"Namaz qıldığım üçün məktəbdən qovuldum"

img

15-06-2009 [09:48]


[b]Ruzi Abbasov: "Məktəb rəhbərliyi anamın mitinqdə çəkilmiş şəklini qəzetdə görəndən sonra mənimlə soyuq davranmağa başladı"[/b] Ruzi Baqi oğlu Abbasov 1986-cı ildə Qərbi Azərbaycanda anadan olub. Xətai rayonundakı 264 saylı orta məktəbi bitirib. 2002-ci ildə yüksək balla C.Naxçıvanski adına hərbi liseyə, 2005-ci ildə hərbi liseyi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinə daxil olub. Ruzi Abbasov hərbi məktəblərdə oxuduğu 6 il ərzində 20-yə yaxın fəxri fərman, diplom və təşəkkürlərlə təltif olunub, hazırladığı brifinq və çıxış etdiyi bir sıra fənn olimpiadalarında təhsil aldığı müəssisəni uğurla təmsil edib. 2005-ci ildə sərbəst güləş üzrə Bakı birincisi olub. 2007-ci ildə isə hərbi məktəblər arasında keçirilən turnirdə 2-ci yeri tutub. Dərslərində və idmanda uğurlar qazandığı üçün şəkli 6 il şərəf lövhəsinə vurulub. 2008-ci ildə Ruzinin karyerasına ağır zərbə vurulub. Təxminən bir il əvvəl o, təhsil aldığı Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən qanunsuz olaraq uzaqlaşdırılıb. Üç il təhsil aldığı məktəbə yenidən bərpa ediləcəyi günü səbirsizliklə gözləyən Ruzi deyir: "Atam hərbçi olub. Uşaqlıqdan bu peşəyə xüsusi rəğbət bəsləmişəm. Atamın yolunu davam etdirmək üçün Naxçıvanski adına hərbi liseyə qəbul oldum. Ali hərbi məktəbdə oxuduğum üç il ərzində qiymətlərim əla və yaxşı olduğuna görə əlavə 25 faiz məvacib almışam. 2008-ci ildə rəhbərliyin mənə qarşı münasibətində soyuqluq hiss etməyə başladım. Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin rəhbərliyi müxtəlif üsullarla mənə təzyiq edirdi. Bu proses mənim məktəbdən xaric edilməyimlə nəticələndi. Halbuki nizamnamədə göstərilir ki, tələbənin 3-cü kursdan sonra məktəbdən xaric edilməsi üçün çox ciddi səbəblər olmalıdır. Qovulmağıma rəsmi səbəb kimi daxili nizam-intizam qaydalarına riayət etməməyim göstərildi. Halbuki qiymətlərim və məktəb rəhbərliyindən aldığım çoxsaylı təşəkkürlər belə bir qərarın çıxarılmasına imkan vermir". R.Abbasov deyir ki, oxuduğu təhsil müəssisəsindən xaric edilməsinə səbəb ibadətlə məşğul olması olub. Müsahibimizin sözlərinə görə, məktəb rəhbərliyi onun namaz və oruc kimi vacib ibadətləri yerinə yetirməsinə mane olurmuş. Hətta bununla bağlı dəfələrlə ona xəbərdarlıq da edilib: "Artıq bir neçə ildir ki, ibadətlə məşğulam. Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində məscid olmadığı üçün otaqda namaz qılırdım. Buna görə də məktəb rəhbərliyi uzun müddət namaz qılmağımdan xəbər tutmadı. Mən özüm də çalışırdım ki, ibadətlə məşğul olmağım dərslərimə mane olmasın. Amma namaz qıldığımı öyrənəndən sonra rəhbərliyin mənə münasibəti dəyişdi. Hesab edirəm ki, mənimlə bağlı bu cür sərt qərarın çıxarılmasının kökündə ibadətlə məşğul olmağım dayanır". Ruzi Abbasov Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən uzaqlaşdırılmasında anasının siyasi mənsubiyyətinin rol oynadığını da bildirir: "Anam və dayılarım müxalifətçidirlər. Onlar uzun illərdir ki, Azərbaycan Demokrat Partiyasının sıralarında fəaliyyət göstərirlər. Məktəb rəhbərliyi anamın aktiv müxalifətçi olduğunu bu hadisədən bir müddət əvvəl öyrənmişdi. Onun iştirak etdiyi kütləvi aksiyaların birindən çəkilmiş şəkli qəzetdə dərc olunandan sonra məktəb rəhbərliyinin mənə münasibəti daha da sərtləşdi". Müsahibimizin sözlərinə görə, hüquqlarını bərpa etmək üçün ötən bir ildə əlindən gələni əsirgəməyib. Təhsil aldığı məktəbə bərpa olunmaq ümidilə Xətai rayon Məhkəməsinə də müraciət edib: "Amma hakim Səadət Səlimovanın rəhbərliyi altında keçirilən məhkəmə prosesdə mənim iddiam rədd edildi. Bundan sonra Apellyasiya Məhkəməsinə müraciət etdim. Lakin Apellyasiya Məhkəməsi Xətai rayon Məhkəməsinin qərarını qüvvədə saxladı. Yaxın günlərdə Ali Məhkəməyə müraciət edəcəyəm. Əgər bu dəfə də haqq-ədalət öz yerini tutmasa, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyəm. Çünki ən böyük arzum peşəkar hərbçi kimi yetişib, Azərbaycanın dəniz sərhədlərini qorumaqdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA