Taxıl sahələrində yanğın təhlükəsizliyi qaydalarına əməl olunmur

img

17-06-2009 [05:11]


Ölkənin ayrı-ayrı rayonlarında taxıl biçini kampaniyası xoşagəlməz hadisələrlə müşayiət olunur. Təkcə son bir həftə ərzində Masallı, Cəlilabad və Siyəzən rayonlarında 100 heytara yaxın biçilməmiş taxıl sahəsində yanğın baş verib. Nəticədə yerli fermerlərə külli miqdarda ziyan dəyib. Kənd Təsərrüfatı Nazirliyi bəyan edib ki, taxıl sahələri sığorta olunmadığından sahibkarlara kompensasiya ödənilməsi də mümkün deyil. Nazirliyin şöbə müdiri Sabir Vəliyev Müstəqil İnformasiya Agentliyinə bildirib ki, bu strateji əhəmiyyətli məhsulun yanğın təhlükəsizliyi daim diqqət mərkəzində olmalıdır. Onun sözlərinə görə, hələ taxıl səpini mövsümü başlayanda fermerlərə zəmiləri sığorta etdirmək tövsiyyə olunsa da, onların əksəriyyəti təklifi qulaqardına vurub. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti isə fermer təsərrüfatında çalışan bütün əməkçilər - təsərrüfat başçılarına, traktorçulara, kombaynçılara, mexanizatorlara, mexaniklərə, sürücülərə yanğından qorunmaları üçün xəbərdarlıq ünvanlayıb. Bu barədə MİA-ya adıçəkilən xidmətdən məlumat verilib. FHN Dövlət Yanğın Nəzarəti Xidməti bəyan edib ki, mülkiyyət formasından asılı olmayaraq hər bir təsərrüfat rəhbəri tabeliyində olan obyektlərin yanğın təhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıyır. Taxıl yığımı başlayan vaxtdan qurtaranadək təsərrüfat rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını tam təmin etməli, bununla əlaqədar kənd təsərrüfatı işçiləri arasında müvafiq maarifləndirmə işləri aparmalıdırlar. Xidmətin araşdırmaları zamanı məlum olub ki, belə maarifləndirmə tədbirləri aparılmır, biçində iştirak edəcək kənd təsərrüfatı texnikası yanğına qarşı hazırlanmır, ilkin odsöndürmə vasitələri ilə tam təmin edilmir. Dövlət Yanğın Nəzarəti Xidməti bəyan edib ki, yanğın təhlükəsizliyi üzrə təlimat almayan şəxsə məhsul yığımında iştirak etməyə icazə verilməməlidir. Araşdırmalar isə göstərib ki, məhsul yığımında iştirak edənlərin əksəriyyəti yanğın təhlükəsizliyi üzrə təlimat almayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA