Müxalifət liderləri sui-qəsddən sığortalanmayıb

img

05-07-2009 [02:52]


[b]İsa Qəmbər, Əli Kərimli, Lalə Şövkət, Sərdar Cəlaloğlu və İqbal Ağazadənin mühafizəsi standartlara cavab vermir [/b] Siyasətçilərə qarşı sui-qəsdlər, terror aktlarının törədilməsi dünyanın bir çox ölkələrində baş vermiş hadisələrdəndir. Azərbaycanda hər hansı partiya lideri qətlə yetirilməsə də, siyasilərin, daha doğrusu, müxalifət təmsilçilərinin bəzən təhdid altında olmaları faktdır. Bu günlərdə Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahına Nazim Muxtarov adlı şəxsin təhdid dolu məktub göndərməsi müxalif düşərgədə təşvişə səbəb oldu. Belə ki, sözügedən məktubda müxalifət liderlərinin güllələnəcəyi ilə bağlı təhdidlər yer almışdı. Məktub müəllifi artıq silah əldə etdiyini və heç olmasa, müxalifət liderlərindən birini öldürəcəyini bəyan edib. Görəsən, liderlər sui-qəsd planlarından sığortalanıblarmı? Müsavat Partiyasının başqanı İsa Qəmbər belə bir təhlükə barədə düşünmədiyini deyir: "Sözün doğrusu, biz düzgün bildiyimiz yolla gedirik, Azərbaycan xalqının maraqları uğrunda mübarizəmizi davam etdiririk. Bu illər ərzində ən müxtəlif mənbələrdən, ən müxtəlif mərhələlərdə hədə-qorxular eşitmişik. Bütün bunlar bizi yolumuzdan döndərməyibsə, bundan sonra da döndərə bilməz. Ona görə də mən bu məktub məsələsinə xüsusi bir önəm vermək fikrində deyiləm". Müsavat başqanı, bu cür təhdidlərdən necə qorunduğuna gəlincə, Türkiyənin mərhum prezidenti Turqut Özalın məşhur fikrinə əsaslanaraq, "Allah verən canı, Allahdan başqa heç kim ala bilməz",- dedi. O, sözügedən məktubdan sonra hər hansı əlavə təhlükəsizlik tədbirləri görmək fikrində olmadığını da bildirdi. Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət də ciddi şəkildə qorunmur. Partiyanın sədr əvəzi Əvəz Temirxan deyir ki, Lalə xanım partiya üzvləri tərəfindən qorunur: "Yəni xüsusi bir mühafizə xidməti yoxdur. Lalə xanımın döyüşləri keçmiş mühafizəçiləri var. Onlar Əfqanıstanda, Qarabağda döyüşüblər. Hər hansı bir situasiya baş verərsə, onların döyüş təcrübəsi Lalə xanımı vəziyyətdən çıxarmağa yetərlidir. Mən arzu etmirəm ki, belə bir şey olsun. Bir də cəmiyyətdə Lalə Şövkətə nifrət yoxdur ki, ona qarşı hər hansı bir aksiya keçirilsin". ALP yetkilisi onu da nəzərə çatdırdı ki, müxalifət liderlərinə qarşı hər hansı bir aksiyanı iqtidar çevrəsindəkilər təşkil edə bilərlər. Liderlərin mühafizəçilərinin silahla təmin olunmasına gəlincə, Əvəz bəy "Əgər iqtidar bilsə ki, bizə doğrudan da real hücum var, o, əlindən gələni edər ki, bu tezliklə reallaşsın. İnanın ki, iqtidar müxalifət liderlərinin qorunması üçün silah verməz. Müxalifətə ofis verməyən iqtidar, ona silahmı verərmi? Bu iqtidardan belə bir addım gözləmək, təkədən pendir gözləmək kimi bir şeydir",- söylədi. Özünün təhlükəsizliyinə gəlincə, Ə.Temirxan onun da qorunmağa ehtiyacının olmadığını bildirdi. Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə müxalifət liderlərinin mühafizəçilərinin silahsız olmasından narazıdır: "Müxalifət liderləri qorunsa da, silahsız və hər hansı bir texniki vasitə olmadan qorunurlar. Əlində silah olan adamın qarşısında silahsız mühafizəçinin müsbət mənada nəsə edə biləcəyi isə bir qədər çətindir. Bu mühafizə daha çox adi qaydada olan hücumlardan, basqılardan qorunmaq üçündür. Əgər bir adam silahlıdırsa və hansısa silahsız mühafizəçili şəxsi öldürmək qərına gəlibsə, onu durdura biləcək mexanizm yoxdur". Mühafizəçisinin silahla təmin olunmasına isə İqbal bəy "Millət vəkili kimi bizim özümüzə silah vermirlər, o ki qaldı mühafizəçilərimizə silah versinlər",- söylədi. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəsi isə partiyanın könüllü üzvləri tərəfindən təşkil olunub. AXCP sədrinin müavini Həsən Kərimov deyir ki, liderləri zaman-zaman fiziki olmasa da, mənəvi terrora məruz qalıb: "Əli Kərimli 2003, 2005-ci illərdə bu hakimiyyətin mənəvi terroruna məruz qalıb. Bu baxımdan hər zaman bu cür terrorlar ola bilər". AXCP funksioneri onu da bildirdi ki, müxalifət liderlərinin mühafizəsi zəifdir, amma xalqın rəğbəti nəticəsində onlar qorunurlar. Onun sözlərinə görə, əgər müxalifət liderlərinə qarşı silahlı basqın cəhdi olarsa, bunun yeganə cavabdehi hakimiyyətdir. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu müxalifət liderlərinin mühafizəsinin yetərincə olmadığını bildirdi. Onun sözlərinə görə, hazırda Azərbaycanda heç kəs bu tipli təhlükələrdən sığortalanmayıb: "Bir halda ki, Hərbi Hava Qüvvələrinin komandanı, general şəhərin mərkəzində qətlə yetirilir, yaxud bir nəfər əlində silah ali məktəbə daxil olub 12 nəfəri qətlə yetirib, 10-dan çox adamı yaralayırsa, hansı təhlükəsizlik tədbirlərindən danışmaq olar? Belə olan təqdirdə müxalifət necə qoruna bilər? Bir də ki, indiki iqtidarın müxalifətə münasibəti məlumdur. Bu baxımdan təbii ki, müxalifət müdafiəsiz vəziyyətdədir". S.Cəlaloğlu onu da dedi ki, bütün bunlara baxmayaraq, tək gəzir və mühafizəçisi yoxdur. [b]Zaur ƏHMƏD[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA