Deputatlarımız Türkiyədə maraqlı görüzlər keçiriblər

img

05-07-2009 [03:20]


[b]Arzu Səmədbəyli: "Sonradan peşman olmamaq üçün bütün problemləri bir yerdə müzakirə etməyi bacarmalıyıq"[/b] Müsavat başqanının müavini, millət vəkili Arzu Səmədbəyli Siyasi Ekonomik Toplumsal Araşdırmalar Vəqfinin dəvəti ilə Türkiyədə səfərdə olub. A.Səmədbəyli qardaş ölkədə keçirdiyi görüşlər barədə qəzetimizə açıqlama verib. Millət vəkili deyib ki, onunla birlikdə deputat həmkarları, siyasi partiya və ictimai təşkilatların nümayəndələri də Türkiyədə səfərdə olublar: "Türkiyənin nüfuzlu siyasət və elm adamları, tanınmış analitiklərlə birlikdə Azərbaycan-Türkiyə əlaqələri, regionda bu iki dövlətin uzlaşdırılmış maraqları və başqa mövzularda fikir mübadiləsi apardıq. Mənə elə gəlir ki, bu müzakirələr davam etdirilməlidir. Problemlər barədə açıq danışmaq lazımdır. Təəssüf ki, bir müddət Türkiyə-Azərbaycan münasibətlərində hökm sürən soyuqluğun təsiri altında olduq. İki qardaş ölkə arasındakı bu gərginlik həm Azərbaycanda, həm də Türkiyədə xəyal qırıqlığı yaratdı. Gələcəkdə də analoji vəziyyətin yaranmaması üçün problemlərin üstünə bir yerdə getməyi bacarmalıyıq". İstanbuldan sonra Ankaraya getdiklərini deyən millət vəkili qonşu ölkədə elmi-pedaqoji fəaliyyətlə məşğul olan azərbaycanlı alim Xanım Xəlilova ilə birlikdə Türkiyə Böyük Millət Məclisinin başqanı Koksal Topdanın rəhbəri olduğu "Türkiyəm" Vəqfinin təşkil etdiyi ədəbi-bədii gecəyə qatıldıqlarını da bildirib: "Həmin tədbirdə türk dünyasının müxtəlif coğrafiyalarından gələn tələbələr də iştirak edirdilər. Gecədə həm Azərbaycan, həm də türk musiqisi səsləndi. Tədbir başa çatandan sonra Koksal Topdan iştirakçılara ziyafət verdi. Onunla ayaqüstü söhbətimiz də oldu. Azərbaycandakı durum, ölkələrimiz arasındakı vəziyyətlə bağlı fikir mübadiləsi apardıq. Bir sözlə, əhəmiyyətli bir tədbir oldu. Türkiyə-Azərbaycan əlaqələri, türk cümhuriyyətlərindən gələn tələbələrin inteqrasiyası istiqamətində Xanım Xəlilovanın böyük xidmətləri var. Qatıldığımız tədbirin yüksək səviyyədə keçirilməsində Xanım müəllimənin əməyi danılmaz idi". A.Səmədbəyli Ankarada olarkən MHP başqanı Dövlət Baxçalı və digər ictimai-siyasi xadimlərlə görüşdüyünü, Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ətraflı müzakirələr apardıqlarını da deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA