icra bazçılarının müraciəti cavabsız qalıb

img

04-06-2009 [09:54]


[b]Hacıbala Abutalıbovun 11 rayonun rəhbəri ilə münasibətlərindəki problemlər hələ də çözülməyib [/b] Bakının 11 rayonunun icra başçılarının Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdan Prezident Administrasiyasına şikayət etmələri barədə məlumat vermişdik. Rayon icra hakimiyyətlərindən birinin məsul əməkdaşına istinad edərək, qeyd etmişdik ki, icra başçıları Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti və onun tabeliyində fəaliyyət göstərən rayon Mənzil-Kommunal Təsərrüfatı birliklərinin ləğv olunmasını xahiş edirlər. İcra başçıları müraciətlərində bu qurumun onlara dəstək vermək əvəzinə, mane olduqlarını bildiriblər. İddia ediblər ki, departamentin rəhbəri, Hacıbala Abutalıbovun qohumu Ənvər Quliyevin kaprizləri rayonda Mənzil Kommunal İstismar sahələrinin (MKİS) fəaliyyətinə də süni əngəllər yaradır. Xüsusən MKİS rəislərinin təyinatı və rayon ərazilərində aparılan abadlıq, təmir-tikinti işlərində Ənvər Quliyevin korrupsioner fəaliyyəti önə çəkilib. Bildirilib ki, MKİS rəislərinin təyinatı üçün başçıların əksər vaxtı verdiyi təqdimatlara Ə.Quliyev rədd cavabı verir və özünün istədiyi şəxsi bu vəzifəyə göndərir. Başçılar isə həmin kadrlarla işləyə bilmir və sonradan problemlərə yaranır. Görəsən, icra başçılarının bu müraciətinin taleyi necə həll olundu? İcra başçılarının bu müraciəti mer tərəfindən necə qarşılanıb? Bu və ya digər suallarla bağlı tərəflərdən rəsmi münasibət öyrənmək mümkün olmasa da, bəzi ilginc məqamları aydınlaşdıra bilmişik. Bizi məlumatlandıran şəxsin sözlərinə görə, icra başçıları ilə merin arasında olan bu gərginliyin əsas səbəbi təkcə MKİS-lərlə bağlı deyil: "Doğrudur, 11 icra başçısının narazılığına baxmayaraq, yenə də MKİS rəislərinin təyinatı məsələsi Ənvər Quliyevin iradəsi ilə həll olunur. Lakin onların arasındakı problemin mahiyyəti təkcə bundan ibarət deyil. Başçılarla merin arasındakı konfliktin məğzində tikintilər durur. Çünki meriya rayon icra başçılarına qanunsuz tikililəri sərbəst həyata keçirməyə imkan vermir. Hətta qanuni görülən işlərdə də problemlər yaradılır. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti 1999-cu ildən bələdiyyələrin yaradılmasına baxmayaraq, hələ də Bakı bələdiyyələrinə konkret ərazilər ayırmayıb. Bələdiyyələrin yalnız ərazi hüdudları göstərilib. Amma bu hüdudlarda hansı ərazinin yaşayış massivi, hansının istehsal sahəsi olunduğu bilinmir. Yəni torpaqların təyinatını göstərən sərəncam yoxdur. Meriya bunu şəhərin baş planının hələ də hazırlanmaması ilə əlaqələndirərək, özünü sığortalayır. Bu problem əsasən hər hansı bir ərazidə qanuni tikinti aparmaq üçün Bakı Şəhər İcra Hakimiyyətinin memarlıq şöbəsinin rəyini almaq zərurəti yarandıqda, özünü göstərir. Məsələn, fərdi yaşayış evi tikmək üçün meriyaya rəy almaq üçün müraciət edildikdə, BŞİH öz "diqtə"sini edir. Yəni sərf edən variantlar olduqda müsbət, əks halda isə "həmin ərazi yaşayış üçün deyil, istehsalat üçün nəzərdə tutulur",- ifadəsi ilə rədd cavabı verilir. Belə bir durumda isə bələdiyyə sədrləri vasitəsiylə iri məbləğdə rüşvət alan icra başçıları çətin vəziyyətə düşürlər. Ona görə də icra başçıları ilə meriya arasında müxtəlif qarşıdurmalar yaranır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA