çimərliklərdə bəzi qadağalar tətbiq edildi

img

05-06-2009 [03:13]


Gələn həftədən ölkədə çimərlik mövsümünə rəsmən start veriləcək. Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidməti yeni çimərlik mövsümü üçün davranış qaydaları da müəyyənləşdirib. Dövlət Xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, valideynləri olmadan uşaqların çimərliklərə daxil olması, bu istirahət yerlərinə spirtli içki gətirilməsi, satılması, içilməsi, habelə ora sərxoş halda gəlmək qadağandır. Qadağan olunmuş yerlərdə, qeyri-çimərlik ərazilərində çimənlər, çimmə zonasında balıq ovlayanlar, çimərlikləri zibilləyənlər, təmizliyə riayət etməyənlər barəsində də müvafiq cəza tədbirləri görüləcək. Dövlət Sularda Xilasetmə Xidməti bəyan edib ki, çimərliklərə daxil olacaq bütün vətəndaşlar xəbərdaredici nişan və lövhələrin tələblərinə, xilasedicilərin çağırış və tələblərinə riayət etməlidirlər. Dövlət Sularda Xilasetmə Xidmətinin məlumatına görə, çimərliklərdə təhlükəsizliyin təminatı üçün müsir avadanlıqlara malik 64 xilasetmə məntəqəsi yaradılıb. Həmin məntəqələrdə dalğıclar, xilasedicilər və həkimlər fəaliyyət göstərəcək. Xilasetmə məntəqələri xilasetmə katerləri, rezin qayıqlar, xilasetmə gödəkçələri, meqofon, akvalanq və başqa xilasetmə avadanlıqları ilə təchiz edilib. Xəzər dənizinin çimərlik zonalarında xilasetmə katerləri vasitəsi ilə post-patrul xidməti də təşkil olunacaq. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ötən il xilasedicilər ümumilikdə 369 nəfərin həyatını xilas ediblər. 2008-ci ildə sularda 60 nəfər boğularaq ölüb. Çimərlik mövsümü olmasa da, 2009-cu ilin ilk üç ayında 8 nəfər sularda boğulub, 7 nəfərin həyatı isə xilas edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA