iqtidar düzərgəsində ombudsman Elmira Süleymanovayla bağlı gərgin müzakirələr gedir

img

31-05-2009 [06:47]


Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Milli Məclisin növbədənkənar sessiyasının çağırılacağını bildirib. Ziyafət Əsgərov deyib ki, artıq 65-dən çox deputat bununla bağlı Mili Məclis rəhbərliyinə müraciət edib. Ziyafət Əsgərov Milli Məclisin növbədənkənar sessiyasında yeni ombudsmanın seçilib-seçilməyəcəyi ilə bağlı isə məlumat verməyib. Qeyd edək ki, Milli Məclis "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə" Qanunu qəbul etsə də, hazırkı ombudsman Elmira Süleymanovanın bu şansdan yararlanması sual altındadır. Düzdür, yeni dəyişikliyə əsasən eyni şəxs hər dəfə 7 il olmaqla, 2 dəfə müvəkkil seçilə bilər. Amma bu qanun Konstitusiya qanunu olduğuna görə, 6 aydan sonra təkrar səsverməyə çıxarılmalı və bundan sonra Prezident imzaladığı təqdirdə qüvvəyə minə bilər. İyul ayının 2-də isə Elmira Süleymanovanın ombudsmanın səlahiyyətinin müddəti bitir. Qanuna əsasən, iyunun 2-nə kimi ölkə başçısı ombudsman vəzifəsinə 3 namizədin adını Milli Məclisə təqdim etməlidir. Deputatlar da iyunun 17-nə kimi yeni ombudsmanın kimliyini müəyyənləşdirməlidirlər. Elə sözügedən qanun layihəsinin qəbulu zamanı birinci vitse-spiker Ziyafət Əsgərov da deputatları inandırmağa çalışdı ki, yeni ombudsmanın seçilməsi ilə bağlı altı aylıq boşluq problemi yaranmayacaq. Qanunda edilən dəyişiklik ikinci ombudsmanın fəaliyyətə başlamasından sonrakı münasibətlərin tənzimlənməsinə aiddir. Mayın 29-da spiker Oqtay Əsədovun Milli Məclisin yaz sessiyasının başa çatdığını elan etməsi iqtidarın E.Süleymanovaya görə qanun pozuntusuna göz yumacağı şübhəsini yaratdı. Yəni MM-in tətildə olduğunu bəhanə edərək, vaxt uzadıla bilər. Hər halda deputatlar MM-in yaz sessiyasının uzadılmasını təklif etsələr də, O.Əsədov bu məsələyə sıcaq yanaşmayıb. Amma sentyabr ayından sonra iqtidar nümayəndələrinin hansı bəhanəylə çıxış edəcəkləri sual altındadır. Bununla bağlı "Reytinq"ə məlumat verən deputatın dediyinə görə, bu məsələdə iqtidar deputatları arasında vahid mövqe yoxdur: "Deputatların bəziləri 6 ay ərzində yeni ombudsmanın seçilməyəcəyini və qanun layihəsinin ikinci oxunuşda qəbulundan sonra E.Süleymanovanın vəzifəyə təsdiqini də istisna etmirlər. Onlar tələm-tələsik qanun dəyişikliyini E.Süleymanova ilə bağlayırlar". Deputatın iddiasına görə, E.Süleymanovaya ikinci dəfə ombudsman seçilmək şansı verilməsə, onda bu postu Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova tuta bilər: "Aslanovanın bu vəzifəyə seçilməsini istəməyənlər çoxluqdadır. Amma onlar bunu açıq şəkildə dilə gətirməkdən çəkinirlər. Ona görə də həmin şəxslər qanun dəyişikliyi vasitəsiylə buna nail olmaq istəyirdilər. Onu da deyim ki, bəzi deputatlar "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Qanunun Konstitusiya qanunu olduğundan da xəbərsiz olublar. Elə biliblər, dəyişiklik etməklə məsələ bitəcək. R.Aslanovanın ombudsman olmasını dəstəkləyən qüvvələr isə məsələnin mahiyyətindən xəbərdar olduqları üçün bu prosesə mane olmaq əvəzinə, dəstək veriblər. Nəticədə indiki vəziyyət yaranıb və proseslər R.Aslanovanın xeyrinə işləyib". Həmsöhbətimizin dediyinə görə, hazırda R.Aslanovanın ombudsman olmasının qarşısını almaq rəqibləri üçün xeyli çətinləşib. Bunun üçün qarşı tərəfə ilk növbədə daha güclü namizəd lazımdır. Lakin onlar açıq mübarizədən çəkindikləri üçün buna cəhd etmirlər: "Məndə olan məlumata görə, iyunun 1-nə ombudsmanla bağlı son qərar veriləcək. Əgər R.Aslanovanın nmizədliyi prezident tərəfindən qəbul olunarsa, onda Milli Məclisin növbədənkənar iclası çağrılaraq, yeni ombudsman seçilə bilər. İstisna olunmur ki, ölkə başçısı iqtidardakı qruplaşmalar arasında tarazılığa nail olmaq üçün tam fərqli namizədin də üzərində dursun. Həmçinin E.Süleymanovanın da ikinci dəfə ombudsman olub-olmaması ilə bağlı müzakirələrə də iyunun 1-də nöqtə qoyulacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA