Arif Qarazovun əmlakı barədə arazdırma aparılır

img

12-07-2009 [04:10]


[b]Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisinə yaxın şirkətlər haqqında da məlumatlar toplanır [/b] Prezident İlham Əliyevin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin strukturu və tabeliyində olan qurumların əsasnaməsini təsdiq etdikdən sonra, komitə sədri Kərəm Həsənov tabeliyinə verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşovla yollarını ayırdı. Artıq sözügedən xidmətə rəhbərliyi Dövlət İqtisad Universitetinin sabiq prorektoru Damət Bağırov edir. Bu isə "Reytinq"in 28 iyun tarixli sayında dərc olunmuş yazıda yer almış faktların tam təsdiqləndiyindən xəbər verir. Xatırladaq ki, həmin yazıda Prezidentin təsdiq etdiyi yeni komitənin əsasnaməsi təhlil edilərək, qeyd olunub ki, Arif Qaraşovun vəzifə taleyi tamamilə Kərəm Həsənovun ixtiyarına buraxılıb. Bütün bunları əks etdirən müddəa isə əsasnamənin "Xidmətin fəaliyyətinin təşkili" bölümündəki 12-ci bəndində açıq yazılıb: "Xidmətə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən rəis rəhbərlik edir". Son durumla bağlı "Reytinq"ə bilgi verən mötəbər mənbənin sözlərinə görə, Kərəm Həsənov uzun illər aralarında soyuq münasibətlər olmuş Arif Qaraşovun vəzifəsinə yenidən qayıtmasına imkan verməsə də, ondan asanlıqla əl çəkmək niyyətində deyil: "Hazırda xidmətin ayrı-ayrı ərazi idarələrində Arif Qaraşova sədaqətli olan vəzifəli şəxslər Kərəm Həsənovun adamları ilə əvəzlənir. Buna paralel olaraq, ərazi idarələrində ciddi təftiş prosesləri davam etdirilir. Bəzi mətbu orqanlarında qeyd edilir ki, ərazi idarələrində aparılan yoxlamalarda ən kiçik nöqsanları belə, böyütməyə çalışaraq, təqsiri Arif Qaraşovun üzərinə yönəltmək istəyirlər. Bu və ya digər faktlar isə onu göstərir ki, Kərəm Həsənov Arif Qaraşovla əvvəlki haqq-hesabını çəkmək istəyir". Müsahibimizin sözlərinə görə, Arif Qaraşovun belə bir durumla üzləşməsində hakimiyyətdə olan bəzi qruplar da maraqlıdır: "Həmin qrup Kərəm Həsənova Arif Qaraşova yönəlik hər bir məsələdə dəstək verir. Buna paralel olaraq, Arif Qaraşov və onun yaxınlarına məxsus olan əmlakların araşdırılması prosesi də gedir. Artıq Qaraşova bağlı olan tikinti şirkətlərinin də nəzarətə götürülməsi barədə xəbərlər var. Bəzi məlumatlara görə, Bakıda ən böyük tikinti şirkətlərindən sayılan, paytaxtla yanaşı, Gürcüstan və Qazaxıstanda yüksəkmərtəbəli yaşayış binaları inşa edən "Kaspian Servis" Şirkətinin fəaliyyəti də diqqətə alınmaqdadır. Hadisələrin belə axarı isə Arif Qaraşova müsbət sonluqlar vəd etmir". Müsahibimiz iddia edir ki, əgər Arif Qaraşov "müəyyən manevr"lər edib, bu təqibdən yaxa qurtara bilməsə, daha böyük çətinliklərlə üzləşəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA