14-06-2009 [05:38]
[b]QHT, dini və mətbu sektorda tətbiq ediləcək dəyişikliklər bir müddət sonra iqtisadi sferaya da şamil olunacaq [/b]
Son illər Azərbaycanda söz və mətbuat azadlığı, insan haqları sahəsində ciddi problemlər yaranıb. Nüfuzlu beynəlxalq təşkilatların, böyük dövlətlərin insan haqlarına dair illik hesabatlarında ölkəmizin adının "qara siyahı"da göstərilməsi Azərbaycanın imicini ciddi şəkildə zədələyib. Avropa Şurasının siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin etməsindən sonra isə rəsmi Bakı ilə beynəlxalq təşkilatlar arasındakı münasibətlər daha da kəskinləşib.
Azərbaycan parlamentinin son vaxtlar qanunların mürtəceləşdirilməsi istiqamətində göstərdiyi fəaliyyət demokratik təsisatlar üçün böyük təhlükə vəd edir. Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi tərəfindən hazırlanan sənədlər toplusu bu sahədə vəziyyətin daha da ağırlaşacağını proqnozlaşdırmağa əsas verir. Qeyd edək ki, Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi tərəfindən "Kütləvi informasiya vasitələri haqqında", "Qeyri-hökumət təşkilatları haqqında" və "Dini etiqad azadlığı haqqında" qanunlara təklif olunan əlavə və dəyişikliklər artıq bir neçə gündür ki, ciddi müzakirə mövzusuna çevrilib. Milli Məclis tərəfindən qəbul ediləcək əlavə və dəyişikliklərin Azərbaycanda söz və mətbuat azadlığını məhdudlaşdıracağı, demokratik təsisatları sıradan çıxaracağı artıq heç kimə sirr deyil.
Hadisələrin təhlili azad mətbuata qarşı təzyiqlərin bir neçə il bundan əvvəl başladığını söyləməyə əsas verir. Bu proses müstəqil və müxalifət qəzetlərinin məhkəmələr tərəfindən fatastik məbləğdə cərimələnməsi ilə start götürdü. Azadfikirli jurnalistlərin həbsi, tənqidçi jurnalistikanın müxtəlif üsullarla susdurulması "dördüncü hakimiyyət"in təsir imkanlarını minimuma endirdi. Bu il mart ayının 18-də keçirilən referendumda "Kütləvi informasiya vasitələri haqqında" Qanuna edilən əlavə və dəyişikliklərdən sonra jurnalistlərin fəaliyyət imkanlarının məhdudlaşdırılması qanuniləşdirildi.
Qeyd edək ki, mətbuatın və ictimai institutların fəaliyyətini tənzimləyən qanunlara təklif olunan əlavə və dəyişikliklər vətəndaş cəmiyyəti quruculuğunda iştirak edən subyektlər tərəfindən narazılıqla qarşılanıb. 100-dən artıq QHT-nin birləşdiyi Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin iyunun 12-də Media Mərkəzində təşkil etdiyi tədbirdə Azərbaycan hakimiyyətinin ünvanına kəskin ittihamlar səsləndirilib. Başda Avropa Şurası, ATƏT olmaqla bütün nüfuzlu beynəlxalq təşkilatlara müraciət edən QHT nümayəndələri rəsmi Bakıya qarşı sanksiyaların tətbiq olunmasının vacibliyini vurğulayıblar. Tədbir iştirakçıları həmçinin Azərbaycan QHT-lərinin "Şərq Tərəfdaşlığı" Proqramında iştirak etməyəcəklərini bildiriblər.
Əslində, nə baş verir? Hakimiyyətin azad mətbuatın və demokratik institutların üzərinə təşkil etdiyi "yay hücumu"nun arxasında nə dayanır? Adının çəkilməsini istəməyən iqtidar təmsilçisi bizimlə söhbətdə bir neçə qanuna təklif olunan əlavə və dəyişikliklərin Azərbaycan cəmiyyətinin müqavimət əzmini qırmağa yönəldiyini deyib. Onun sözlərinə görə, hakimiyyət ölkədə fəaliyyət göstərən bütün QHT-ləri və KİV-i vahid mərkəzdə cəmləmək istəyir. Mənbə deyib ki, hakimiyyət təmsilçiləri bu prosesin həm daxildə, həm də xaricdə ciddi müqavimətlə üzləşəcəyini bilirlər. Buna baxmayaraq, yuxarıda adıçəkilən qanunlara təklif olunan əlavə və dəyişikliklərin reallaşdırılmasına qərar verilib: "Nəzərdə tutulan dəyişikliklər ilk növbədə xaricdən maliyyələşən QHT-lərin sıradan çıxarılmasına yönəlib. Heç kimə sirr deyil ki, Azərbaycanda fəaliyyət göstərən bir neçə QHT-nin illik büdcəsi 500 min dollardan artıqdır. Bu QHT rəhbərlərinin Azərbaycan hakimiyyətindən maliyyə asılılığı olmadığı üçün onlar sərbəst fəaliyyət göstərə bilirlər. Beynəlxalq təşkilatlar özlərinin illik hesabatlarını məhz bu QHT-lərin göndərdiyi məlumatlar əsasında hazırlayırlar. Bunun nəticəsində də həmin hesabatlarda Azərbaycanın adı Nigeriya, Zimbabve, İran, Özbəkistan kimi demokratik təsisatların sıxışdırıldığı ölkələrlə bir sırada çəkilir. Buna görə də hakimiyyət həmin təşkilatları sıradan çıxarmaqda israrlıdır".
Müsahibimiz deyib ki, iqtidar ölkədə fəaliyyət göstərən bütün QHT-ləri öz nəzarətinə götürməyə çalışır: "Milli Məclis təklif olunan əlavə və dəyişiklikləri qəbul etsə, QHT Şurasının nüfuzu bir neçə dəfə artacaq. "Qeyri-hökumət təşkilatları haqqında" Qanuna təklif olunan əlavə və dəyişikliklər qəbul olunsa, yerli QHT-lər xarici donorlardan yalnız Azay Quliyevin rəhbərlik etdiyi qurumdan aldıqları qədər qrant ala biləcəklər. Bu isə o deməkdir ki, QHT Şurası "özfəaliyyətlə" məşğul olan təşkilatların layihələrini maliyyələşdirməməklə onları bir il maliyyə yardımı almaqdan məhrum edəcək".
Mənbə deyib ki, hakimiyyət qanunları dəyişdirdikdən sonra QHT Şurasının nüfuzunu artırmaq üçün bəzi tədbirlər həyata keçirməyi planlaşdırır. Onun sözlərinə görə, 2010-cu ildə QHT Şurasının büdcəsi 10 milyon manata çatdırılacaq. 2008-2009-cu illərdən fərqli olaraq, gələn il QHT-lərin layihəsi ildə iki dəfə maliyyələşdiriləcək. Beynəlxalq təşkilatlarla isti münasibəti olan QHT-lər hakimiyyətin tələblərinə boyun əyəcəkləri təqdirdə, onların maddi təminatı dövlət büdcəsi hesabına ödəniləcək.
Adının çəkilməsini istəməyən hakimiyyət təmsilçisi bizimlə söhbətdə deyib ki, rəsmi Bakı iyunun 19-da millət vəkillərinin müzakirəsinə çıxarılacaq qanunlara ediləcək əlavə və dəyişikliklər barədə Avropa Şurasını və Azərbaycanın əməkdaşlıq etdiyi digər nüfuzlu beynəlxalq təşkilatları məlumatlandırıb. Onun sözlərinə görə, Qərb dövlətlərinin təmsilçiləri "Dini etiqad azadlığı haqqında" Qanuna ediləcək əlavə və dəyişiklikləri dəstəkləyirlər: "Artıq uzun müddətdir ki, hakimiyyət ölkədə radikal dini qruplaşmaların fəallaşması barədə təbliğat aparır. Bu təbliğatın fonunda bir neçə məscid dağıdılıb, radikal təriqət üzvlərinin bir araya gəldiyi "Əbu Bəkr", "Şəhidlər", "İlahiyyat" kimi ibadət ocaqlarının fəaliyyəti dayandırılıb. Maraqlıdır ki, Qərb bu prosesə seyrçi qalmaqda davam edir. Hakimiyyət təmsilçiləri Qərb dövlətlərini inandırıb ki, əgər "Dini etiqad azadlığı haqqında" Qanun sərtləşdirilməsə, İran və Səudiyyə Ərəbistanından xüsusi tapşırıqla gələnlər Azərbaycanda böyük təhlükə mənbəyinə çevriləcəklər".
Sonda mənbə deyib ki, QHT, dini və mətbu sektorda tətbiq ediləcək dəyişikliklər bir müddət sonra iqtisadi sferaya da şamil olunacaq. Onun sözlərinə görə, hakimiyyət ictimai institutları sıradan çıxardıqdan sonra böyük şirkətləri və bankları da tam olaraq nəzarətə götürməyə başlayacaq. Müsahibimiz bildirib ki, "Sahibkarlıq və sahibkarlıq fəaliyyəti haqqında" və "Bank və banklar haqqında" qanunlara da mürtəce dəyişikliklər ediləcək. Dəyişikliklərdə əsas məqsəd iri maliyyə qurumlarını vahid mərkəzdə bir araya gətirib, nəzarətdə saxlamaqdır.