Müdafiə Nazirliyi Azərbaycanda son illərin ən irimiqyaslı hərbi təliminin keçirildiyini təsdiqlədi

img

24-06-2009 [08:14]


İyunun 24-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimini izləyib. Ölkə başçısı xidmətdə fərqlənən hərbiçiləri mükafatlandırıb. Müdafiə Nazirliyinin mətbuat xidməti bu təlimlə bağlı aşağıdakı məlumatı yayıb: 2009-cu il iyun ayının 15-dən 25-dək Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların birləşmə və hissələri ilə ?Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etmək məqsədi ilə müxtəlif güc strukturlarının birgə fəaliyyətinin planlaşdırılması və təşkili. Birinci müdafiə həddində müdafiə əməliyyatının aparılması. Yenidən qruplaşmanın keçirilməsi, müasir artilleriya sistemləri və aviasiyanın tətbiqi ilə atəş hazırlığının aparılması, artilleriya atəşləri və aviasiya zərbələri ilə düşmənə böyük dərəcədə zərər yetirilməsi. Hücuma keçərək qarşı duran qruplaşmanın darmadağın edilməsi. Əməliyyat ehtiyatlarının döyüşə yeridilməsi, düşmən qruplaşmasının darmadağın edilməsinin başa çatdırılması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi? mövzusu üzrə irimiqyaslı Birgə Əməliyyat-Taktiki Təlimi keçirilmişdir. Təlimə ümumilikdə 4 min nəfərdən çox şəxsi heyət, 99 tank, 55 ədəd zirehli döyüş maşını, 123 ədəd artilleriya sistemləri, 12 ədəd döyüş təyyarəsi, 12 ədəd döyüş vertolyotu, 5 ədəd nəqliyyat-döyüş vertolyotu cəlb edilmişdir. Təlim rəhbərliyi tərəfindən qarşıya aşağıdakı məqsədlər qoyulmuşdur: 1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin birləşmə, hissə və bölmələrinin birgə fəaliyyətlərinin planlaşdırılması, müxtəlif səviyyələrdə qərargahlar arasında qarşılıqlı əlaqənin təşkili və koordinasiyanın təmin edilməsi. 2. Birinci müdafiə həddində düşmən hücumunun dayandırılması, birləşmə və hissələrin uzlaşmış fəaliyyətinə nail olunması, qoşunların koordinasiyalı idarə edilməsi və informasiya mübadiləsinin saxlanması üzrə qərargah fəaliyyətlərinin təkmilləşdirilməsi. 3. Genişmiqyaslı hücum əməliyyatlarının aparılması və ölkə ərazisinə soxulmuş düşmən qüvvələrinin darmadağın edilməsi üzrə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının birləşmə və hissələrinin birgə fəaliyyətinin uzlaşdırılması. 2009-cu il iyunun 24-də, təlimin əsas mərhələsində birləşmə və hissələrin döyüş tətbiqi və silah sistemlərinin real atışları həyata keçirilmiş, müxtəlif güc strukturlarının birləşmə və hissələri arasında qarşılıqlı əlaqə təşkil edilmişdir. Mərhələnin gedişində artilleriya sistemlərinin döyüş atışının və aviasiya zərbələrinin praktiki idarə olunması, hava desantının tətbiqi, müxtəlif qoşun növlərinin hücum əməliyyatında döyüş fəaliyyətləri sualları işlənmişdir. Təlimin əsas mərhələsini Azərbaycan Respublikasının Prezidenti - Ali Baş Komandan cənab İlham Əliyev izləmişdir. Təlimə cəlb edilən birləşmə və hissələr tərəfindən qarşıya qoyulan bütün məqsədlərə nail olunmuşdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA