Ekologiya Nazirliyi əhaliyə müraciət etdi

img

10-07-2009 [05:49]


10 iyul 2009-cu il tarixində təxminən gecə saat 02:30 radələrində Bakı-Quba yolunun 10-cu kilometrliyində naməlum səbəbdən quru otlara od düşməsi nəticəsində yanğın baş verib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. Onun sözlərinə görə, yanğın nəticəsində 3 hektara yaxın ərazidə ot örtüyü yanıb: ?Dəvəçi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşlarının, Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumlarının və əhalinin səyləri nəticəsində alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb. Daha bir yanğın hadisəsi 9 iyul 2009-cu il tarixində saat 13:45 radələrində Ələt-Hacıqabul magistral yolunun 38-ci kilometrliyində yerləşən meşə əkini sahəsində qeydə alınıb. Yanğın 0,68 hektara yaxın ərazini əhatə edib. Baş vermiş meşə yanğını aşağı növlü, orta intensivlikli olmaqla sahədəki ot örtüyü və tinglərin 10 faizinin inkişafdanqalma dərəcədə yanmasına səbəb olub. Həmçinin ərazinin suvarılması üçün quraşdırılmış suvarma şəbəkəsinə daxil olan nazik ölçülü boruların bir hissəsinə də ciddi ziyan dəyib. Yanğın qısa müddət ərzində nazirliyin tabeli qurumlarının əməkdaşları, habelə hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumları, Hacıqabul rayon İcra Hakimiyyəti rəhbərliyinin operativ səyləri nəticəsində söndürülüb?. İ.İbrahimova yanğının səbəblərinin araşdırılması üçün müvafiq komisiyanın yaradıldığını söyləyib: ?Nazirliyin Meşələrin İnkişafı Departamenti tərəfindən aparılan ilkin araşdırmalarına görə, yanğınlara səbəb avtomobildən atılan söndürülməmiş siqaret kötüyü olub. Nazirliyin nəzdində yanğınların başvermə səbəblərinin araşdırılması məqsədilə müvafiq komissiya yaradılıb. Nazirlik meşə və yaşıllıqlarımızı qoruyub saxlamaq üçün əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və Azərbaycan xalqının milli sərvəti olan meşələrimizi qorumağa çağırır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA