31-05-2009 [06:41]
[/b]
[b]Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri təftiş olunur, xidmət rəisinin yaxınları işdən çıxarılır [/b]
Prezident İlham Əliyevin 19 may 2009-cu il tarixli sərəncamı ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ləğv edilərək, bazasında yaradılan Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyinə Arif Qaraşovun rəhbərlik etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin də verilməsi hökumətin tərkibində böyük dəyişikliklərin baş verəcəyinə inamı gücləndirib.
Bu barədə "Reytinq"ə adının çəkilməsini istəməyən hakimiyyətə yaxın şəxs məlumat verib. Onun sözlərinə görə, artıq prezidentin bu sərəncamından sonra bəzi məmurların "kürkünə birə" düşüb: "Etiraf etmək gərəkdir ki, heç kəs belə bir sərəncam gözləmirdi. Əksəriyyət struktur dəyişikliyini ancaq Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Azərbaycan Milli Elmlər Akademiyasının ləğv edilərək, onların bazasında Elm və Təhsil Nazirliyinin yaradılması, həmçinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin "bir bayraq" altında birləşdirilməsi səviyyəsində proqnozlaşdırırdı. Lakin prezident gözlənilmədən Kərəm Həsənovun rəhbərlik etdiyi dövlət komitəsinin ləğv edib, onun bazasında yeni qurumun yaradılması qərarını verdi. Üstəlik, Arif Qaraşovun rəhbərlik etdiyi xidmətin də Kərəm Həsənova tabe etdirilməsi əksər nazir və komitə rəhbərləri üçün bir növ "siqnal" xarakeri daşımağa başlayıb. Çünki bu sərəncam hökumətin tərkibində ciddi dəyişikliklərin gerçəkləşmə ehtimalını yüksəldib".
Müsahibimiz həm də qeyd edib ki, qarşıdakı bələdiyyə seçkilərinədək hökumətin tərkibində bir neçə belə dəyişiklik baş verə bilər: "Prezident İlham Əliyevin sədrliyi ilə 2009-cu ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına dair keçirilən iclasda məmurlara ağacların qanunsuz kəsilməsilə bağlı xəbərdarlığı təsadüfi deyildi. Xatırlayırsınızsa, prezident həmin iclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbəri Hüseynqulu Bağırova Bakı və onun ətrafında 3 milyona yaxın ağac əkilməsini də tapşırdı. Lakin ötən müddətdə Bağırov bu istiqamətdə nəzərəçarpacaq işlər görməyib. Üstəlik, nazir kimi Bakıda ağacların kəsilməsinə qarşı tədbirləri həyata keçirə bilməyib. Nazir özünü sığortalamaq üçün "prezidentin xəbərdarlığından sonrada Bakıda ağackəsmələr var",- deməklə məsuliyyətdən azad olmağa çalışır. Sanki o, kiməsə "mən icra başçıları ilə bacara bilmirəm",- demək istəyir. Ancaq H.Bağırov unutmamalıdır ki, bu, onun xilası deyil. Vaxt var idi, Fərhad Əliyev də iqtisadi inkişaf naziri kimi monopolistlər haqqında belə danışırdı. Sonu isə sizə bəllidir. İndi də prezident qətiyyətsiz nazir kimi H.Bağırovla vidalaşa bilər. Açığı, hakim dairələrdə onunla bərabər, kənd təsərrüfatı naziri İsmət Abbasovun ən uzağı payıza qədər "vurulacağı" daha çox müzakirə edilir".
Müsahibimiz adıçəkilən nazirlərlə yanaşı, hazırda Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi postunun icraçısı statusunda olan Arif Qaraşovun da vəzifə karyerasına son qoyulacağını ehtimal edir: "Prezidentin sərəncamının elan olunduğu gün xidmətin bütün ərazi idarələrinə əməliyyatların aparılması nəinki qadağan edilib, üstəlik, onların qapıları möhürlənib. Buna paralel olaraq, xidmətin vəzifəli şəxslərinin istifadəsində olan xidməti avtomobillərin hamısı alınıb. Hazırda xidmətin bütün strukturlarında Kərəm Həsənovun və digər qurumlar yoxlamaya başlayıblar. Bu isə Arif Qaraşovun yaxşı olmayan durumunu daha da ağırlaşdıra bilər. Çox güman ki, əvvəldən Kərəm Həsənovla münasibətləri gərgin olan Arif Qaraşov üçün bu yoxlamalar daha böyük problemlər yaradacaq".
Müsahibimiz Arif Qaraşovun "vurulma" ehtimalını yüksəldən bir məqamın isə onun Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi işləyən kürəkəni Zaur Cəfərovun bir neçə gün əvvəl işdən azad olunması ilə bağlayır: "Səhv etmirəmsə, Səbailin yol polisinin rəisi onun kürəkəni idi. Amma prezidentin sərəncamından bir neçə gün sonra onu da işdən çıxarıblar. Halbuki, bu sərəncama qədər Zaur Cəfərov Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin rəisi vəzifəsinə iddialı idi. Açığı, Arif Qaraşovun kürəkəni olması, üstəlik, Dövlət Yol Polis İdarəsinin rəisi, general Ramiz Zeynalovla qohumluq əlaqələri də ona bu şansı tanıyırdı. Lakin gözlənilməz situasiya Z.Cəfərovu da çətin vəziyyətdə qoyub. Bu isə Qaraşovun artıq hakimiyyət daxilində etimadını itirməsi deməkdir. Demək, yeni komitənin əsasnaməsi təsdiqləndikdən sonra Arif Qaraşovu yenidən əvvəlki vəzifəsində görmək çətin ola bilər".
Müsahibimiz onu da bildirib ki, Arif Qaraşovun düşdüyü indiki vəziyyət onun yaxın ətrafı üçün də ciddi problemlər yaratmaqdadır: "Artıq müəyyən dairələrdə Arif Qaraşovun biznes şəbəkələrinin də gizli şəkildə nəzarətə götürüldüyündən danışırlar. Eyni zamanda onun qudası, Dövlət Yol Polis İdarəsinin sabiq məsul əməkdaşı Aydın Cəfərovun (Zaur Cəfərovun atası - red.), həmçinin qudasının qohumu general Ramiz Zeynalovun da durumunun ağırlaşdığını deyə bilərəm. Əgər qudasının biznesini təhlükə gözləyirsə, generalın da vəzifəsini itirməsi proqnozlaşdırılır".
Sonda mənbə adıçəkilənlərin nüfuz etdikləri strukturlarla bağlı ilginc məlumatlar desə də, onları dəqiqləşdirmək imkanlarımız olmadığı üçün yazmadıq.