Azərbaycan tərəfə keçən erməni əsgərləri Ermənistana qayıtmaq istəmirlər

img

02-06-2009 [03:58]


Cəbhənin Goranboy rayonu istiqamətində Gülüstan adlanan ərazidə Azərbaycan hərbiçilərinə təslim olan iki erməni əsgəri - 1991-ci il təvəllüdlü Ohan Arutunyan və onun həmyaşıdı Gevorq Tovmosyan təslim olmalarının səbəblərini bu gün ANS-ə daha ətraflı danışıblar. Gevorq Tomosyan Nairi rayonunun Norgex kəndindən, Ohan Arutunyan isə Ermənistanın Martuni rayonunun Covinar kəndindəndirlər. Azərbaycanın işğal olunmuş Ağdərə rayonunun Tonaşen yaşayış məntəqəsində yerləşən 38-862 saylı dağ-atıcı alayının əsgərləri orduda cəmi 2 həftəyə yaxın olublar. Lakin bu müddət onların Azərbaycan tərəfə keçmələrinə qərar verməyə kifayət edib. Belə ki, orduya yeni çağırılmış əsgərlər Ermənistan ordusunda olan dözülməz vəziyyətə qatlaşa bilməyiblər. Əsgərlər arasında münasibətin pis olduğunu deyən ermənilər əsgərlərə verilən yeməyin keyfiyyətsiz olduğunu da bildiriblər. Qaçan erməni əsgərlərinin üzərində hələ hərbi hissədə olarkən valideynlərinə yazdıqları məktub da aşkar edilib. Məktubda vəziyyətlərinin yaxşı olmadığını yazan erməni əsgərləri valideynlərindən xahiş edirlər ki, onları bu hərbi hissədən tezliklə çıxarsınlar. Lakin məktubu göndərə bilmədikləri üçün və vəziyyət dəyişmədiyi üçün Azərbaycana keçməyi qərara alıblar. Ohan Arutunyanın sözlərinə görə, onlar Dağlıq Qarabağda xidmət etmək istəmədiklərini, hətta İrəvandakı Hərbi Komissarlığa da bildiriblər. Lakin orada onlardan pul istəyiblər. "Atam 2-ci dərəcəli əlildir, anam isə evdar qadın. O pulu biz verə bilmədiyimizə görə, bizi aldadaraq Qarabağa gətiriblər. Ona görə də biz qərara gədik ki, hərbi hissədən qaçaq və gələk Azərbaycana və burada bizi 3-cü ölkəyə göndərsinlər". İkinci əsir Qevorq Tovmosyan da üçüncü ölkəyə keçmək arzusundadır. "Mən eşitmişəm ki, əvvəl də Ermənistandan bura keçənlər olub. Bir müddətdən sonra onlar Azərbaycanın koməyi ilə 3-cü ölkəyə gedib və orada işləyiblər. Mənim arzum budur ki, mən də buradan 3-cü ölkəyə gedim və orada 6 ay yaşadıqdan sonra o ölkənin vətəndaşı olum. Orada çalışım, valideynlərimə kömək edim və sonra valideynlərimi yanıma gətirim". Qeyd edək ki, erməni əsgərlər may ayının 31-də Azərbaycan hərbçilərinə təslim olublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA