Taxıl yığımında ciddi problem yaranıb

img

28-06-2009 [05:31]


[b]İsmət Abbasov məsuliyyəti Kəmaləddin Heydərovun üzərinə atır [/b] Kənd təsərrüfatı naziri İsmət Abbasov böyük həvəslə ölkədə taxıl yığımının başlamasını xəbər verərək, böyük uğurlar əldə edəcəklərini bildirdi. Nazirin mətbuata verdiyi məlumata görə, bu il 810 min hektar sahədə ərzaq buğdası əkilib və 2 milyon 616 min ton məhsul istehsalı gözlənilir. Yəni 2009-cu ildə əhalinin ərzaq buğdasına olan tələbatı yerli istehsal hesabına təmin ediləcək. Amma nazirin nikbin açıqlamasından dərhal sonra bəlli oldu ki, taxıl yığımında fermerlər problemlə üzləşib. Xatırladaq ki, taxılın bir kiloqramının qiyməti 7-8 qəpikdir. Bu isə taxılın əkilib, becərilməsinə çəkilən xərci ödəmir. Onun üçün fermerlər taxıl sahəsini biçməyə gələn kombaynı geri qaytarmağa başlayıblar. Hətta "Azadlıq" radiosunun məlumatına görə, bəzi fermerlər taxıl zəmisini otlaq sahəsi kimi çobanlara satıb. Bəzi kəndlərdə isə fermerlər taxıl sahələrini bir iki qoyun-keçiyə dəyişməklə problemdən yaxa qurtarıblar: "İki-üç hektar sahəni biçdirmək üçün xərcləyəcəyimiz pula hazır arpa, buğda alıb yığarıq evə. Bir də əlavə xərc niyə çəkirik?". Burada maraqlı cəhət isə ondan ibarətdir ki, İsmət Abbasov da müsahibəsində bu faktları gizlətmir: "Buğdanın maya dəyərindən aşağı satılması halları bəzi yerlərdə qeydə alınıb. Buğda ölkənin hər yerində maya dəyərindən aşağı satılarsa, bu, "dözülməz hal" olardı. Mən fürsətdən istifadə edərək bütün fermer və sahibkarlara müraciət edirəm ki, məhsullarını maya dəyərindən aşağı qiymətə satmasınlar. Çünki növbəti illərdə məhsul istehsalında problemlərlə rastlaşa bilərlər. Bizim hesablamalara görə, bir kiloqram buğdanın istehsalı orta hesabla 13-14 qəpiyə başa gəlir. Buğdanın hər kiloqramının 15-20 qəpik arasında olan qiymətə satılması məqsədəuyğun olardı". Burada diqqət çəkən məqam həm də ondan ibarətdir ki, Kənd Təsərrüfatı Nazirliyi vəziyyətdən çıxış yolu tapmaq əvəzinə məsuliyyəti Fövqaladə Hallar Nazirliyinin üzərinə atmaqla işini bitmiş sayır. Nazir İsmət Abbasov Dövlət Taxıl Fondunun Fövqaladə Hallar Nazirliyinin tabeliyinə verildiyini əsas gətirərək fermerlərz yardım etməkdən boyun qaçırır. O, məsələnin böyüməsinə və bununla da FHN-nin üzərinə düşən vəzifənin öhtəsindən gələ bilmədiyini sübut etməyə çalışır. Amma nazirlər arasındakı belə mövqe mübarizəsi ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində ciddi problemin yaşanmasına səbəb ola bilər. Həmçinin bu, ötən ilin avqust ayının 25-də qəbul edilən əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramında qarşıya qoyulan məqsədlərin gerçəkləşməməsi deməkdir. Qeyd edək ki, bu məsələnin böyüməsi əks reaksiya verə bilər və nəticədə İ.Abbasovun vəziyyəti daha da gərginləşər. Onun üçün də İ.Abbasov bu istiqamətdə təbliğata başlayıb və nazirliyin işçilərini də məqsədinə nail olmaq üçün səfərbər edib. İ.Abbasovun mətbuatda sözçüsü qismində çıxış edən nazirliyinin şöbə müdri Sabir Vəliyevin də dedikləri bunu göstərir: "Fermerlərdən taxılın ehtiyat fonduna alınması işinə Fövqəladə Hallar ?azirliyi baxır. Adamlar ora müraciət edib məhsullarını təklif eləsələr, daha yaxşı olar". Ekspertlərin qənaətincə, fermerlərin zəmilərdən taxılı yığdırmaq istəməmələrində birbaşa günahkar İ.Abbasov olacaqdır. Çünki "Aqrolizinq" ASC Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindədir. Onun üçün də İ.Abbasov indiki şəraitdə məsələyə müdaxilə edərək fermerləri güzəştli şərtlərlə taxılbiçən kombaynlarla təmin edə bilər. O isə bunu etmək əvəzinə FHN-ni hədəfə alır və bununla da çox təhlükəli oyuna başlayır. Nazirlərin belə mövqe mübarizəsində isə əsas zərbə fermerlərə dəyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA