BŞBPi-də təyinatlar püzkatma yolu ilə həyata keçirilib

img

17-06-2009 [07:49]


İyunun 17-də Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) Bakı Polis Qarnizonunda xidmət edən, avtomobil nəqliyyatı üzrə ixtisası olan sıravi və kiçik rəis heyəti əməkdaşlarının Dövlət Yol Polisi (DYP) inspektoru vəzifələrinə seçilməsi üçün püşkatma mərasimi keçirilib. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib ki, tədbirdən əvvəl əsaslı hazırlıq işləri görülmüş və püşkatmaya paytaxtın polis orqanlarında uzun müddət sıravi və kiçik rəis heyətində işləmiş, yüksək iş göstəricilərinə görə seçilmiş, BŞBPİ-nin rəisinin sıra baxışından keçmiş və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsində nəzəri imtahan vermiş əməkdaşlar dəvət olunublar. Yeni seçiləcək əməkdaşların xidmət aparacağı Səbail, Nərimanov, Sabunçu və Suraxanı DYP şöbələrinin rəisləri də tədbirə dəvət olunublar. Tədbiri giriş sözü ilə açan BŞBPİ-nin rəisi, polis general-mayoru Rafiq Abbasov qeyd edib, Daxili İşlər Nazirliyində nazir, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə həyata keçirilən prinsipial, ardıcıl kadr siyasəti yüksək peşəkarlığa malik kadr potensialının yaradılmasında mühüm rol oynamış, ictimai təhlükəsizliyin və cinayətkarlıqla mübarizənin təmin edilməsində mühüm amillərdən birinə çevrilib. Kadrların düzgün seçilib yerləşdirilməsi Bakı Şəhər Baş Polis İdarəsində də xüsusi nəzarətdə saxlanılır, şəffaflıq və ədalət prinsipləri ilə həyata keçirilir, namizədlərin şəxsi keyfiyyətləri, fiziki hazırlıqları, savadları kimi vacib amillər əsas götürülür. Baş idarənin rəisi hazırkı püşkatmaya dəvət olunanların təcrübəli əməkdaşların içərisindən müsabiqə yolu ilə seçildiyini, odur ki, yeni vəzifələrində də Vətənə sədaqətli, xidməti işlərinə məsuliyyətli, intizamlı olacaqlarına şübhə etmədiyini bildirib. Amma yeni əməkdaşların xidmət aparacaqları DYPŞ-lərin rəisləri onlara daim diqqət və qayğı göstərməli, yüksək peşəkarlıqla yanaşı, yüksək mənəvi dəyələrə sahib olmalarına yardımçı olmalıdırlar. BŞBPİ-nin Kadrlar İdarəsinin rəisi, polis polkovniki İlqar Əzimov vakant yerləri (Səbail və Nərimanov rayonlarının hər biri üzrə 4, Sabunçu və Suraxanı rayonlarının hər biri üzrə 2 yer) və əməkdaşların adlarını (12 nəfər) elan edib. Daha sonra püşkatma keçirilmiş və 12 nəfər yeni vəzifələrə seçilib. Mərasimə yekun vuran Rafiq Abbasov yeni vəzifələrə seçilənləri təbrik etmiş, onların göstərilən etimadı doğruldacaqlarına, bu məqsədlə bütün bilik və bacarıqlarını sərf edəcəklərinə, Vətənə və dövlətə sədaqətlə xidmət edəcəklərinə ümidvar olduğunu bildirmiş, uğurlar arzulamışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA