Əli Hüseynov: ?Azərbaycan Avroatlantik strukturla tərəfdazlığı təhlükəsizliyə, iqtisadi inkizafa və demokratiyaya dəstək verəcək vasitə kimi görü

img

16-06-2009 [04:07]


Bu gün Bakıda ?Azərbaycan hüquq-mühafizə orqanları və silahlı qüvvələrində aparılan islahatların avroatlantik məkana inteqrasiyada rolu? mövzusunda konfrans başlayıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, konfrans NATO-nun və Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Azərbaycan Hüquqşünasları Konfederasiyası və Avrasiya Hüquqşünaslar Assosiasiyası tərəfindən təşkil olunub. Tədbirdə çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, bu il Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulmasından 15 il ötür. Ötən müddətdə Azərbaycan bu çərçivədə NATO tədbirlərində fəal iştirak etməklə yanaşı, fərdi proqramlar üzrə bir çox işlər görüb. Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı (İPAP) çərçivəsində isə 250-dək tədbir həyata keçirilməsi planlaşdırılır. Ə.Hüseynov deyib ki, Azərbaycan yerləşdiyi regionda və Avropada vahid təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmindədir. Azərbaycan Avropa və Avroatlantik məkanda qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında NATO ilə birgə işləyir: ?Azərbaycan Avroatlantik strukturla tərəfdaşlığı bütövlükdə Avroatlantik məkanda ümumi təhlükəsizliyə, iqtisadi inkişafa və demokratiyaya dəstək verəcək vasitə kimi görür?. Əli Hüseynov həmçinin NATO ilə Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və DİN Daxili Qoşunları arasındakı əməkdaşlıqdan da danışıb. Qeyd edib ki, Azərbaycan 1994-cü ildə Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulub, bu da ölkəmizlə NATO silahlı qüvvələri, eləcə də mülki qurumlar arasında əlaqələndirmənin səviyyəsinin artırılmasına böyük töhfələrini verməkdədir. Qeyd olunan qurumların əməkdaşları Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində təcrübə mübadilələrində, seminarlarda, təlimlərdə fəal iştirak etməklə döyüş aparılması, terrorizmlə mübarizə və s. istiqamətlərdə zəngin təcrübəyə yiyələniblər. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç isə Cənubi Qafqaz və Xəzər hövzəsində təhlükəsizliyin Türkiyənin xarici siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb: ?Türkiyə olaraq Azərbaycanın demokratikləşmə, Avroatlantika qurumlarına inteqrasiya olunmaq iradəsini dəstəkləyirik?. Səfir qeyd edib ki, bu gün Azərbaycan sanballı cazibə mərkəzlərindən birinə çevrilib. Azərbaycanın malik olduğu zəngin təbii ehtiyatlar və insan resursları ilə yanaşı, geosiyasi vəziyyəti və Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin mərkəzində yerləşməsi bu cazibənin əsas mənbəyini təşkil edir. Ancaq bu mənbələrin və fərqli xüsusiyyətlərin olmasına baxmayaraq, bir ölkənin diqqət mərkəzinə çevrilməsi və bu vəziyyəti qoruması siyasi, iqtisadi sabitlik və sosial stabillik təmin olunmadan mümkün deyil: ?Azərbaycanın ciddi və uzunmüddətli bir ortaq olması bu ölkədə hər sahədə həyata keçirilməkdə olan müvəffəqiyyətli islahatların davamından asılıdır. Türkiyə olaraq Azərbaycanın demokratikləşmə, Avroatlantika qurumlarına inteqrasiya olunmaq iradəsini dəstəkləyirik?. Səfir daha sonra qeyd edib ki, Azərbaycanın NATO ilə əməkdaşlığını gücləndirmək məqsədilə təsdiq etdiyi Fərdi Tərəfdaşlıq Fəaliyyət Planında (İPAP) da nəzərdə tutulduğu kimi, silahlı qüvvələrin mülki orqanın nəzarəti altında olması ordunun effektivliyini artıran və təyin olunmuş əsas vəzifələri daxilində fəaliyyət göstərməsinə imkan verir. O, qeyd edib ki, Azərbaycanda hərbi doktrinanın qəbulunun tezləşdirilməsi NATO-nun bu sahədə nəzərdə tutduğu standartlar səviyyəsinə qalxmasını tezləşdirmiş olar: ?Azərbaycanda hərbi doktrinanın qəbulu NATO standartları üçün önəmlidir?. NATO-nun Cənubi Qafqaz ölkələri üzrə əlaqələndirici zabiti Zbiqnev Rıbatski isə Azərbaycanın İPAP-da fəal iştirak etdiyini söyləyib: ?İPAP-a uyğun olaraq Azərbaycanda strateji sənədlərin hazırlanması prosesi gedir. Silahlı Qüvvələr NATO standartlarına uyğunlaşdırılır. Bu kontekstdə hərbi təhsil, kadrların hazırlanması və idarəetmə məsələlərinə xüsusi diqqət ayrıldığını deyə bilərəm?. Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureku deyib ki, bu ilin yanvarında Azərbaycanla NATO arasında kontakt dövlət missiyasını üzərinə götürən Rumıniyanın əsas vəzifəsi Bakını NATO ilə yaxınlaşdırmaq, habelə Azərbaycan ictimaiyyətini NATO barədə məlumatlandırmaq olacaq. Səfirin sözlərinə görə, müasir şəraitdə təhlükəsizlik yalnız hərbi parametrlərdən asılı deyil, kütləvi qırğın silahlarının yaradılması texnologiyasının terrorçular tərəfindən öyrənilməsi, narkotik qaçaqmalçılığı, qanunsuz miqrasiya və s. müasir dövrün əsas təhdidləri sırasında nəzərə alınmalıdır. Qeyd edək ki, iki günlük konfrans sabah davam etdiriləcək. Sabah Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Silahlı Qüvvələr və Daxili Qoşunların NATO ilə əməkdaşlığı mövzusunda məruzələr olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA