Azərbaycanda qan donoru çatızmır

img

09-06-2009 [06:10]


İyunun 14-də Azərbaycanın əksər şəhər və rayonlarında hemofiliyalı və talassemiyalı xəstələrə kömək məqsədilə müxtəlif təşkilatların təşəbbüsü ilə qanvermə aksiyaları keçiriləcək. Səhiyyə Nazirliyi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və digər quruplar həmin aksiyaları 14 iyun Ümumdünya Donor günü ilə bağlı təşkil edəcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasından məlumat verilib. Respublika Qan Bankından Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, ölkəmizdə əhalinin hər 12 nəfərindən biri qan xəstəliyinin əlamətlərini özündə daşıyır. Hər il Azərbaycanda talassemiya xəstəsi olan təqribən 200 uşaq dünyaya gəlir. Hazırda respublikada 2000-dən çox adam hemofiliyalı və talassemiyalı xəstə kimi rəsmi qeydiyyatdadır. Lakin qeyri-rəsmi mənbəələr belə xəstələrin sayının daha çox olduğunu iddia edirlər. Mütəxəssislərin fikrincə, xəstəliyin yayılmasının əsas səbəbi qohum nikahların çoxluğu, radiasiyalı ətraf mühit, qida və tütün məmulatlarının təsiridir. Azərbaycanda mütəmadi olaraq qanvermə aksiyaları təşkil olunsa da, donorlara ehtiyac böyükdür. Ölkəmizdə donor çatışmazlığı var, rəsmi məlumata görə, Azərbaycanda 26 mindən çox donor var. İnkişaf etmiş ölkələrdə hər min nəfərə 40-45 donor düşürsə, Azərbaycanda bu rəqəm 3-ə bərabərdir. Qeyd edək ki, ölkədə toplanmış qan ehtiyatı talassemiya, hemofiliya, leykozdan əziyyət çəkənlərə pulsuz, digər kateqoriyadan olan xəstələrə isə pulla satılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA