Gənclər üçün Təhsil Mərkəzi Şagird inkizaf Komitəsi yaradır

img

01-06-2009 [01:27]


Gənclər üçün Təhsil Mərkəzi bu ilin əvvəlindən başlayaraq, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Budapest ofisinin maliyyə dəstəyi ilə ?Şagird İnkişaf Komitəsi konsepsiyası? layihəsinin həyata keçirilməsinə başlayıb. Əsas məqsədi şagirdlərin təhsilə marağının artırılması, təhsildən uzaqlaşan şagirdlərin məktəbə cəlb olunması, onların asudə vaxtlarının səmərəli təşkil olunması, ictimai aktivliklərinin artırılması və vətəndaş cəmiyyətinin inkişafı prosesinə qatılmalarını təşviq etmək olan layihənin pilot olaraq Füzuli rayonunda icra olunması nəzərdə tutulur. MİA.az-ın xəbərinə görə, Şagird İnkişaf Komitəsi şagirdlər tərəfindən formalaşdırılacaq və seçiləcək idarə heyəti tərəfindən idarə olunacaq. Komitənin fəaliyyət göstərməsi üçün bütün texniki imkanlar, xüsusilə də ofis və kompyuter avadanlıqları Gənclər üçün Təhsil Mərkəzi tərəfindən təqdim ediləcək. Hazırda layihə heyəti Füzuli rayonunun Qayıdış qəsəbəsini əhatə edən məktəblərdə həm şagirdlər, həm müəllimlər və həm də valideynlərlə görüşlər təşkil edir, onların bu layihə barədə məlumatlandırılmasını təmin edir və fikirlərini öyrənirlər. Bununla yanaşı layihənin təlimçi heyəti şagirdlər üçün müəyyən edilmiş günlərdə liderlik, komanda işi, CV yazılışı, abituriyentlərin müraciət formaları və s. haqqında təlimlər təşkil edir. Qeyd edək ki, layihənin əhatə etdiyi hədəf qrupun internetə çıxış imkanları yoxdur və orada abituriyentlərin ali məktəblərə qəbulla bağlı ciddi problemləri meydana çıxır. Bu baxımdan layihə heyəti həmin abituriyentlərə həm texniki, həm də təşkilati dəstək göstərir. Yaxın vaxtlarda Qayıdış qəsəbəsində Şagird İnkişaf Komitəsinin idarə heyəti üçün hər bir orta məktəbdə seçkilər keçiriləcək və ümumi sayı 11 nəfərdən olan idarə heyəti formalaşacaq. İdarə heyətinin hər bir üzvü bir sahə üzrə məktəblilərin maraqlarını təmin edəcək və ona uyğun fəaliyyətlər həyata keçirən maraq klubları yaradacaq. 2 il davam edəcək bu layihə çərçivəsində şagirdlər üçün müxtəlif təlim proqramları və kurslar tədris olunacaq, müəllim-valideyn münasibətlərinin inkişaf etdirilməsinə, məktəb və şagird əlaqələrinin möhkəmləndirilməsinə dəstək veriləcək, müxtəlif nəşrlər hazırlanacaq, festival və müsabiqələr, tanınmış ziyalılarla məktəblilərin görüşləri keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA