Dini hakimiyyət uğrunda mübarizə qızızıb

img

14-06-2009 [05:51]


[b]Hakimiyyətdəki rəqibləri QMİ sədrinin tərəfdarlarını zərərsizləşdirmək istəyirlər[/b] "Dini etiqad azadlığı haqqında" Qanuna təklif olunan əlavə və dəyişikliklər ciddi müzakirə predmetinə çevrilib. Milli Məclisin müzakirəsinə təqdim olunan dəyişikliklərin dini etiqad azadlığını məhdudlaşdıracağı bildirilir. Bəzi müşahidəçilər hesab edirlər ki, millət vəkillərinə təklif olunan əlavə və dəyişikliklərin qəbulu bu sahədə mövcud olan problemləri bir qədər də dərinləşdirəcək. Qeyd edək ki, bir çox dini icmalar yaranmış vəziyyətə görə narahatlıq keçirdikləri halda, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu dəyişiklikləri alqışlayır. Dövlət Komitəsinin sədri Hidayət Orucov məsələyə münasibət bildirərkən deyib ki, dövlət qanunvericilik vasitəsilə dindarların və cəmiyyətin digər təbəqələrini təmsil edən insanların hüquqlarının pozulmasının qarşısını almaq istəyir. Amma Hidayət Orucovun açıqladığı faktlar bu sahədə mövcud olan problemlərin getdikcə daha kəskin xarakter aldığını göstərir. Dövlət rəsmisinin bir müddət öncə fəaliyyətinə son qoyulmuş "İlahiyyat" məscidi ilə bağlı nümayiş etdirdiyi mövqe xüsusilə diqqəti cəlb edir. Cümə namazlarında adıçəkilən ibadət ocağına 8 min insanın gəldiyini açıqlayan Dövlət Komitəsinin sədri gələcəkdə də bu məscidin fəaliyyət göstərməsinə icazə verilməyəcəyini deyib. H.Orucov "İlahiyyat"da namaz qılan insanları digər məscidlərdə ibadət etməyə çağırıb. Dövlət Komitəsi sədrinin açıqladığı rəqəmlər müəyyən nəticələr çıxarmağa əsas verir. Məlum olduğu kimi, radikal təriqət üzvlərinin son illər ən çox üz tutduğu məkan "Əbu Bəkr" məscidi olub. Ötən ilin avqustuna kimi cümə günləri bu ibadət ocağına 20 minə yaxın dindar toplaşırdı. Vəhhabi təriqətinə məxsus olan şəxslərin böyük əksəriyyətinin cümə namazlarını "Əbu Bəkr"də qılması hakimiyyət dairələrini də ciddi şəkildə narahat edirdi. 2008-ci ilin avqustunda bu ibadət ocağında baş verən qanlı terror hadisəsi hüquq-mühafizə orqanlarına "Əbu Bəkr"in bağlanması üçün bəhanə verdi. Ötən 10 ay ərzində məscidin açılmasına icazə verilməməsi hakimiyyətin radikal qruplaşmalara güzəştə getmək niyyətində olmadığını göstərir. Hidayət Orucovun açıqladığı rəqəmlər isə radikal təriqət üzvlərinin bir qisminin "Əbu Bəkr" və "Şəhidlər" məscidlərinin bağlanmasından sonra "İlahiyyat"a üz tutduğunu göstərir. Komitə sədrinin cümə namazlarının digər ibadət ocaqlarında qılınması ilə bağlı dindarlara ünvanladığı xahiş-müraciət isə ilk növbədə təhlükənin böyüklüyündən xəbər verir. Dövlət Komitəsinin adının çəkilməsini istəməyən əməkdaşlarından biri bizimlə söhbətdə dini sferada cərəyan edən proseslərin siyasi hakimiyyət tərəfindən idarə olunduğunu deyib. Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən dini icmaların sürətlə öz ətrafına yeni tərəfdarlar toplaması iqtidar mənsublarını ciddi şəkildə narahat etməyə başlayıb. Mənbə deyib ki, son iki ildə Azərbaycanda 157 dini qurum qeydiyyatdan keçib. Bununla da dövlət qeydiyyatına alınan dini qurumların sayı 534-ə çatıb. "Əvvəllər qeydiyyatdan keçən bütün dini icmalara Qafaqaz Müsəlmanları İdarəsi (QMİ) nəzarət edirdi. Son illər QMİ-nin nəzarətində olmayan çoxlu sayda dini qurum qeydiyyata alınıb. Uzun illər DQİDK-lə Qafqaz Müsəlmanları İdarəsi arasında konfliktin mövcud olması bu sahədə əməlli-başlı anarxiya yaradıb. Hakimiyyət dini icmaların əhalinin üzərindəki təsirinin artmasından ehtiyatlanaraq, onları nəzarətə götürməyə çalışır. Çox güman ki, nəzarətdən kənarda qalan dini qurumların fəaliyyəti qadağan ediləcək". DQİDK əməkdaşı bizimlə söhbətdə Bakıda fəaliyyət göstərən bir neçə məscidin dağıdılmasının və bağlanmasının səbəblərinə də aydınlıq gətirib. Onun sözlərinə görə, müxtəlif xarici dövlətlər tərəfindən Azərbaycanda inşa olunan ibadət ocaqları artıq siyasi hakimiyyət üçün təhlükə mənbəyinə çevrilib: "Ötən əsrin 90-cı illərində Türkiyə Azərbaycanda 24 məscid inşa etdirib. Küveytin maliyyə dəstəyi ilə tikilən məscidlərin sayı isə 63-ə çatır. Bundan əlavə, Səudiyyə Ərəbistanı 3, Qətər isə Bakıda 1 məscid inşa etdirib. Maraqlısı odur ki, bu məscidlərdə həmin dövlətlərdə təhsil almış şəxslər fəaliyyət göstərirlər. Bu isə müxtəlif xarici dövlətlərin Azərbaycandakı maraqlarını həyata keçirməsi üçün yeni imkanlar yaradır. Hakimiyyət ideoloqları bunun fərqində olduqları üçün "Dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər etməklə xarici ölkələrdə dini təhsil almış şəxslərin fəaliyyətini məhdudlaşdırmağa çalışırlar". Sonda mənbə problemin kökünün daha dərində olduğunu bildirib. Onun sözlərinə görə, mövcud vəziyyətin yaranmasının əsas səbəblərindən biri də dini hakimiyyət uğrunda mübarizənin qızışmasıdır: "İndiyə kimi ölkədə fəaliyyət göstərən bütün dini icmalara Hacı Allahşükür Paşazadə nəzarət edirdi. Məscidlərin axundları şeyxə yaxın olan, məhz onun tərəfindən xarici ölkələrə təhsil almağa göndərilmiş şəxslər idi. Əgər belə demək mümkündürsə, bu sferada əsas söz sahibi QMİ sədrinin mənsub olduğu bölgənin nümayəndələriydilər. Uzun illər siyasi hakimiyyətdə mühüm post tutmuş Hidayət Orucovun Dövlət Komitəsinin sədri təyin edilməsindən sonra bu sahədə vəziyyət dəyişməyə başladı. Hidayət Orucov artıq özünün komandasını formalaşdırıb və tərəfdarlarını dini qurumların rəhbərliyinə gətirməyə çalışır: "Dini etiqad azadlığı haqqında" Qanuna təklif olunan əlavə və dəyişikliklərin mahiyyətində də məhz bu məqam dayanır. Parlament təklif olunan əlavə və dəyişiklikləri təsdiqləyəndən sonra xaricdə təhsil almış şəxslər dini qurumlarda fəaliyyət göstərə bilməyəcəklər. Hakimiyyətdəki rəqibləri bu yolla şeyxin tərəfdarlarının qarşısında "qırmızı işıq" yandırmaq istəyirlər".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA