05-07-2009 [02:32]
[b]"İndi iqtidar "siyasi partiyalar bağlansın" şüarını səsləndirir, fikrimcə, nə qədər paradoksal görünsə də, bu, müxalifətin xeyrinə işləyə bilər" [/b]
Demokratiya Uğrunda İttifaq (DUİ) növbəti dəfə Qarabağ Forumu keçirdi. Tədbirdə DUİ-yə daxil olan partiyalarla yanaşı, bir sıra ictimai-siyasi təşkilatların da nümayəndələri iştirak edərək, Qarabağ problemi ilə bağlı fikir mübadiləsi aparıblar.
DUİ-nin təsisçilərindən biri, Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn öncə forumun nəticələrindən söz açdı:
- Bildiyiniz kimi, bu yaxınlarda Moskvada Qarabağ problemi ilə bağlı prezidentlərin görüşü gözlənilir. Qarabağ Forumunun keçirilməsində məqsəd bu görüş ərəfəsində Azərbaycan ictimaiyyətinin müxtəlif təbəqələrinin mövqeyini ifadə etmək idi. Görüşdə Demokratiya Uğrunda İttifaqa daxil olan partiyalardan başqa, QHT-lər, digər siyasi partiya nümayəndələri, məcburi köçkünlər də iştirak edirdilər. Bu tədbirdə müxtəlif fikirlər səsləndi. Elə fikirlər var idi ki, əvvəllər də səslənib. Hesab edirəm ki, bu fikirlərin bir daha ortaya qoyulması vacibdir. Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz qorunması, qaçqın və köçkünlərin işğal olunmuş ərazilərə qaytarılması və yeddi rayonun heç bir şərt irəli sürülmədən azad olunması, yalnız bundan sonra Dağlıq Qarabağın statusunun müzakirəyə çıxarılmasının mümkün olduğu kimi fikirlər tədbirdə səsləndi. Hər hansı bir separatçı referendumun keçirilməsinə qarşı kəskin mövqe bildirildi. Bundan əlavə, problemin həllində iştirak edən beynəlxalq təşkilatların fəaliyyətinə neqativ münasibət ifadə olundu. Azərbaycan hökumətinin də bəyanatlardan konkret işə keçməsi istiqamətində çağırışlar səsləndi.
[b]- Pənah bəy, bundan əvvəlki Qarabağ Forumunda olduğu kimi, Qarabağ və Respublika Uğrunda Hərəkatda təmsil olunan partiyaların rəhbərləri bu dəfə də tədbirə qatılmadılar...[/b]
- Məncə, sizin sualınız məzmunca doğru deyil. Çünki biz, əvvəla ayrı-ayrı adamları yox, hansısa təşkilatları foruma dəvət edirik. O təşkilatlarda kimi məsləhət bilirlərsə, nümayəndələrini göndərirlər, yaxud da ümumiyyətlə, göndərmirlər. Mənə elə gəlir ki, bunun ətrafında xüsusi bir ajiotaj yaratmağa ehtiyac yoxdur.
[b]- Ancaq Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bu cür tədbirləri mənasız sayır... [/b]
- Bu da onların mövqeyidir. Hər kəs öz fikirini söyləyə bilər. Təbii ki, biz o mövqeylə razı deyilik.
[b]- Hakim partiyanı da Qarabağ Forumuna dəvət etmişdiniz, amma gələn olmadı... [/b]
- (Tələsik) Sözün doğrusu, mən təşkilati məsələlərlə məşğul olmamışam. Konkret olaraq hansı ünvanlara dəvət göndərildiyini bilmirəm. Ola bilər ki, YAP da dəvət edilib. Biz hesab edirik ki, Qarabağla bağlı müxtəlif fikirlər səslənə bilər. Hətta bir-birinin ziddi olan fikirlərin səslənməsi də mümkündür. Bir qayda olaraq, Yeni Azərbaycan Partiyasının nümayəndələri digər tədbirlərdə iştirak etmir, nəinki müxalifətin tədbirlərində. Hətta iqtidaryönlü partiyaların təşkil etdiyi tədbirlərdə də onları az görmüşəm. Yəni YAP nümayəndələrinin bu hərəkətləri təkəbbürlü bir siyasi davranışdır. Amma heç kimə diqtə etmək olmaz ki, onlar bu və ya digər tədbirdə iştirak etsin.
[b]- YAP-çı həmkarlarınız da Qarabağ probleminin həllinin bu cür forumlarla mümkün olmadığını bildirirlər. Yəni bu fikirləri bölüşürsünüzmü? [/b]
- Onlar ya səmimi şəkildə belə düşünürlər və ya da münasibətləri o şəkildə ifadə etməlidirlər, bu, onların öz işidir. Onlar belə düşünürlər, biz isə bunun əksini düşünürük.
[b]- Ümumiyyətlə, bu cür forumlarla Qarabağ probleminin həllinə yardım etmək mümkün ola bilərmi? [/b]
- Bizim bu tədbiri keçirməkdə konkret məqsədimiz Azərbaycan cəmiyyətinin nümayəndələri olaraq, münasibətimizi gedən prosesə bildirməkdir. Şəxsən mən düşünürəm ki, bu cür müzakirələr problemin həllinə bu və ya digər formada təsir göstərir. Təbii ki, Azərbaycanın maraqları baxımından təsir edir. Bu gün heç də hamı rəsmi şəkildə bəyan olunan kursla razı deyil. Cəmiyyətin müəyyən bir hissəsi hökumətdən Qarabağla bağlı qəti addımlar atmağı tələb edir. Hətta forumda danışıqların dayandırılması ilə bağlı şüarlar da səslənirdi. Məsələn, mən bunun tərəfdarı deyiləm. Və yaxud ekspertlərdən biri - Mübariz Əhmədoğlu kütləvi tədbirlərin keçirilməsinə ehtiyac olması barədə fikir söylədi. Yəni bütün bunlar Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinin fikirlərinin ifadə olunmasıdır. Forumda da bu müxtəlif fikirlər səsləndi, sonda isə bir sənəd qəbul olundu və beynəlxalq təşkilatlara göndərildi. Ona görə də hesab edirəm ki, Azərbaycanın maraqlarının qorunması baxımdan bu cür tədbirlərin keçirilməsi müsbətdir.
[b]- Pənah bəy, başqa mövzuya keçək. Qarşıdan bələdiyyə seçkiləri gəlir. Sizin də təmsil olunduğunuz DUİ seçkidə iştirak qərarı verib. Bu dəfəki seçkidən gözləntiləriniz nədir? [/b]
- Hələlik bələdiyyə seçkiləri elan olunmayıb, hazırlıq gedir. O cümlədən bələdiyyələr birləşdirildikdən sonra onların yeni siyahısı təsdiqlənib. Bu seçkilərlə bağlı Seçki Məcəlləsində dəyişikliklər ediləcəkmi, edilməyəcəkmi, məlum deyil. Biz hesab edirik ki, bir neçə yaşayış məntəqəsi birləşdikdən sonra onların təmsilçilik məsələsi, Seçki Məcəlləsi ilə bağlı məsələ aydınlaşandan sonra qərar vermək olar.
Seçkilərin gedişatına gəlincə, bilirsiniz ki, ənənəvi olaraq, Azərbaycanda seçkilərin, o cümlədən bələdiyyə seçkilərinin nəticələrini müxalifət qəbul etmir. O mənada ki, seçkilər həmişə saxtalaşdırılıb. Bu məsələdə isə iqtidarın nəzarətində olan seçki komissiyaları rol oynayıb. İndi seçki komissiyalarının tərkibinin dəyişdirilməsi istiqamətində tələblər olacaq. Bu, qəbul olunacaqmı, olunmayacaqmı, məlum deyil.
[b]- Bəs, DUİ bu məsələ barədə nə düşünür? [/b]
- Bizim təmsil olunduğumuz siyasi partiyalar ittifaqı seçkidə bir siyahı ilə iştirak etmək haqqında qərar verib. Ola bilər ki, bunun konkret sənədləşdirilməsi zamanı bir partiyanın siyahısı kimi prosesə qoşulsun. Bunlar qarşıdakı dövrdə dəqiqləşəcək. İndi hazırlıq işləri gedir. Birləşmiş bələdiyyələrin siyahısı məlum olduqdan sonra, biz də, belə demək mümkündürsə, namizədlərimizi müəyyənləşdirəcəyik. Açığı, yerlərdə hələlik xüsusi bir fəallıq müşahidə olunmur. Namizəd olmaq istəyən kəsim də çox deyil. Çünki indiki iqtidar özünüidarə sistemini sıradan çıxarıb, ona olan ümidləri puç edib. Amma biz hesab edirik və yerlərdəki nümayəndələri də inandırmağa çalışırıq ki, istənilən şəraitdə iştirak etmək və mübarizə aparmaq lazımdır.
[b]- Görünən odur ki, bələdiyyə seçkilərində müxalifətin geniş birliyinə nail olmaq mümkün olmadı... [/b]
- Bələdiyyə seçkilərində müxalifətin böyük birliyinə ehtiyac yoxdur. Nəzərə alsaq ki, burada minlərlə insan iştirak edir, məncə, parlament seçkilərindəki kimi vahid siyahı ilə getmək o qədər də önəmli deyil. Ümumi əməkdaşlıq isə yəqin ki, ediləcək.
[b]- Bir müddət öncə Müsavat başqanı İsa Qəmbər Xalq Cəbhəsi formatında birlik təklif etmişdi. Amma deyəsən, bu ideya dəstəklənmədi. Əgər dəstəklənsəydi, necə olardı? [/b]
- Şəxsən mənim mövqeyim bu təklifə müsbət olub. Bu istiqamətdə müəyyən addımlar da atılır. İsa bəy bunu "Qeyri-hökumət təşkilatları haqqında" Qanunun qəbulu edilməsi ilə şərtləndirmişdi. Mən isə bunu hazırda indiki demokratik böhran şəraitində Azərbaycandakı demokratik qüvvələrin təşkil olunması istiqamətində optimal variantlardan biri hesab edirəm. Hərçənd ki, yeganə variant da hesab etmirəm. Amma mənim bildiyimə görə, bu istiqamətdə proses dayanmayıb. Keçmiş cəbhə fəalları, müəyyən siyasətçilər İsa Qəmbərlə bu istiqamətdə görüşlər keçiriblər, məsləhətləşmələr də davam edir. Amma konkret olaraq, hansı addımlar atılacaq, əlbəttə ki, İsa bəy və onun partiyası bu ideyanın arxasında dursa, mənə elə gəlir ki, bu ideyanın gerçəkləşməsi üçün real dəstək tapılar.
[b]- Müxalifətin ayrı-ayrılıqda zəif olduğu bir vaxtda birgə mübarizə aparmaq daha səmərəli olmazdımı? [/b]
- Bunu heç kəs inkar eləmir. Amma bu birgəliyin forması barədə müəyyən fikir ayrılığı mövcuddur. Təbii ki, birgə mübarizə daha səmərəli olar.
[b]- Belə çıxır ki, müxalifətin zəif olması fikiri ilə razısınız... [/b]
- Hazırda Azərbaycanda demoratik böhran dövrüdür. Məsələn, deyək ki, Rusiya da demokratik böhran keçirir. Bunun geosiyasi səbəbləri də var. Ümumiyyətlə, totalitar rejimlərdən açıq, demokratik cəmiyyətə keçidlə bağlı olan səbəblər var. Amma mənim fikrimcə, hazırda Azərbaycanda demokratik böhranın nəticələrindən biri kimi, müxalifət təşkilatlarının zəif olması ilə qarşı-qarşıyayıq. Bizdə hazırda demokratik böhran dibə çatıb. İstər müxalifətin özünün daxilindəki impulslar, məsələn, ayrı-ayrı siyasi liderlərin ortaya qoyacaqları siyasi iradə ilə, yaxud kənar təsirlərin nəticəsində vəziyyətdən çıxmaq olar. İndi iqtidar "siyasi partiyalar bağlansın" şüarını səsləndirir. Mənim fikrimcə, nə qədər paradoksal görünsə də, bu, müxalifətin xeyrinə işləyə bilər. Hərçənd ki, iqtidar bununla demokratiyanı boğmaq üçün növbəti adımını atır. Bu baxımdan siyasi fəaliyyətin də yenidən qeyri-formallaşması baş verər. Mənə elə gəlir ki, İsa Qəmbərin dediyi Xalq Cəbhəsi də bu qeyri-formallaşmanın təzahürlərindən ola bilər. Yəni indi mürəkkəb bir vəziyyət yaşayırıq. Məncə, bundan zəif olmaq olmaz, yalnız yox olmaq olar. O baxımdan mən yeni bir təkan gözləyirəm.
[b]- Deyirsiniz ki, iqtidar "siyasi partiyalar bağlansın" deyir... [/b]
[i]- (Sözümüzü kəsərək)[/i] Mən elə şey demədim. Xahiş edirəm ki, dediyimi yazın. Mən dedim ki, hakim partiyadan olan bəzi şəxslər "siyasi partiyalar bağlansın" şüarlarını səsləndirirlər.
[b]- Olsun... [/b]
- Qardaş, mənə minnət niyə vurursan? Mən nə dediyimi xatırlayıram. Birinci dəfə deyil ki, belə fikirlər işlədirəm.
[b]- Hakimiyyətin siyasi partiyaları bağlaması müxalifətin xeyrinə necə ola bilər? [/b]
- Mənim fikrimcə, hətta bu cür anti-demokratik planın özü kənar bir təsir kimi müxalifət qüvvələrinin birləşməsinə gətirib çıxara bilər. Bu da yeni bir kənar impuls rolunu oynayar.
[b]- Aydındır. Tarif Şurası əhaliyə satılan qazın qiymətini iki dəfə qaldırandan sonra müxalifət qüvvələri bəyanat verməklə kifayətləndilər. Amma ortaya mübarizə əzmi qoyulmadı. Yəni mübarizə üçün bir impuls var idi... [/b]
- Siz müxalifətə nə məsləhət verirsiniz, nə etsinlər? Deyin, partiyaların qarşısında məsələ qaldırım.
[b]- Məsləhət verəsi olsaydıq, biz də siyasi fəaliyyətlə məşğul olardıq. Bu, Sizin işinizdir.[/b]
- Yaxşı sizin sualınız nədən ibarətdir?
[b]- Sual odur ki, müxalifətin bu məsələdə mövqeyini necə qiymətləndirirsiniz? [/b]
- Mən indiki məqamda müxalifətin öz mövqeyini yalnız siyasi bəyanatlarla ifadə etməsini kafi qiymətləndirirəm.
[b]- Siz də həmin müxalifətin başbilənlərindənsiniz... [/b]
- Mən də həmin bəyanatlara qoşuluram. Qiymət artımı ilə bağlı mən də öz fikrimi ifadə etmişəm. Müxalifətin məsələylə bağlı mövqeyi kafidir. Yox, əgər hansısa sosial proseslər olacaqsa, ola bilsin, müxalifət ona uyğun da mövqeyində dəyişikliklər etsin. Konkret halda müxalifətin bu qiymət artımına reaksiyasını kafi hesab edirəm.
[b]Zaur ƏHMƏD[/b]