Kür çayında suyun çirklənmə səviyyəsi artıb

img

07-07-2009 [12:14]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyun ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçiriblər. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, iyun ayının III ongünlüyündə Kür çayında suyun sərfi iyun ayının II ongünlüyünə nisbətən 141 m3/san azalaraq 434 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, çirklənməyə məruz qalan Kür çayı və onun qollarına Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı dəfələrlə yol verilən qatılıq həddini (YVQH) keçib. Həmçinin suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri YVQH-dan artıq müşahidə edilib. Belə ki, Şıxlı-2 məntəqəsində suyu əsas çirkləndiricilərindən fenollar və mis birləşmələri 2 dəfə, Ağstafaçay məntəqəsində fenollar 2, mis birləşmələri 3 dəfə, Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri isə 2 dəfə yol verilən qatılıq həddini keçib. İyun ayının III ongünlüyündə Araz çayında suyun sərfi 71 m3/san olub. Aparılan monitorinqlərin nəticələrinə görə, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri 2, fenollar 3, I Şahsevən məntəqəsində mis birləşmələri 3, fenollar 2, Bəhramtəpə məntəqəsində mis birləşmələri 3, fenollar isə 2 dəfə YVQH keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 4.61-6.50 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA