Azərbaycanda ali təhsil böhran dövrünü yazayır

img

12-07-2009 [04:31]


[b]Ölkəmizdə təhsilə görə alınan məbləğ verilən təhsilə adekvat deyil[/b] Artıq 2008-2009-cu tədris ili başa çatdı. Orta ümumtəhsil məktəblərini bitirən və attestat almağı bacaran məzunlar ali məktəblərə imtahan verirlər. Ötən həftə 3-cü, bu gün isə 1-ci ixtisas qrupunu seçənlər biliklərini sınayırlar. İmtahanlardan müsbət nəticə əldə edənlər ali təhsil ocaqlarına üz tutacaqlar. Amma tələbə adını qazananlar növbəti problemlə üzləşəcəklər. Bu da Azərbaycanın ali təhsil məktəblərinin yerlərin ödənişli bölmələrinin çoxluq təşkil etməsi və təhsil haqqının reallıqdan qat-qat çox olması ilə bağlıdır. Bunun üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2009-2010-cu tədris ili üçün ali məktəblərə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanının dərc olunduğu "Abituriyent" jurnalında ayrı-ayrı universitetlərin təhsil haqlarının məbləğinə nəzər yetirmək də kifayət edir. Bəs görəsən, ali məktəblərdə təhsil haqqı hər bir Azərbaycan vətəndaşının cibinə uyğundurmu? [b]Ödənişsiz təhsil get-gedə azalır[/b] Mövzu ilə bağlı fikirlərini bölüşən "XXI Əsr" Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev də deyib ki, Azərbaycanda təhsil haqqı məsələsi çox ciddi problemlər yaradır. Onun sözlərinə görə, əslində Azərbaycan kimi ölkələrdə təhsil pulsuz olmalıdır. E.Əliyev bunu bir neçə səbəblərlə əlaqələndirib: "Azərbaycan neft ölkəsidir və rəsmilərin söylədiklərinə görə, ümumdaxili məhsulun səviyyəsinə görə ölkədə analoqu olmayan inkişaf var. Əgər belə bir inkişaf varsa, bir sıra Avropa ölkələri - Almaniya, Finlandiya kimi Azərbaycanda da təhsil pulsuz olmalıdır. Təbii ki, söhbət dövlət təhsil ocaqlarından gedir. Amma çox təəssüflər olsun ki, ödənişsiz qəbul get-gedə azalır, ödənişli qəbul artır. Məsələ ondadır ki, bunu heç nə ilə də izah etmirlər. Əslində bu, Azərbaycan vətəndaşlarının cibinə girməkdir. Bu gün Azərbaycanda əhalinin xeyli hissəsi yoxsuldur və əksəriyyəti istəyir ki, onun övladı pulsuz təhsil alsın. Amma təəssüf ki, bu belə olmur. Təsəvvür edin, hüquqşünaslıq fakültəsində 60 yer ödənişsizdir, 140 yer ödənişlidir. Xarici Dillər Universitetində ingilis dili müəllimliyi ixtisasında 90 yer ödənişsiz, 245 yer ödənişlidir. Mən bunu ali təhsildə baş verən xaos kimi qiymətləndirirəm. Başqa tərəfdən, təhsil naziri qeyd edir ki, Tarif Şurasının qərarı olmadan heç kim təhsil haqlarını qaldıra bilməz. Amma buna fikir verən yoxdur. Belə çıxır ki, ali məktəblər təhsil nazirini eşitmir. Tarif Şurası təhsil haqqını qaldırmadığı halda, jurnallara baxırıq ki, ali məktəblər təhsil haqqını bir neçə dəfə artırıblar". [b]Ali məktəblər təhsil hüquqlarını pozur [/b] Azərbaycandakı ali təhsilin kefiyyətinin çox aşağı olduğunu nəzərə çatdıran E.Əliyevin sözlərinə görə, bu təhsilin səviyyəsinə müvafiq təhsil haqqı 1000 manatı ötməməlidir. Müsahibimiz bu fikirlərini belə əsaslandırıb: "Çünki bizim ali məktəblərin heç biri daxili və xarici akkreditasiyadan keçməyiblər. Ali məktəblərimizdə çox ciddi müəllim problemi var. Ali məktəblərin ifrastrukturları çox aşağı səviyyədə formalaşıb, kitabxana təminatı çox aşağıdır. Hətta bəzi ali məktəblərdə idman meydançaları, tələbələrin asudə vaxtlarını səmərəli keçirmək üçün heç bir yer yoxdur. Belə bir vəziyyətdə təhsil haqqını qaldırmaq, vətəndaşların təhsil hüquqlarını kobud şəkildə pozmaqdır. BMT-nin insan haqları haqqında bəyannaməsində də deyilir ki, təhsil pulsuz olmalıdır ki, hamı üçün əlçatan olsun. Azərbaycanda isə təhsil get-gedə pullulaşır. Bununla da vətəndaşlar üçün təhsil almaq imkanı xeyli dərəcədə azalır. Başqa bir məsələ, ali məktəblər heç bir dünya təcrübəsinə istinad etmirlər. Əslində onlar tələbələrə kredit verməlidirlər. Ailələrdən arayış tələb olunmalıdır ki, bu təhsil haqqını ödəməyə onların imkanı çatırmı. Tutaq ki, hər iki valideynin illik əmək haqqı 3500 manatı ötmürsə, ya ona kredit verilməlidir, ya da təhsil haqqı yarı bölünməlidir. Axı dünya praktikası var. Çox təəssüflər olsun ki, bu gün bizim bəzi ali təhsil məktəblərinin rəhbərləri geyimlərində, davranışlarında özlərini Avropa insanlarına bənzətsələr də, feodal təfəkkürlüdürlər. Bütün bunlar Azərbaycan vətəndaşına çox böyük zərbə vurur. Özəl, yaxud dövlət ali məktəbində övladını ödənişli oxudan valideyn övladı məzun olana qədər talanır. Ən acınacaqlısı odur ki, Azərbaycanda təhsilə qoyulan investisiya sonradan heç bir nəticə vermir, gəlir gətirmir". Ekspertin fikrincə, dövlət bu sahəyə ciddi yanaşmalı və lazım gələndə müdaxilə etməlidir. Onun sözlərinə görə, təhsil haqqını hər il istədiyi kimi qaldıran universitet rəhbərlərinə dövlət "dayan!" deməlidir. Etibar bəy deyib ki, artıq təhsil sahəsində bütün qanunsuzluqlar edilib: "Bircə qalıb onu desinlər ki, Azərbaycanda ali təhsil tamamiylə pulludur. Bunun açıq şəkildə bəyan etməsələr də, proses bu istiqamətə gedir. Bütün ali məktəblərdə ödənişli yerlər, ödənişsizlərdən ən azı iki-üç dəfə çoxdur". [b]"Təhsil haqqında" Qanunda boşluqlar var [/b] Qeyd edək ki, Milli Məclisdə "Təhsil haqqında" Qanun qəbul olunarkən, bununla bağlı ciddi tənqidi fikirlər səslənmədi. "XXI Əsr" Təhsil Mərkəzinin rəhbəri bunun çox ciddi məsələ olduğunu qeyd edərək, bildirib ki, əslində qanunda müəyyən müddəalar nəzərdə tutulmalıydı: "Biz QHT-lər olaraq, deyirdik ki, bu məsələ qanunda öz əksini tapmalıdır ki, ali məktəblərdə ödənişli təhsil neçə faizi təşkil etməlidir. Vətəndaşın ali təhsilə ödədiyi məbləğ onun yüksək təhsil almağına xidmət etməlidir. Bu, hansısa rektorun oliqarx olmasına şərait yaratmamalıdır. Təəssüflər olsun ki, "Təhsil haqqında" Qanunda bu maddə öz əksini tapmadı. Bəli, dövlət vətəndaşı pulsuz icbari təhsillə təmin edir, bəs sonra? Bundan əlavə, qanunda vətəndaşı təmin edə biləcək sosial müdafiə haqqında maddələr öz əksini tapmayıb. Universitet rəhbərləri xarici ölkələrdə olurlar, heç olmasa, oradakı mexanizmi burada tətbiq etsinlər. Amma bu təcrübələri görə-görə universitetlərdə sovet təhsil sistemindən də daha avtoritar bir təhsil sistemi yaradırlar. Bunun adı ali təhsil ola bilməz. Bütün bunlar təhsil almaq istəyən insanlarımızı pessimizmə yuvarlayır. Ona görə də hesab edirəm ki, ali təhsil özünün böhran dövrünü yaşayır və çox ciddi tədbirlər görülməlidir". Nəzərinizə çatdıraq ki, TQDK-nın 2009-2010-cu tədris ili üçün ali məktəblərə tələbə qəbulu ilə bağlı "Abituriyent" jurnalında ali məktəblərin (illik) ödənişli ixtisaslarının universitetlər üzrə ümumiləşdirilmiş siyahısı aşağıdakı kimidir: [b]Dövlət ali məktəbləri[/b] Bakı Dövlət Universiteti - 650 - 1700 manat Azərbaycan Dövlət ?eft Akademiyası - 500 - 1200 Azərbaycan Texniki Universiteti - 600 - 900 Azərbaycan Memarlıq və İnşaat Universiteti - 600 - 800 Azərbaycan Dövlət İqtisad Universiteti - 700 - 1500 Milli Aviasiya Akademiyası - 320 - 686 ?axçıvan Dövlət Universiteti - 600 - 700 Azərbaycan Müəllimlər İnstitutu - 450 - 650 Gəncə Dövlət Universiteti - 700 - 1000 Sumqayıt Dövlət Universiteti - 900 - 1200 Lənkəran Dövlət Universiteti - 600 - 700 manat. [b]Özəl ali məktəblər [/b] Xəzər Universiteti - 3000 - 3500 manat Qafqaz Universiteti - 2000 - 4000 "Azərbaycan" Universiteti - 2500 - 3500 Elm və təhsil Mərkəzi "Təfəkkür" Universiteti - 1500 - 1700 Bakı Avrasiya Universiteti - 2000 - 3000 Azərbaycan İctimai-Siyasi Universiteti - 2000 - 2500 Bakı "Asiya" Universiteti - 2800 manat Qeyd edək ki, TQDK-nın 2009-2010-cu tədris ili üçün ali məktəblərə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanının dərc olunduğu "Abituriyent" jurnalında Qərb Universitetinin ixtisaslarının qarşısında təhsil haqqının məbləği göstərilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA