Dünya əhalisinin sayı 9 milyardı keçəcək

img

11-07-2009 [03:51]


Bu gün Ümumdünya Əhali günüdür. Ümumdunya Əhali gününün qeyd edilməsində əsas məqsəd insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır. BMT-nin statistikasına görə, hazırda dünyada 6,8 milyarddan çox insan yaşayır. İndiki doğum səviyyəsi davam etsə, Yer kürəsində insanlar hər il 33 milyon nəfər artaraq 2050-ci ildə 9,1 milyard nəfərə çatacaq. Bu gün dünyada əhalinin say artımına görə, Asiya, Afrika və Latın Amerikası irəlidədir. Dünya əhalisinin artması qarşıdakı onilliklərdə demoqrafik, iqtisadi, sosial və ekoloji problemlərin aktual olacağından xəbər verir. BMT Əhali Fondunun proqnozlarına görə, 2010-2050-ci illərdə 45 ölkədə əhalinin azalacaq. Bu ölkələrin sırasına Yaponiya, İtaliya, Cənubi Koreya, Kuba, Rusiya, Belorus, Gürcüstan, Almaniya, Macarıstan, Litva, Moldova, Ukrayna da var. 2050-ci ilə qədər onların əhalisinin azı 10% azalacağı gözlənir. 2050-ci ildə dünya əhalisinin yarısının 9 ölkədə yaşayacağı gözlənir. Bunlar Hindistan, Pakistan, Nigeriya, Efiopiya, ABŞ, Konqo, Tanzaniya, Çin və Banqladeşdir. 2050-ci ilə qədər dünya üzrə əhalinin orta yaşı 29-dan 38-ə qalxacaq. İndi Avropada əhalinin orta yaşı 40-dır, 2050-ci ildə isə 47 olacaq. Dünya üzrə ömür uzunluğu indi 68 ildir. 2045-2050-ci illərdə isə bu 76 ilə çatacaq. İnkişaf etmiş ölkələrdə orta ömür uzunluğu bu müddətdə 77-dən 83 ilə çatacaq. Az inkişaf etmiş ölkələrdə də orta ömür uzunluğu 66-dan 74 ilə çatacaq. BMT 2050-ci ildə Azərbaycan əhalisinin sayının 10 milyon 579 min nəfərə çatacağını proqnozlaşdırır. Azərbaycan Respublikasında əhalinin sayı ildən-ilə artır və bu artım normal qaydada gedir. Buna görə də ekspertlər yaxın onilliklərdə ölkəmizdə demoqrafiq problemlərin olacağını proqnozlaşdırmırlar. Dövlət Statistika Komitəsindən Müstəqil İnformasiya agentliyinə verilən məlumata görə, ölkəmizdə əhalinin sayı 8 milyon 800 min nəfərdən çoxdur. Azərbaycanda əhalinin sayı hər il 90 min, gündə isə 400 nəfərədək artır. Əhalinin orta yaşı 31, doğulanda gözlənilən ömür uzunluğu isə 72,4 yaş, o cümlədən kişilərdə 69,7, qadınlarda 75,1 yaş təşkil edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA