Xanım Xəlilova prezidentin addımını təqdir etdi

img

31-05-2009 [07:34]


Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 91-ci ildönümü Türkiyədə təntənə ilə qeyd olunub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə qonşu ölkədə elmi-pedaqoji fəaliyyətlə məşğul olan azərbaycanlı alim Xanım Xəlilova məlumat verib. Xanım Xəlilova deyib ki, Türk Ocaqlarının mərkəzi ofisində bayram tədbiri təşkil olunub. Tədbirdə Bakı Slavyan Universitetinin müəllimi Toğrul İsmayıl AXC-nin tarixinə dair geniş məruzə ilə çıxış edib. Türk Ocaqlarının başqanı Nuri Gürgür təbrik nitqi söyləyib. Əslən Güney Azərbaycandan olan müğənni Cavid Təbrizli isə milli musiqimizdən nümunələr səsləndirib. Xanım Xəlilova MİA-nın əməkdaşı ilə söhbət zamanı prezident İlham Əliyevin Gəncəyə səfəri zamanı AXC-nin fəaliyyət göstərdiyi binanın üzərinə vurulmuş xatirə lövhəsinin açılışında iştirakına da münasibət bildirib: "Dövlət başçısının bu addımını təqdir edirəm. AXC-nin Azərbaycan tarixində şərəfli yeri var. İnanıram ki, Bakıda tezliklə böyük öndər Məmməd Əmin Rəsulzadənin də abidəsi ucaldılacaq". Xanım Xəlilova Azərbaycanın Türkiyədəki səfirliyinin bu ölkədə yaşayan azərbaycanlılar arasında ayrıseçkilik etdiyini də deyib: "Türkiyədəki səfirliyimiz mayın 27-də Ankarada AXC-nin yaranmasının 91-ci ildönümü münasibətilə ziyafət təşkil etmişdi. Təəssüf ki, bu tədbirə ancaq səfirə yaxın olan azərbaycanlılar dəvət olunmuşdu. Mən uzun illərdi ki, Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırılması uğrunda mübarizə aparıram. Mənim üçün Azərbaycan dövlətinin maraqları siyasi ambissiyalardan üstündür. Azərbaycan dövlətçiliyinə xidmət edən bir insan kimi bu tədbirdə iştirakım təmin olunmalı idi". Müsahibimiz Azərbaycanın Türkiyədəki səfirliyinin 28 may Respublika Günü münasibətilə Ankarada təşkil etdiyi tədbirdə xoşagəlməz olayın baş verdiyini bildirib: ?Səfirlik üzərində Azərbaycan bayrağının simvolları əks olunmuş böyük bir tort hazırlatmışdı. Mərasim zamanı həmin tortu xəncərlə kəsdilər. Bayrağa qarşı bu cür sayğısız davranış Türkiyə ictimaiyyəti tərəfindən təəccüblə qarşılandı. Üçrəngli bayrağımız Azərbaycanın ən əsas dövlət atributlarından biridir və hər birimiz ona qarşı sayğılı olmalıyıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA