31-05-2009 [04:32]
[b]Hər il ən azı 60-65 əsgərimiz ordudakı rüşvətin, özbaşınalığın və "dedovşina"nın qurbanı olur [/b]
Azərbaycanla Ermənistan arasında atəşkəs rejimi olmasına baxmayaraq, demək olar ki, hər gün cəbhə bölgəsindən acı xəbərlər eşidirik. Ya düşmən tərəfinin atəşkəs rejimini pozması nəticəsində əsgərimiz şəhid olur, ya əsgərimiz öz səngər yoldaşını güllələyir, ya da hansısa bir əsgərimiz düşmənə əsir düşür. Artıq belə məlumatlar adiləşməkdədir. Baş verənlər isə Azərbaycan ordusundakı anarxiya ilə bağlıdır.
Bəzən verilən məlumatlarda bildirilir ki, hansısa əsgər digər əsgər tərəfindən təhqir olunduğuna, nizamnamədən kənar hərəkətlərə məcbur edildiyinə görə öz səngər yoldaşını güllələyib. Erməni tərəfinə keçən əsgərimiz də ordudakı dözülməz vəziyyətdən, ona verilən fiziki və mənəvi işgəncələrdən bezdiyi üçün belə bir addım atdığını deyir. Ən acınacaqlısı isə odur ki, ordu rəhbərliyi belə faktları araşdırıb lazımi tədbirlər görmək əvəzinə, baş verənləri ört-basdır etməyə çalışır. Amma son günlər orduda baş verənlər o qədər əhatəli və səs-küylü oldu ki, Müdafiə Nazirliyi ordudakı faciələri təsdiqləmək məcburiyyətində qaldı. Bu ilin 5 ayı ərzində isə 40-a yaxın əsgərimizin şəhid olması, hansısa başqa səbəbdən dünyasını dəyişməsi barədə ictimaiyyətdə məlumatlar mövcuddur. Lakin bu rəqəmin ən azı iki dəfə çox olduğunu iddia edənlər də var.
Elə təkcə may ayı ərzində Milli Orduda baş verən faciələri qeyd etmək kifayətdir ki, əsil həqiqətlər barədə təsəvvür yaransın. Ona görə də bu ay ərzində baş verən hadisələri xronoloji ardıcıllıqla təqdim edirik;
1) Mayın 10-da Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Anar Xanbaba oğlu Hacıyev erməni tərəfinə əsir düşdü. Bu barədə öncə Ermənistanın "Armtoday" saytı məlumat verdi. Verilən məlumata görə, Goranboy rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan əsgər A.Hacıyev Füzuli rayonu istiqamətində əsir düşüb. Təbii ki, zabit və çavuşların nizamnamədən kənar hərəkətlərinə etiraz səbəbindən.
2) Mayın 18-də erməni tərəfi gecə saatlarında Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndi istiqamətində atəşkəsi pozdu. ?əticədə Azərbaycan Ordusunun bir əsgəri şəhid oldu. Şəhid olan əsgər Sumqayıt şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış 1989-cu il təvəllüdlü Elmar Sadiqovdur. Təbii ki, 20 yaşlı gənci ciddi hərbi təlim keçmədən düşmənlə üzbəüz postlara çıxaranda nəticə elə belə də olmalı idi.
3) Mayın 21-də Azərbaycan Ordusunun bir əsgəri həlak oldu. Tərtər rayonunda yerləşən ? saylı hərbi hissənin əsgəri, 1990-cı il təvəllüdlü, ötən ilin iyul ayında Zaqatala rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Məhəmməd Şəmsəddin oğlu Vəliyevin silahla ehtiyatsız davranması nəticəsində, digər əsgər, 1990-cı il təvəllüdlü, ötən ilin iyulunda Füzuli rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Xalid Əli oğlu Məmmədovun həyatına son qoyuldu.
4) Mayın 23-də əsgər Orxan Səfərov 5 əsgər yoldaşını güllələdi. O.Səfərovun avtomat silahdan açdığı atəş nəticəsində hərbi hissənin çavuşları - Mustafa Seyfəlov, Taleh Hidayətov və ?əriman Əsgərxanov ölüb, əsəgərlər - Ravil Ataşov və Şəhriyar Həsənov yaralanıb.
İstintaqa ilkin ifadə verən Orxan Səfərov hadisəni ona qarşı edilən təhqiramiz hərəkətrlərə görə törətdiyini deyib. Onun sözlərinə görə, çavuş Mustafa Seyfəlov mayın 22-dən 23-ə keçən gecə O.Səfərov yatarkən onun üzərində təhqiramiz hərəkətlər edib. Əsgərlər qarşısında təhqir olunduğuna dözməyən O.Səfərov mayın 23-də saat 11.00 radələrində bu hadisəni törədib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
Qeyd edək ki, 20 yaşlı O.Səfərov 2008-ci ildə Ağcabədi rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
5) Mayın 23-də Xətai rayonu ərazisində ölüm və xəsarətlə nəticələnən güclü yanğın hadisəsi baş verib. Yanğın nəticəsində bir nəfər əsgər ölüb. Meyit hərbi hissənin meyitxanasına təhil verilib. Ancaq bu günə kimi həmin əsgərin mülki şəxsə aid olan taxta sexində hansı işlə məşğul olmasına aydınlıq gətirilməyib.
6) Nəhayət, mayın 26-da axşam saatlarında Bakı ətrafında yerləşən Qaraheybət Hərbi Təlim Mərkəzində kütləvi zəhərlənmə hadisəsi baş verdi. Yüzlərlə əsgər zəhərlənmə diaqnozu ilə Mərkəzi Hərbi Hospitala və ayrı-ayrı xəstəxanalara yerləşdirildi. Öncə baş verən hadisəni ictimaiyyətdən gizlətməyə çalışsalar da, zəhərlənmə kütləvi xarakter aldığı üçün hərbi hissə rəhbərliyi hadisəni ört-basdır edə bilmədi.
Verilən məlumatlara görə, axşam saat 7-də şam yeməyi yeyən əsgərlər bir müddət sonra özlərində ürəkbulanması, halsızlıq hiss ediblər və kütləvi həyəcan başlayıb. Təxminən saat 22-23 radələrində özlərini pis hiss edən, qidadan zəhərləndikləri güman olunan əsgərləri müxtəlif hospitallara, əsasən də yaxınlıqdakı Müşfiqabad qəsəbəsinin poliklinikasına daşımağa başlayıblar. Bakı Şəhər Hərbi Prokurorluğu 164 nəfərin zəhərlənməsi barədə mətbuata məlumat verdi. İlkin məlumatlarda əsgərlərin şam yeməyində verilmiş konservləşdirilmiş balıqdan zəhərləndiyi bildirildi. Daha sonra Müdafiə ?azirliyi hərbi hissədə əsgərlərin kütləvi zəhərlənməsi faktı ilə bağlı məlumat yaydı. Məlumatda bildirilirdi ki, mayın 26-da axşam saatlarında Müdafiə ?azirliyinin Qaraheybət Təlim Mərkəzindən Hərbi Klinik Hospitala müayinə üçün 164 əsgər gətirilib: "Hərtərəfli müayinədən sonra 158 əsgər xidməti yerlərinə qaytarılıb. 6 əsgərdə isə bəzi xəstəliklər müşahidə olunduğundan əlavə müayinə və müalicəyə cəlb edilib, vəziyyətləri kafidir. Həmin xəstələrdən bakterioloji və laborator nümunələr götürülüb. Üç gün ərzində müayinənin nəticələri bilinəcək. Kütləvi informasiya vasitələrindən xahiş olunur ki, Müdafiə ?azirliyi ilə əlaqə saxlamadan dəqiqləşdirilməmiş və şişirdilmiş məlumatların yayılmasına yol verməsin".
Ən acınacaqlısı odur ki, Müdafiə Nazirliyi kütləvi zəhərlənməyə səbəb olan ərzaq məhsullarının hərbi hissəyə necə daxil olması, bu məhsulun yoxlanılmadan əsgərlərə niyə verilməsi və burada kimlərin təqsirli olması barədə ictimaiyyətə məlumat vermədi. Ancaq "Reytinq" bu barədə bəzi məlumatlar əldə edib. Verilən məlumata görə, əsgərlərin zəhərlənməsinə səbəb olan konservləşdirilmiş balıq məhsulunu hərbi hissələrə Müdafiə Nazirliyinin Ərzaq İdarəsinin rəisi Mustafa Qayıbxanova yaxın şirkət verir: "Hansı ki, həmin şirkətin keçirilən tenderdə necə qalib çıxarılması çox şübhəli "tender əməliyyatları"ndan xəbər verir. Düşünürəm ki, 164 nəfər əsgərin zəhərlənməsi ilə bağlı təhqiqat aparan Respublika Hərbi Prokurorluğu ilk növbədə tender əməliyyatlarını araşdırmalı və orada şirkətlərin necə qalib olduğunu dəqiqləşdirməlidir. Əgər bu sahədə şəffaflığı təmin etmək mümkün olarsa, o zaman orduya keyfiyyətsiz məhsulların verilməsinin qarşısını almaq mümkünləşər. Əks halda orduda kütləvi zəhərlənmələr və buna oxşar hadisələr təkrarlana bilər".
Ordudakı neqativ halları araşdıran və vaxtaşırı bu istiqamətdə çıxışlar edən "Silahlı Qüvvələrə Demokratik Vətəndaş ?əzarəti" Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədov "Reytinq"ə deyib ki, orduda neqativ hallar günü-gündən artır. Onun sözlərinə görə, bu günə kimi ordu ilə bağlı o qədər acınacaqlı hadisələr olub ki, artıq heç kim baş verənlərə təəccüblənmir. Ekspert belə hadisələrin adi hal kimi qəbul olunmasını ordudakı qanunsuzluqların, özbaşınalıqların və mənfi tendensiyaların vaxtaşırı baş verməsi ilə əlaqələndirir: "Hər gün ordu ilə bağlı hər hansı pis xəbəri eşidirik. Son dövrlər bu cür faktların artması vəziyyətin daha da ağırlaşdığını göstərir. Bir əsgərin öz yoldaşlarını güllələməsi, kütləvi zəhərlənmə hadisəsinin ortaya çıxması son bir həftə ərzində baş verən hadisələrdir. Əvvəllər də belə hallar çox olurdu. Amma ordu rəhbərliyi maksimum dərəcədə çalışırdı ki, neqativ hallar ictimaiyyətin diqqətinə çatdırılmasın. Bunun qarşısını almaq üçün həm hərbçilərə, həm valideynlərə təzyiqlər olur, bəzən onları ələ almaq üçün müəyyən təkliflər də edilirdi. Son hadisələri isə gizlətmək mümkün olmadı. Bütün bunlar ordudakı vəziyyətin dözülməz olduğunu göstərir".
Ə.Məmmədovun sözlərinə görə, orduda baş verənlərin müxtəlif səbəbləri var: "Hər şeydən öncə orduda özbaşınalıq var, qanunun aliliyi təmin olunmur. Problemləri dəfələrlə hərbi ekspertlər qaldırsalar da, ölkə başçısından tutmuş ordu rəhbərliyinə qədər müraciətlər olunsa da, bu günə qədər orduda heç bir islahat aparılmayıb".
Hazırda Azərbaycan Ordusunda durğunluq dövrünün yaşandığını vurğulayan müsahibimizin sözlərinə görə, ordu rəhbərliyinin "Hər şey yaxşıdır, ?ATO-ya inteqrasiya edirik, ordumuz gücləndirilib",- kimi açıqlamaları sadəcə yalançı piardır. Ekspert onu da dedi ki, bu günə kimi edilən dəyişikliklər islahat kimi qələmə verilsə də, sadəcə görüntü xarakteri daşıyır, ordu rəhbərliyi bu açıqlamaları ilə ictimaiyyəti aldatmaqla məşğuldur: "?ATO-ya inteqrasiyadan necə söhbət gedə bilər ki, Azərbaycan Ordusunda rüşvət, korrupsiya baş alıb gedir. Rütbəsindən asılı olmayaraq, hərbçilərin hüquqları müdafiə olunmur, davamlı olaraq təhqir edilirlər. Hansısa kazarmanı təmir etdirmək, hansısa seminara qatılmaq, geyimləri dəyişmək inteqrasiya, yaxud inkişaf sayıla bilməz. Ordunun vəziyyəti göz önündədir. Əgər hər hansı bir hadisə bir-iki dəfə baş vermiş olsaydı, deyərdik ki, təsadüfdür. Görün, bir ildə nə qədər əsgər həlak olur. Hər il orta hesabla 60-65 əsgərimiz dünyasını dəyişir. Əgər döyüş şəriati olmaya-olmaya bu qədər əsgərimiz həlak olursa, deməli, orduda ciddi problemlər var. Ordu rəhbərliyi isə belə halları ört-basdır etməyə, özlərinə bəraət qazandırmağa çalışır".
Ə.Məmmədov hərbi hissələrdə nizamnaməyə riayət edilməməsi, bəzi zabitlərin savadsızlığı, "dedovşina" hallarının da mənfi fəsadlar yaratdığını bildirdi. Onun sözlərinə görə, əsgərlərin intihar etməsi, əsir düşməsi, əsgər yoldaşlarını öldürməsi də bu amillərlə bağlıdır: "Biz həmişə dünya praktikasında görmüşük ki, hər hansı bir neqativ hal olanda, yaxud faciəvi hadisə baş verdikdə, rütbəsindən, vəzifəsindən asılı olmayaraq, cavabdeh şəxslərə qarşı ölçü götürülür. Azərbaycan reallığında isə bunun əksini görürük. Diqqət yetirin, bir hərbi hissədə əsgər təhqir olunur və yoldaşlarını güllələyir, digərində 200-ə yaxın əsgər yeməkdən zəhərlənir, amma məsələnin üstündən səthi keçirlər. Hətta bu azmış kimi, ordu rəhbərliyi mediayadan tələb edir ki, məsələni şişirtməsinlər. Silahlı Qüvvələrdəki cəzasızlıq mühiti isə problemlərə və növbəti problemlərin yaranacağına şərait yaradır".
Hərbi ekspert ordunun ərzaq təminatındakı problemlərə də toxundu. Onun sözlərinə görə, hazırda ordunun ərzaq təminatının həyata keçirilmə prinsipləri heç bir standarta uyğun deyil, bu səbəbdən də belə problemlər ortaya çıxır: "Əvvəllər ordunun ərzaq təminatı ancaq dövlət tərəfindən həyata keçirilirdi. Hər hansı şəxsi firmanın orduya ərzaq verməsinə qadağalar var idi. Hazırda isə ərzaq təminatını məxfi qrif altında həyata keçirirlər. Burada aşkarlıq olmadığı üçün həmin ərzağın orduya necə verilməsi, burada kimlərin rol oynaması barədə ictimaiyyətə məlumat vermirlər. Məsələ ondadır ki, bu gün kimlərsə qeyri-qanuni yollarla keyfiyyətsiz ərzağı orduya verir, bir növ keyfiyyətsiz məhsullarını bu yolla "silirlər". Sözsüz ki, bu cür "əməliyyatlar" ordu rəhbərliyinin iştirakı olmadan mümkün deyil. Təbii ki, bu məsələdə külli miqdarda rüşvət də alınır. Keyfiyyətsiz ətin, vaxtı keçmiş konservlərin orduya verilməsi bu günün söhbəti deyil. Bu barədə çox danışmışıq. Sonuncu kütləvi zəhərlənmə hadisəsi isə buna əyani sübutdur. Bizim təşkilat qeyri-rəsmi də olsa, monitorinq aparıb və şahidi olmuşuq ki, əsgərlər nəinki yeməkxanaya getmək, heç onun yanından belə keçmək istəmirlər. Çünki üfunətdən əsgər yeməkxanalarına yaxınlaşmaq mümkün deyil. Ona görə ki, əsgərlərə iylənmiş ət verirlər, belə əti bişirəndə isə dəhşətli qoxusu çıxır. Mən ad çəkmək istəmirəm, bir neçə əsgər bizə müraciət edib, bildirmişdi ki, onlara Qazaxıstandan ən ucuz at əti alıb gətirirlər. Hətta həmin əsgərlər ətin üstündə iylənmiş yaralar da görmüşdülər. Təbii ki, bu cür hallar sonda belə ağır nəticələrə gətirib çıxarır". Ə.Məmmədovun dediyinə görə, ən dəhşətli hallardan biri də odur ki, bəzən heyvanlara, pişiklərə verilən yeməkləri əsgərlərimizə də verirlər.
Biz isə orduda baş verən rüşvət, korrupsiya və digər neqativ hallarla yanaşı Ə.Məmmədovun və digər şəxslərin də dediklərindən belə qənaətə gəlirik ki, Azərbaycan Ordusunda anarxiya hökm sürür. Bu isə Azərbaycan üçün böyük təhlükələr deməkdir.
Müsahibimiz onu da vurğuladı ki, ordudakı neqativ halların çoxalması və qarşısının alınmamasında müdafiə naziri Səfər Əbiyevin də rolu böyükdür. Onun sözlərinə görə, S.Əbiyev həm düzgün kadr islahatı aparmadığına və nəzarəti tam şəkildə həyata keçirmədiyinə görə, orduda bu cür vəziyyət yaranır.
[b]Zaur ƏHMƏD[/b]
[b]Taleh ŞAHSUVARLI[/b]