Deputatlara Bakını tərk etməmək tapzırılıb

img

07-06-2009 [08:48]


[b]Milli Məclisin növbədənkənar iclasının çağırılması ilə bağlı ziddiyyətli məqamlar var [/b] Milli Məclisin yaz sessiyası başa çatsa da, hakimiyyət sahibləri deputatlara ölkədən kənara çıxmamaqla bağlı tapşırıq verib. Buna səbəb kimi Milli Məclisin növbədənkənar iclasının keçiriləcəyi göstərilir. Vitse-spiker Ziyafət Əsgərovun açıqlamasına görə, 65 deputat öz təşəbbüsü ilə bu yay istirahət etmək əvəzinə işləməyi üstün tutub. Ona görə də iyunun 9-da MM-in növbədənkənar iclası keçiriləcək. Deputatların məcburi şəkildə paytaxtda saxlanılmasının əsas səbəblərindən birinin isə yeni ombudsmanın seçilməsi ilə bağlı qeyri-müəyyənliyin olmasıdır. Çünki yeni ombudsmanın seçilməsinə qərar verilərsə, bu zaman ən azı 95 deputatın Milli Məclisin iclasında iştirakına zərurət yaranacaq. Məhz bu qeyri-müəyyənliyə görə də MM-in işinin başa çatdığını bəhanə edən deputatlar iyunun sonuna kimi istirahətə getmək şanslarından istifadə edə bilməyəcəklər. MM-in növbədənkənar iclasının keçirilməsi ilə bağlı bizə bilgi verən deputatın dediyinə görə, hazırda bu iclasın keçirilməsinə deputatların birmənalı münasibəti yoxdur. Ona görə də bəzi deputatlar növbədənkənar iclasın keçirilməsini arzulamır: "Ziyafət Əsgərov 65 deputatın növbədənkənar iclasın çağırılması təşəbbüsü ilə çıxış etdiyini bildirdi. Amma səmimi deyirəm ki, məcburiyyət olmasaydı deputatların böyük əksəriyyəti növbədənkənar iclasın çağırılmasına qarşı çıxardılar. Çünki Milli Məclisdə "Təhsil haqqında" qanun layihəsi qəbul olunmalıdır. Amma bu layihə bəzi deputatları qane etmir. Onlar açıq şəkildə etirazlarını dilə gətirməkdən çəkinsələr də, qanunun qəbulunu istəmirlər. Spiker Oqtay Əsədov da "Təhsil haqqında" qanunun qəbulu ilə bağlı qəti mövqe sərgiləmir. Əksinə, O.Əsədov planlı şəkildə bu layihənin parlamentin yaz secsiyasında qəbuluna imkan vermədi. İndi də sentyabra kimi bu vəziyyətin uzanmasını istəyirlər". Həmsöhbətimizin "Təhsil haqqında" qanun qəbulunun gecikməsini həm də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğvini istəyən qüvvələrin son cəhdləri ilə bağladı: "İqtidardakı bəzi şəxslər TQDK-nin ləğv edilərək, Təhsil Nazirliyinin tabeliyində tələbə qəbulunu həyata keçirən müvafiq oqranın yaradılmasını istəyirlər. Onun üçün də yeni qəbul olunacaq qanunda buna zəmin hazırlamağa çalışırlar. Məhz həm də buna görə maraqlar toqquşduğu üçün qanunun qəbulu gecikir". Deputatın iddiasına görə, Elmira Süleymanovanın yenidən ombudsman seçilməsini istəyənlər də parlamentin növbədənkənar sessiyasının keçirilməsində maraqlı deyillər: "Milli Məclisin iclası keçirilən zaman ombudsmanın seçilməsi məsələsi də gündəmə gələcək. İstisna olunmur ki, ombudsmanın seçilməməsi ilə bağlı səs-küy böyüməyəcək və müxtəlif qruplaşmalar bundan öz məqsədləri üçün istifadə etməyəcək. Hətta bu zaman yeni bir şəxsin ombudsman seçilməsi də mümkündür. Onun üçün bir qrup deputat iyun ayında MM-in iclasının keçirilməməsinə çalışırlar. Onlar düşünürlər ki, iyulun 2-nə kimi vaxt qazana bilsələr, daha 7 il Süleymanovanın ombudsman seçilməsinə nail olacaqlar".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA