Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhaliyə xəbərdarlıq edib

img

24-06-2009 [02:21]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) respublika ərazisində havaların isti-quraq keçməsi ilə əlaqədar meşələrdə və dövlət meşə fonduna daxil olmayan yaşıllıq ərazilərdə yanğınların baş vermə təhlükəsinin artması barədə əhaliyə xəbərdarlıq ünvanlayıb. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumatda bildirilib ki, ETSN meşələrdə, meşə fonduna daxil olmayan digər yaşıllıqlarda yanğın təhlükəsinin qarşısının alınması məqsədilə ?Yanğın Təhlükəsizliyi Haqqında? Qanunun tələblərinə uyğun olaraq qabaqlayıcı profilaktik tədbirlər həyata keçirir. ETSN və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti strukturları birgə hazırlanmış tədbirlər planına uyğun olaraq bütün meşə müəssisələrinin meşə mühafizə mühəndisləri, meşəbəyiləri, yanğın keşikçilərinin iştirakı ilə təlim-məşqlər keçirib. Bundan əlavə yanğın təhlükəsi gözlənilən ərazilərdə 671 kilometr uzunluğunda yanğın əleyhinə mineral zolaqlar çəkilib, 595 kilometr köhnə zolaqlar isə təmir edilib. Meşə Mühafizəsi və Bərpası Müəssisələrində texniki avadanlıqlarla təchiz olunmuş növbətçiliklər təşkil edilib, yerlərdə taxıl məhsullarının biçini zamanı fermer və torpaq mülkiyyətçiləri ilə izahat işləri aparılır. ETSN-dən bildirilib ki, ölkə ərazisində meşə yanğını hadisələrinin sayı əvvəlkı illərə nisbətən minimuma endirilib. Lakin buna baxmayaraq, bəzi rayonların fermer təsərrüfatları və fiziki şəxsləri tərəfindən taxıl biçinindən sonra kövşənliklərin, mülkiyyətçilərin pay torpaqlarına daxil olan ərazilərdəki kolluqların, yol kənarlarında mövcud olan yaşıl bitki örtüyünün yandırılması hallarına yol verilir. Bunun nəticəsində də torpağın üst qatının keyfiyyət göstəricilərinin çox ciddi şəkildə pozulması ilə yanaşı, həm də bir sıra hallarda, dövlət meşə fonduna daxil olmayan, lakin ətraf mühitin sabitliyinin təmin olunmasında əvəzsiz əhəmiyyət kəsb edən yaşıllıqlar korlanır. ETSN havaların isti və quraq keçməsi ilə əlaqədar əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA