Politoloqlar Türkiyə-Ermənistan münasibətləri və Dağlıq Qarabağ münaqizəsilə bağlı fikir mübadiləsi aparıblar

img

12-06-2009 [03:53]


Bu gün Azərbaycan Media Mərkəzində Humanitar Tədqiqatlar Cəmiyyətinin təşkilatçılığı ilə ?Türkiyə-Ermənistan münasibətləri və Dağlıq Qarabağ münaqişəsi? mövzusunda debat keçirilib. Tədbirdə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu, siyasi şərhçi Rauf Mirqədriov, millət vəkili Nəsib Nəsibli, politoloqlar Zərdüşt Əlizadə, Elxan Şahinoğlu, tarixçi-alim Məhərrəm Zülfüqarı, QHT rəhbərləri və media təmsilçiləri iştirak ediblər. SİTM sədri Mübariz Əhmədoğlu bildirib ki, Türkiyə-Ermənistan sərhədlərinin açılacağı ilə bağıl müzakirələr Azərbaycan ictimaiyyəti tərəfindən maraqla izlənilir. Politoloq bunu hər iki dövlətin strateji müttəfiq olması ilə izah edib. Onun sözlərinə görə, hadisələrin inkişafı Türkiyənin gələcəkdə Ermənistanla sərhədləri açacağını söyləməyə əsas verir: ?Sərhədlərin açılması Ermənistan üçün əlavə stimul olacaq. İndiki həssas məqamda Türkiyənin Ermənistanla sərhədlərini açması arzuolunan deyil. Azərbaycan həmişə Türkiyənin etibarlı tərəfdaşı olub. Biz hətta münaqişənin tənzimlənməsi prosesindəki rolumuzu Türkiyəyə verərək, ikinci sırada yer almışıq. Buna görə də Türkiyə höküməti mövcud siyasi vəziyyəti düzgün qiymətləndirib, Ermənistanla sərhədləri açmamalıdır. Amma mən əminəm ki, Türkiyə hətta Ermənistanla sərhədləri açsa belə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini təkbaşına öz maraqlarına uyğun həll edə biləcək?. Siyasi şərhçi Rauf Mirqədirov isə Türkiyə-Ermənistan sərhədlərinin məhz Dağlıq Qarabağ münaqişəsinə görə bağlı qaldığına inanmadığını deyib: ?Düz, 15 ildir bizə təlqin edirlər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün Türkiyə bu ölkə ilə sərhədlərini bağlı saxlayır. Halbuki belə deyil. Türkiyənin özünün maraqları tələb edir ki, Ermənistanla sərhədləri bağlı qalsın. Hər bir dövlət kimi Türkiyə də xarici siyasət kursunu müəyyənləşdirərkən ilk növbədə özünün dövlət maraqlarını nəzərə alır?. Politoloq Elxan Şahinoğlu isə Türkiyəyə qarşı ittihamların səsləndirilməsinin doğru olmadığını bildirib. Onun sözlərinə görə, Türkiyənin götürdüyü yeni xarici siyasət kursu bütün qonşularla normal münasibətlər qurmağa hesablanıb: ?Rəsmi Ankara artıq Yunanıstanla aradakı soyuqluğu ortadan qaldırıb. Ermənistan istisna olmaqla, Türkiyənin heç bir qonşusu ilə problemi qalmayıb. Ermənistanla münasibətləri normallaşdırmağı Türkiyənin dövlət maraqları tələb edir. Azərbaycan öz maraqlarından çıxış etdiyi kimi, Türkiyə də öz maraqlarını qorumalıdır. Türkiyə Azərbaycanın girovuna çevrilə bilməz?. Millət vəkili Nəsib Nəsiblinin mövqeyi isə konkret olub: ?Dağlıq Qarabağ problemini Türkiyə deyil, Azərbaycan həll etməlidir. Türkiyə daha 20 il oturub, Azərbaycanın nə vaxt hərəkətə gələcəyini gözləyə bilməz?. Tarixçi-alim Məhərrəm Zülfüqarlı isə Türkiyənin bölgədə fəallaşmasını NATO-nun Cənubi Qafqazda təsir imkanlarını artırmaq istəməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, NATO üzvü olan dövlətlər ciddi-cəhdlə Rusiyanı bu regionda sıxışdırmağa çalışırlar: ?Rusiyanın Ermənistan üzərində böyük təsiri var. Türkiyə bu təsiri azaltmaq üçün diplomatik səyləri artırıb?. Politoloq Zərdüşt Əlizadə əvvəllər də Türkiyənin Ermənistanla siyasi-iqtisadi-mədəni əlaqələrinin olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti bunu uzun illər görməməzlikdən gəlib: ?Türkiyə münasibətləri rəsmiləşdirməyə cəhd edəndə Azərbaycan iqtidarı əl-ayağa düşdü. Hakimiyyət yaxşı başa düşür ki, Türkiyənin bu addımı onun imitasiya siyasətinə son qoya bilər?. Sonda debat iştirakçıları jurnalistləri maraqlandıran digər sualları cavablandırıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA