16-06-2009 [07:43]
Bu gün Milli Məclisin (MM) Elm və təhsil komitəsinin geniş iclasında ?Təhsil haqqında? qanun layihəsi üçüncü oxunuşun müzakirəsinə çıxarılıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, MM-in Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev ?Təhsil haqqında? yeni qanun layihəsi üzərində 1997-ci ildən bu yana 12 il ərzində işlər aparıldığını qeyd edərək bildirib ki, sözügedən sənəd ötən ilin sonlarında parlamentdə ikinci oxunuşun müzakirələrinə çıxarılaraq qəbul edilib. Komitə sədrinin sözlərinə görə, ikinci oxunuşun müzakirələri zamanı millət vəkillərinin əksəriyyətinin qanun layihəsi ilə bağlı təklif - iradları olub və onlar ötən 6 ay ərzində ekspertlərin iştirakı ilə İşçi Qrupunda bir daha araşdırılıb, nəzərdən keçirilib: ?Bu 6 aylıq zaman ərzində həmçinin qanun layihəsi ilə bağlı istər Təhsil, istər Maliyyə, istər Ədliyyə, istər Səhiyyə, istər Xarici İşlər nazirlikləri, istərsə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən çox əsaslandırılmış tövsiyələr, təkliflər, rəylər almışıq və onların üzərində işləmişik. Bundan başqa, elm adamlarının, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, təhsil sahəsi ilə məşğul olan insanların rəylərini almışıq və onları da nəzərdən keçirmişik?.
Ş.Hacıyevin qeyd etdiyinə görə, Təhsil Nazirliyi qanun layihəsi ilə bağlı 26 maddə üzrə 80-ə yaxın təklif və tövsiyəsini irəli sürüb: ?4 gün ərzində İşçi Qrupundakı ekspertlərin yaxından iştirakı ilə çox məhsuldar müzakirələr aparmışıq və həmin müzakirələrin nəticəsi olaraq Təhsil Nazirliyinin irəli sürdüyü təkliflərdən 60-nı tam, 10-nu isə qismən nəzərə almışıq. Ədliyyə Nazirliyi qanun layihəsi ilə bağlı 10 maddə üzrə 25-ə yaxın təklif verib ki, onlardan da 20-si məqəsədəuyğun sayılıb. Maliyyə Nazirliyi 14 maddəyə 20 təklif verib. Bu təkliflər də əsasən təhsil müəssisələrinin statusu və təhsilin maliyyələşdirilməsi ilə bağlıdır. Həmin təkliflərdən 10-nu tam, 5-i isə qismən nəzərə alınıb. Xarici İşlər Nazirliyi 7 maddəyə 15 təklif irəli sürüb və onlardan 10-nun qanun layihəsində nəzərə alınması məqsədəuyğun hesab edilib. Səhiyyə Nazirliyi əsasən Tibb Universitetində rezidentura təhsili ilə bağlı 3 təklif irəli sürüb və onların hamısı nəzərə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) isə 11 maddəyə 20 təklif irəli sürüb ki, həmin təkliflərdən də 10-nu tam, 2-si qismən nəzərə alınıb. Onu da qeyd edim ki, bu yaxınlarda ?Elm siyasəti haqqında? qanun layihəsinin müzakirələrə təqdim olunması və AMEA-nın təkliflərinin də hamısının orada əksini tapması nəzərdə tutulur?.
Komitə sədri bir daha ikinci oxunuşla bağlı parlamentdəki müzakirələrə qayıdaraq qeyd edib ki, həmin vaxt millət vəkillərindən Fazil Mustafa, Pənah Hüseyn, Zahid Oruc, Fəzail Ağamalı, Azay Quliyev və digərləri çıxış edərək öz təklif və iradlarını səsləndiriblər: ?Ümumiyyətlə, millət vəkilləri tərəfindən səsləndirilən irad və təkliflərin sayı təxminən 60-a yaxın olub. Biz həmin təklifləri MM Aparatının rəhbəri Səfa Mirzəyevlə birlikdə müzakirə, götür-qoy etmişik və onların əksəriyyətini üçüncü oxunuşda nəzərə almışıq. Yəni, millət vəkillərinin təkliflərinin əksəriyyəti nəzərə alınıb, eyni zamanda, bəziləri bütövlükdə nəzərə alınmayıb. Bundan başqa, biz qanun layihəsinin üçüncü oxunuşunda ayrı-ayrı tanınmış təhsil, elm adamlarının, məsələn, akademik Vaqif Abbasovun, TQDK-nın keçmiş sədri Vurğun Əyyubun, hamımızın yaxşı tanıdığı Asif Cahangirovun rəylərindən, təkliflərindəndə yararlanmışıq. Həmçinin bəzi siyasi partiyaların ? Demokraitk İslahatlar, Sosial Rifah partiyalarının təkliflərini, tövsiyələrini məqsədəuyğun saymışıq. Bütün bunları deməkdə məqsədim odur ki, ?Təhsil haqqında? yeni qanuna cəmiyyətdə çox böyük ehtiyac var. Bu, bir obyektiv zərurətə çevrilib. Biz də ötən müddət ərzində çalışmışıq ki, nəhayət, cəmiyyətin qəbul etdiyi bir qanun layihəsi hazırlayaq və onu müzakirələrdən keçirərək, sonda qəbul edək?.
Komitə sədri çıxışı zamanı, həmçinin, qanun layihəsinin detalları barədə məlumat verərək bildirib ki, ikinci oxunuşdan sonra, demək olar ki, sözügedən sənədin preambulasından tutmuş sonuncu ? 47-ci maddəsinə qədər hamısı bu və ya digər dərəcədə dəyişikliklərə məruz qalıb: ?Təxminən 10 maddəyə heç bir dəyişiklik edilməyib. Qalanları isə, demək olar ki, dəyişdirilib. Məsələn, sonuncu dəyişikliklərə görə, təhsil müəssisələri mülkiyyət növünə görə 3 yerə bölünür; yəni, dövlət təhsil müəssisələri, bələdiyyə təhsil məssisələri və özəl təhsil müəssisələri?.
Komitə sədri deyib ki, təhsil müəssisələrinin təsisçiləri ilə bağlı qanun layihəsinə yeni müddəalar da əlavə olunub: ?Bu əlavələrdən sonra xarici ölkələrin hüquqi və fiziki şəxslərinin də Azərbaycanda təhsil müəssisələrinin təsisçisi hüququna sahib olması mümkünləşəcək. Ancaq bir şərtlə ki, həmin xarici hüquqi və fiziki şəxslərin təsisçisi olduğu Azərbaycan məktəblərində müavin azərbaycanlı, eyni zamanda, məktəb kontingeintinin 80 faizi azərbaycanlı olsun?.
Qanun layihəsinə edilən son dəyişikliklərdən biri də təhsil müəssisələrinin lisenziya müddəti ilə bağlı məsələdir. Komitə sədrinin sözlərinə görə, qanun layihəsində nəzərdə tutulur ki, dövlət təhsil müəssisələrinə lisenziyalar müddətsiz, bələdiyyə və özəl təhsil müəssisələrinə isə 5 il müddətinə verilsin. Xarici hüquqi və fiziki şəxslərin təsisçisi olduqları məktəblərin isə lisenziya müddətinin 3 il olması nəzərdə tutulur.
Komitə sədri ikinci oxunuş zamanı qanun layihəsində ?Təhsilin pillələri və tsikli? maddəsinin əksini tapdığını xatırladaraq qeyd edib ki, indi bu maddə ?Təhsilin pillələri və səviyyələri? adlandırılır: ?Nədənsə, ?tsikl? sözü o zaman cəmiyyət tərəfindən birmənalı qəbul olunmadı. Ona görə də ötən bu müddət ərzində apardığımız araşdırmaların sonucu olaraq ?tsikl? sözünün ?səviyyə? sözü ilə əvəzlənməsinə qərar verdik?.
Ş.Hacıyevin bildirdiyinə görə, qanun layihəsində təhsilin 3 yaşından başlaması nəzərdə tutulur. Daha doğrusu, 5 yaşına çatan uşaqların məktəbə hazırlığı icbari qaydada həyata keçiriləcək: ?Qanun layihəsində ümumi təhsilin 3 səviyyədən ? ibtidai, ümumi orta və tam orta təhsildən ibarət olması öz əksini tapıb. Eyni zamanda, ötən müzakirələrdə gərginliyə səbəb olmuş bir məqamla ? icbari təhsillə bağlı məsələyə də aydınlıq gətirilib. Yəni, indiki oxunuşda icbari təhsilin müddətləri göstərilməyib. Bu təhsil 3 il də, 6 il də, 9 il də ola bilər, 12 il də, hətta 14 il də. Həmçinin qanun layihəsində ali təhsilin 3 səviyyədən - bakalavriat, magistratura və doktoranturadan ibarət olması nəzərdə tutulub?.
Ş.Hacıyev ikinci oxunuş zamanı qanun layihəsində ciddi müzakirələrə səbəb olmuş 27-ci maddəyə - tələbə qəbulu və tələbələrin yerləşdirilməsi məsələsinə də aydınlıq gətirib: ?Tələbə qəbulu ilə bağlı məsələ, demək olar ki, çox da dəyişikliklərə məruz qalmayıb. Biz də hesab edirik ki, tələbə qəbulu test üsulu ilə həyata keçirilməlidir, daha doğrusu, biliyin qiymətləndirilməsi test üsulu ilə olmalıdır. Ancaq bununla belə, hesab edirik ki, ali və orta ixtisas məktəbinə daxil olmaq istəyən abituriyent həm təhsil müəssisəsini, həm də ixtisasını sərbəst seçmək hüququna malik olmalıdır. Yəni, test üsulundan keçən tələbə sərbəst şəkildə öz istədiyi təhsil müəssisəsində yerləşdirilməli və istədiyi ixtisasda oxumalıdır.
Bu yerdə onu da xatırlatmaq istəyirəm ki, dünən (srağagün) TQDK-dan qanun layihəsinin 8 maddəsi üzrə rəy almışıq və həmin rəydə də 4 təklif əksini tapıb. Birinci təklifdə qeyd olunur ki, orta məktəbləri medalla bitirən şagirdlərin avtomatik olaraq ali məktəblərə yerləşdirilməsi məsələsi qanun layihəsindən çıxarılsın. Ancaq biz bunu o qədər də məqsədəuyğun saymırıq. İkinci təklifdə qeyd edilir ki, olimpiadaların qaliblərinin ali məktəblərə birbaşa qəbulunu nəzərdə tutan müddəa qanun layihəsindən çıxarılsın. Biz bunu da o qədər məqsədəuyğun hesab etmirik. Digər təkliflərə gəlincə, orada magistr hazırlığı məsələsi ilə bağlı məqamın, eləcə də bir təhsil pilləsində əldə edilən nailiyyətlərin növbəti təhsil pilləsində nəzərə alınması ilə bağlı məqamın dəyişdirilməsi təklif olunur. Bir sözlə, biz həmin təkliflərdən, sadəcə, 2-sini üçüncü oxunuşda nəzərə almışıq?.
Ş.Hacıyevin məlumatı dinlənildikdən sonra qanun layihəsi ətrafında geniş müzakirələrə başlanılıb.
Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Əli Əhmədov qanun layihəsində təhsil müəssisələrinin lisenziya müddəti ilə bağlı məqamdan narazılığını ifadə edib: ?Məsələn, hansısa xarici hüquqi və yaxud fiziki şəxs Azərbaycanda 9 illik orta məktəb açmaq istəyir. Ancaq biz həmin hüquqi və yaxud fiziki şəxsə cəmi 3 illik lisenziya müddəti veririk. Bu, nə dərəcədə məntiqidir? Ona görə hesab edirəm ki, bu məsələ qanun layihəsində bir daha nəzərdən keçirilməli və dəqiqləşdirilməlidir?.
Azərbaycan Diplomatiya Akademiyasının (ADA) rektoru Hafiz Paşayev qanun layihəsinə müsbət yanaşdığını bildirməklə yanaşı, orada artıq sözlərin, terminlərin olmasından da narazılığını dilə gətirib: ?Misal üçün, qanun layihəsində ?distant təhsil? sözü əksini tapıb. Ancaq mən elə hesab edirəm ki, həmin söz ?məsafədən təhsil? formasında öz əksini tapmalıdır. Bundan başqa, qanun layihəsində göstərilir ki, ?fəxri professor? adı ancaq əcnəbi şəxslərə verilə bilər. Lakin biz praktikada bəzən bunun əksini də görürük. Yəni, bizdə də hansısa elm adamlarına bu və ya digər ali məktəblərin ?fəxri professoru? adı verilir. Ona görə də həmin maddədə dəqiqləşdirmələrə ehtiyac var?.
Bakı Dövlət Universitetinin (BDU) rektoru, millət vəkili Abel Məhərrəmov qanun layihəsinin həcminin indikindən daha geniş olmasının vacibliyini qeyd edib: ?Biz bu qanun layihəsini daha geniş hazırlaya bilərdik. Maddələrin sayını 47-dən bir qədər də artıra bilərdik. Çünki qanun layihəsi nə qədər geniş olsaydı, gələcəkdə istər ali təhsillə, istər peşə təhsili ilə bağlı sahəvi qanunlar hazırlanarkən bir o qədər əlavə əziyyət çəkilməzdi?.
?Müsavat? Deputat Qrupundan olan millət vəkili Pənah Hüseyn, ümumiyyətlə, qanun layihəsinin müzakirəsi zamanı test üsuluna göstərilən münasibətdən razı qalmadığını bildirib: ?Test üsuluna münasibət məni heç cür qane etmir. Hesab edirəm ki, test üsulu qalmalı, lakin təkmilləşdirilməlidir?.
?Müsavat? Deputat Qrupundan olan digər millət vəkili Nəsib Nəsibli qanun layihəsində milliliyin az əksini tapmamasından narazılığını gizlətməyib. O, eyni zamanda, qanun layihəsində ?millilik? və ?dünyəvilik? anlayışlarının bir yerdə yazılmasını düzgün saymayıb.
?Təhsil haqqında? qanunun tez-tez dəyişdirilməsini düzgün hesab etmədiyini bildirən təhsil naziri Misir Mərdanov bununla yanaşı, müzakirəyə çıxarılan variantın çox mükəmməl və təkmil olduğunu söyləyib: ?Qanun layihəsində olimpiada qaliblərinə ali məktəblərə birbaşa qəbul imkanının verilməsi çox yüksək qiymətləndirilməlidir. Burada qorxulu heç nə yoxdur. Bu yaxınlarda Sinqapurda səfərdə olmuşam və səfər zamanı məlum olub ki, həmin ölkənin dünya səviyyəli ən yüksək prestijli universitetlərindən birində bu və ya digər dünya olimpiadalarının qalibi olmuş azərbaycanlılar təhsil alır. Səhv etmirəmsə, həmin azərbaycanlıların sayı 7-8 nəfərdir ki, onların da hamısı məhz Sinqapur hökumətinin ayırdığı vəsait hesabına təhsil alırlar. Belə olan halda, indi nəyə görə bu məsələyə etiraz olunur, başa düşə bilmirəm. Eyni zamanda, orta məktəbi medalla bitirən şagirdlərin ali məktəblərə birbaşa qəbulu nəyə görə etiraz doğurmalıdır? Əslində, bu, orta məktəblər üçün bir stimuldur və stimul rolunu oynaya bilər?.
Müzakirələri yekunlaşdıran vitse-spiker Bahar Muradova isə sözügedən qanun layihəsinin yüksək səviyyədə hazırlanmasına görə İşçi Qrupunun, eyni zamanda, Elm və təhsil komitəsinin üzvlərinə öz minnətdarlığını bildirib: ?Hesab edirəm ki, nəhayət, biz ayın 19-da cəmiyyətin uzun müddətdən bəri səbirsizliklə gözlədiyi təhsil qanununu bütövlükdə qəbul edib, başa çatdıracağıq?. Müzakirələrin sonunda qanun layihəsi səsə qoyularaq parlamentin ayın 19-da keçiriləcək plenar iclasına tövsiyə olunub.