mütəllibovla Moskvanın birgə qurduğu oyundur, biz hakimiyyətə gələn kimi, hər şey bitəcək",- dedilər. Anladım ki, bunlarla danışmağın faydası yoxdur. Müharibəni udmaq, ölkəni möhkəmləndirmək, qanunvericiliyi kökündən dəyişdirmək və s. kimi görüləcək işlər var idi. Ona görə də Müdafiə Nazirliyində işləmək təklifi alanda razılaşdım. Təvazökarlıqdan uzaq kimi görünməsin, mən onda bu günü görürdüm. Bilirdim ki, hara gedirik, bolşevizmin axırı hara dirənəcək. Hesab etmirəm ki, bolşevimzmə qalib gəlmişik. Yox, bolşevizim bu gün Azərbaycanda ideyasız formada davam edir.
[b]- Dünya Azərbaycanlıları Konqresi (DAK) ilə əlaqələriniz varmı? [/b]
- Əlbəttə. Bir xeyli əməkdaşlığımız olub. DAK indi parçalanıb. Mən onların heç birini ayrı-ayrılıqda ciddi qəbul etmirəm.
[b]- Norveçdə yaşayan azərbaycanlılar bu parçalanmaya necə baxırlar? [/b]
- Təəssüf edirlər. Hamı deyir DAK birləşməlidir. Mən və mənim kimi çoxları vahid DAK-la əməkdaşlıq etməyə hazırdır. Amma birləşməyin öz üsulu var. Birləşmək kimlərinsə kimlərəsə birləşməsi anlamına gələ bilməz, birləşmək istəyən birlik naminə bir qolunu verməyə hazır olmalıdır.
[b]- Diaspor təşkilatlarında da parçalanma varmı? [/b]
- Hələlik, diaspor təşkilatlarının demək olar ki hamısı mövcud Azərbaycan dövlətçiliyinin təbliği, dövlətin maraqları naminə işləyir. Buradan kənara çıxdıqda isə ölkənin əleyhinə olan fəaliyyəti şiddətlə qınayırıq. Orada hamı birləşib. Dövlətlə əl-ələ verib, Qarabağ problemini həll etməyə çalışırıq.
[b]- Avropa Azərbaycanlıları Konqresi (AAK) ətrafında birləşənlər çoxdurmu?[/b]
- Avropada olan bütün diaspora təşkilatları orada birləşib. Bu təşkilatın ciddi bir fəaliyyəti olduğunu deyə bilmərəm. Ayrı-ayrı diaspora təşkilatlarının fəaliyyəti AAK-ın fəaliyyət göstəricisi kimi qələmə verilməkdədir.
[b]- Ümumiyyətlə, kimlərisə baş verənlərə inandıra bilirsinizmi? [/b]
- Əlbəttə. Məsələn, Norveçin 10-12 millət vəkilini və bir qrup alimi Bakıya gətirmək istəyirdim. Bunun üçün müəyyən məbləğdə xərcim də çıxdı. Onları Qubada tapılmış məzarlığa aparmaq, arxivlərimizdəki rəsmi sənədlərlə, digər sənədli materiallarla tanış etmək istəyirdim. Amma Diasporlarla İş üzrə Dövlət Komitəsi imkan vermədi ki, bu səfəri reallaşdırım.
[b]- Norveçdən baxanda Azərbaycandakı ictimai-siyasi həyat necə görünür? [/b]
- Bir norveçlinin baxışı ilə azərbaycanlının baxışı arasında fərq var. Onlar Azərbaycandakı rüşvət və korrupsiyanın həddinə təəccüb etdiyi halda, bu, mənim üçün təəccüblü deyil. Azərbaycanda geniş vüsət almış ağa-nökər psixologiyasına da münasibətlər fərqlidir. Norveçli isə bu psixoloji durumu bizlər üçün xarakterik sayır.
Rayonların sosial iqtisadi inkişafı proqramı adı altında bölgələr ayrı-ayrı məmurlar arasında bölüşdürülüb. Onlar özlərini həmin rayonların balaca padşahları kimi aparırlar. Haranı istəsələr mənimsəyirlər, çox vaxt isə hazıra-nazir olurlar. Yəni belə adamlar rayonların sosial-iqtisadi inkişafına xidmət eləmir, ciblərini doldurmaqla məşğuldurlar. Bu duruma çoxları seyrçi qalır. Azərbaycandakı partiya liderləri isə çoxdan tükəniblər. Xalq onlara inanmır. Azərbaycanın bu günə düşməsində rolu olan ilk 5 nəfərin biri dünyasını dəyişib, 4-ü isə sağdır. Əgər onların şərəfi olsaydı, xalqı bu günə qoymazdılar.
[b]- Kimləri nəzərdə tutursunuz? [/b]
- İsa Qəmbəri, Pənah Hüseyni, Rəhim Qazıyevi, Etibar Məmmədovu. Onların hər birinin ölkənin bu vəziyyətə düşməsində böyük məsuliyyəti var.
Dövlətə rəhbərlik etmək məsuliyyətini üzərinə götürmüş şəxslərin səhv etməyə haqqı yoxdur. Ən azından ona görə ki, səhv etməməsi üçün hər cür imkanı var.
O zaman Pənah bəy bu ölkənin baş naziri idi. Çox şeylər edə bilərdi. Yəni gəmiyə kapitanlıq edirdisə, oradakıları sahilə çatdırmalıydı. Bacarmırdısa, sükan arxasına niyə keçirdi? İflas etdi, bəs indi niyə çəkilmir geri? Bəlkə elə bilir öz hünərinə millət vəkili seçilib? Ona görə oradadır ki, çox-çox təhlükəsizdir rejim üçün!
[b]- Sizin Avropada yaşayan soydaşımız kimi dövlətdən istəyiniz nədir? [/b]
- Rüşvətin, korrupsiyanın qarşısını alsın. Dövlət büdcəsi 15-16 milyon dollar civarındadır. Halbuki rüşvət və korrupsiya olmasa, büdcə bu rəqəmdən 5 dəfə artıq ola bilər. Bu pul isə xalqın rifahının yaxşılaşdırılmasına xərclənməlidir.