Azərbaycan-Gürcüstan sərhəddində anarxiya

img

05-07-2009 [03:03]


[b]Artur Rəsizadənin qərarı Sərhəd Qoşunlarına rüşvət yığmaq imkanı yaradıb [/b] Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsindən sonra Azərbaycan-Gürcüstan sərhəddinin "Qırmızı Körpü" Sərhəd-Nəzarət Məntəqəsində özbaşınalıq daha da artıb. Hansı ki, çoxları terrorçu Fərda Qədirovun qətliamı törətdiyi silahı məhz bu məntəqədən keçirdiyini nəzərə alaraq, orada nəzarətin gücləndiriləcəyini düşünürdü. Amma iyun ayının 30-da sözügedən nəzarət məntəqəsindən keçərkən vəziyyətin daha mənfi istiqamətə getdiyinin şəxsən şahid olduq. [b]Rüşvətxorluq halları artıb [/b] Sərhəddən keçdiyimiz gün, yəni 30 iyun saat 9.00 radələrində sərhəddi keçmək istəyənlərin sayı çox olduğundan "Qırmızı Körpü"də basabas yaranmışdı. Buna səbəb isə həmin gün Azərbaycanın baş naziri Artur Rəsizadənin "Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında yaşamaq üçün icazənin verilməsi qaydaları"nı təsdiq etməsi barədə imzaladığı 102 saylı qərarı idi. Həmin xəbər Azərbaycanda yaşayan Gürcüstan vətəndaşları arasında böyük səs-küyə səbəb olmaqla yanaşı, onlarda ölkəmizdən deportasiya olunmaq qorxusu yaratmışdı. Bu barədə əməkdaşımızla söhbət edən Gürcüstan vətəndaşlarından biri "Bakıda tikintidə işləyirəm. Qəfildən qohum-əqrablar zəng edib, bizi iyulun 1-də deportasiya edəcəklərini dedi və əlavə etdi ki, bu müddətə qədər sərhəddi keçib, qeydiyyata düşməliyik. İndi də deyirlər ki, hər üç aydan bir Gürcüstana gedib-gəlməliyik",- deyərək, basabasın buna görə yarandığını bildirdi. Artur Rəsizadənin həmin müddətə qədər açıqlanmayan qərarı isə Azərbaycan sərhədçilərinə rüşvət yığmaq üçün əla fürsət yaratmışdı. Belə ki, sərhədçilər hər bir adamdan 5 və ya 10 manat alaraq, onlara növbəyə durmadan, avtomobillər üçün nəzərdə tutulan yoldan sərhəddi keçməyə şərait yaradırdı. [b]Jurnalist olmağımız kara gəlmədi[/b] Azərbaycan tərəfdən təxminən 3-4 min adamın sərhəddi keçmək üçün növbədə olduğunu və cəmi 1 nəfər əsgərin kompüter xidməti göstərdiyi halda sərhəddi yalnız axşam saatlarında keçə biləcəyimizi nəzərə alıb, biz də digərləri kimi qeyri-qanuni yollar aramaq məcburiyyətində qaldıq. Hətta ilk olaraq jurnalist vəsiqəmizdən də istifadə etmək istədik. Amma israrımıza baxmayaraq, birinci nəzarət məntəqəsinin növbə rəisilə əlaqə yarada bilmədik. Qarabəniz, özündən həddən artıq razı olan əsgər (onun barəsində aşağıda yazacağıq-müəl.) bizə komandirləri ilə danışmaq imkanı yaratmadı. Açığı, bundan sonra cəhd də etmədik. Düşündük ki, həmişə özlərini jurnalistlərin yanında haqq-ədalət təcəssümü kimi göstərən rəsmilər bu dəfə də "mələk donuna" girə bilərlər. Ona görə də iki tələbə ilə açıq alverə başlayan, qarabəniz, söhbət əsasnasında özünü Neft Akademiyasının məzunu kimi təqdim edən, amma adını söyləmək istəməyən əsgərə yaxınlaşmaq qərarına gəldik. İşi avtomobil yolunun qapılarını açıb-bağlamaqdan ibarət olan əsgərin iki tələbə ilə dialoqu yəqin ki, oxucular üçün də maraqlı olar. Tələbə: - Qardaş, bu gün toy var, özüm də bəyin sağdışıyam. Necə edək, buradan keçmək üçün? Əsgər: - Problem yoxdur. 20 manat hazırlayın. 2-3 dəqiqəyə buraxım. Tələbə: - Tələbəyik, bir az aşağı elə. Əsgər: - Nə olsun tələbəsən. Mən tələbə olanda "Tarqovı"da 500 manata kirayə qalırdım, ayda 500 manat xərcəyirdim, üstəlik, qardaşıma, ailəmə də kömək edirdim. Tələbə: - İndi neyləyək? Biz sənin kimi bacarıqlı deyilik. Əsgər: - Yaxşı, onda 15 manat düzəldin. Beləliklə, 3-4 min adamın növbə gözlədiyi nəzarət məntəqəsində 15 manatın hesabına tələbələr sərhədi rahatlıqla keçdilər. [b]15 manat da bizdən aldılar [/b] Tələbələrin sərhədi asanlıqla keçməsini nəzərə alıb, əsgərin "qəbulu"na düşdük. İlk olaraq, biz də ondan harada oxuduğunu soruşduq. O, bir anlıq şübhəli baxışlarla bizə baxaraq, Neft Akademiyasını bitirdiyini bizə də xatırlatdı. Əsgər: - Sənə nə lazımdır ki? - Biz də o tələbələr kimi buradan keçmək istəyirik. Əsgər isə bir qədər gözləməyimizi məsləhət gördü. Söhbətin bu yerində orta yaşlı bir kişi yaxınlaşıb, bizi sərhəddən növbədənkənar keçirə biləcəyini dedi. Qısa söhbətdən sonra 10 manat növbə rəisinə verməyin lazım olduğunu deyən həmin şəxs "mənə də 5 manat hörmət edərsiniz",- söylədi. Düzü, əlacımız olmadığından onunla razılaşmağa məcbur olub, istədiyi məbləği ona verdik. Bu anda sərhəddə hay-küy qalxdı. Saatlarla sərhəddə incidilən insanlar sərhədçilərə qarğış edirdi. Bundan qəzəblənən növbə rəisi isə əsgərə qışqırır: "Maşınların keçməsinə şərait yarat. Oradakı adamları uzaqlaşdır". Növbə rəisinin qəfil əmri əsgəri qəzəbləndirdi və o, camaatın eşidəcəyi tərzdə "bir az kənara durun, o, üç gündür gəlib, kimdir ki, mənə sizdən ötrü qışqırır", - deyərək, açıq-aşkar növbə rəisini saymadığını göstərməyə çalışırdı. Ara sakitləşəndən sonra pul verdiyimiz şəxs əlini yuxarı qaldırıb, bizi növbə rəisinə təqdim etdi. Növbə rəisi isə əsgərə üz tutub, bizi buraxmaları əmrini verdi. 5 dəqiqəyə iki postdan keçdik Bizimlə bərabər, daha üç nəfərin sənədlərini şəxsən qəbul edən növbə rəisi tezliklə bizi qeydiyyatdan keçirərək, çıxış postuna yolladı. 2-3 dəqiqə sonra isə növbə rəisi həmin posta da gəlib, bizi oradan da keçirdi. Növbə rəisinin belə canfəşanlıq etməsinin səbəbi isə növbənin dəyişməsi anının yaxınlaşması idi. [b]Gürcülər yenə nümunəvidir[/b] Bizimkilərdən fərqli olaraq, gürcü sərhədçilərinə rüşvət təklif etmək qətiyyət mümkün deyil. Onun üçün də təxminən 100 nəfərdən ibarət olan növbəyə durduq. Gənclərin növbəni pozmağa çalışması, yaşlı və körpə uşaqlı ailələrə yol verməməsi bir neçə dəfə gürcü sərhədçilərini qəzəbləndirdi. Hətta onlardan biri rus dilində "mən anlaya bilmirəm ki, bu, necə xalqdır",- deyərək, yaşlı insanlara və uşaqlılara yol verməyi tələb etdi. Ancaq azərbaycanlılar bu çağrışa əməl etmədilər. Bu zaman Gürcüstan sərhəddində xidmət edən azərbaycanlı "bəsdirin, nə vaxta qədər bizi biabır edəcəksiniz",- deyərək, həmyerlilərinə qışqırmağa başladı. [b]Gürcüstan - Qafqazın nümunəvi dövləti[/b] Saakaşvili hakimiyyətə gəldikdən sonra Gürcüstanda rüşvətxorluğun demək olar ki, kökünün kəsilməsi, əhalinin qayda-qanunlarla idarə olunması, demokratiyanın bərqərar olması, yeni doğulan uşaqlara 650 dollar yardım edilməsi, pensiya və müavinətlərin neft səltənəti sayılan Azərbaycanla eyni səviyyədə olması, ən maraqlısı isə qaz, benizin və enerji qiymətlərinin Azərbaycandakından fərqlənməməsi və sadalaya bilmədiyimiz onlarla faktlar Gürcüstanın sürətlə inkişafından xəbər verir. [b]F.ƏHMƏD [/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA