Novella Cəfəroğlu: "Partiyaları, qəzetləri sıxızdıranda gərək biləydik ki, növbə QHT-lərə də çatacaq"

img

21-06-2009 [06:09]


İyunun 19-da Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinə daxil olan QHT-lər parlament binası qarşısında icazəsiz etiraz aksiyası keçirib, "QHT-lər haqqında" Qanuna təklif olunan əlavə və dəyişikliklərə etiraz etdilər. Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu qəzetimizə açıqlamasında aksiyaların mütəmadi keçirilməsinə tərəfdar olduğunu bildirdi. Onun sözlərinə görə, parlamentarilərlə müzakirələr aparmaq müsbət nəticə verə bilər: "İyunun 19-da keçirdiyimiz aksiya ilə bağlı Avropa Şurasına məlumat vermişik. Aksiyanın keçirilməsinə icazə verilməməsi ciddi qanun pozuntusudur. Polislər, sadəcə, öz vəzifələrini yerinə yetirirdilər. Onlara hansı əmr verilmişdisə, onu da elədilər. Hesab edirəm ki, aksiyalar mütəmadi keçirilməlidir. Amma nədənsə Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi bu cür düşünmür. Əgər ayın 30-dək QHT-lər yığışıb hər gün öz etirazlarını bildirsələr, bu müsbət nəticə verə bilər. Vacib deyil ki, aksiya məhz zorakılıqla müşaiyət olunsun. Aksiya keçirməyin müxtəlif yolları var. Məncə, oturaq aksiya keçirmək daha məqsədəuyğundur. Növbəti aksiyanın vaxtını və tarixini Komitə müəyyənləşdirəcək. Ümid edirik ki, səylərimiz müsbət nəticə verəcək. Ən əsası QHT-lərin bir araya gəlməsidir. Beynəlxalq təşkilatlar da bu məsələdən çox narahatdırlar. Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının əksəriyyəti bu problemə öz etirazlarını bildiriblər. Bu yaxınlarda Avropa Şurasının yay sessiyasına yollanacayıq. Orada mütləq bu məsələni qaldıracağıq". Hüquq müdafiəçisinin fikrincə, "QHT-lər haqqında" Qanuna təklif olunan əlavə və dəyişikliklər onlar üçün gözlənilməz olmayıb: "Partiyaları sıxışdıranda, qərargahlarından çıxaranda onları ancaq beş-altı QHT müdafiə edirdi. Qalanları isə öz işləri ilə məşğul idi. Sonra qəzetlərə, jurnalistlərə təzyiq etməyə başladılar. Yenə də həmin QHT-lər onlara dəstək verirdi. Bir müddət öncə isə ölkədə fəaliyyət göstərən xarici radiolar qapadıldı. Yenə heç kimin tükü tərpənmədi. Təbii ki, növbə QHT-lərə çatmalıydı. Çünki QHT-lər az-çox müstəqil fəaliyyət göstərə bilirdilər. Biz vaxtında öz işimizi bilməliydik. Əgər nəyəsə nail olmaq istəyiriksə, birləşib bərabər mübarizə aparmalıyıq". Novella Cəfəroğlu həmçinin bildirdi ki, xarici dövlətlərin təcrübəsindən yararlanmaqla bəzi müsbət dəyişikliklərə nail olmaq mümkündür: "Digər xarici dövlətlərdə, məsələn, qonşu Gürcüstanda, hətta bizə düşmən olan Ermənistanda belə, QHT-lər asanlıqla qeydiyyatdan keçib, sərbəst fəaliyyət göstərə bilirlər. Bu dövlətlərdə QHT-lərin fəallığı sayəsində hər il dövlət büdcəsinə kifayət qədər vəsait daxil olur. Hesab edirəm ki, xarici dövlətlərin təcrübəsindən istifadə etməliyik. QHT-lərin qeydiyyatdan keçməsi, xarici donorlardan maliyyələşməsi asanlaşarsa, bu, ancaq dövlətin xeyrinə olar. Nəyə görə xarici donorların əksəriyyəti Gürcüstanda yerləşib?! Bu gün Azərbaycanda QHT-lər 40 faizədək vergi ödəyir. Əlbəttə ki, "QHT-lər haqqında" Qanunun dəyişdirilməsinə ehtiyac var. Amma bu dəyişiklik mürtəce istiqamətdə olmamalıdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA