Ekologiya Nazirliyi yeni ov mövsümünü elan etdi

img

11-06-2009 [03:26]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurasının növbəti iclası keçirilib. İclasda 2009-2010-cu illərin ov məsələsi Şura üzvləri tərəfindən müzakirə edilərək, mövsümün açılması barədə qərar verilib. Nazirliyin mətbuat katibi İradə İbrahimovanın Müstəqil İnformasiya Agentliyinə verdii məlumata görə, iyunun 6-dan yay ov mövsümü açıq elan edilib. ETSN ovçuların nəzərinə çatdırıb ki, hazırda ov mövsümü yalnız məməli heyvanlar üçün açılıb. Quş ovuna əvvəlki kimi icazə verilmir. Respublika ərazisində 2009-2010-cu illərin ov mövsümündə vəhşi heyvanların ovlanmasının müddətləri və normaları belə təyin edilib; Bu il 6 iyun -20 oktyabr aralığında yalnız üç nəfərdən az olmayan ovçu qruplarına 1 baş təkə ovlamağa icazə verilib. Üç nəfərdən az olmayan ovçu qrupları 13 sentyabr-28 dekabr aralığında 1 baş qaban (çöl donuzu) ovlaya bilər. Bir nəfər ovçu isə 13 dekabr 2009-cu il -1 fevral 2010-cu il müddətində 2 baş dovşan ovlaya bilər. ETSN-dən bildirilib ki, ölkə ərazisində bəzi heyvanların (çaqqal, yenot) saylarının tənzimlənməsi məqsədilə il boyu onların da ovlanmasına icazə verilməsi mümkündür. Xatırladaq ki, respublikada ov fəaliyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti şöbələri tərəfindən verilən birdəfəlik ov icazələri əsasında aparılır. Birdəfəlik ov icazəsinin qiyməti dovşana 2 manat 20 qəpik, çaqqala 3 manat 96 qəpik, yenota və qunduza 1 manat 65 qəpik, təkəyə 24 manat 75 qəpik, qabana (çöl donuzu) 16 manat 50 qəpik təşkil edir. Xarici ovçulara ov icazəsinin dəyəri Nazirlər Kabinetinin 176 ?-li qərarına müvafiq olaraq müəyyən edilir, ov normaları Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti ilə bağlanılmış müqavilələrə əsasən tənzimlənir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA