Ziyafət Əsgərov parlament rəhbərliyi uğrunda mübarizə aparır

img

31-05-2009 [04:22]


[b]Pənah Hüseyn deyir ki, hansı vəzifə uğrunda mübarizə aparılırsa-aparılsın, insan gərək, öz dədə-nənəsini söyüş hədəfinə çevirməsin [/b] Milli Məclisin son iclasında Müsavat deputat qrupunun üzvü Pənah Hüseynlə vitse-spiker Ziyafət Əsgərov arasındakı mübahisənin yaratdığı ajiotaj hələ də səngiməyib. Məsələylə bağlı açıqlama verən P.Hüseynin sözlərinə görə, Z.Əsgərovun hərəkətləri fitnəkarlıqdır: "Yəni heç bir əsas olmadan, mənim tərəfimdən də nizamnamədən, etikadan kənar hansısa ifadə işlənmədən çıxışım kəsildi. Bilirsiniz ki, bələdiyyələrlə bağlı məsələ müzakirə olunurdu. Mənim də çıxışım onunla başladı ki, kəndlərdə, rayonlarda bələdiyyə rəhbərləri qanunsuzluqla məşğul olurlar. Amma Milli Məclisin rəhbərliyi "Siz qanunu pozursuz",- kimi bəyanatlar verirsə, belə bir qurumda artıq kənd bələdiyyələrinin qanunsuzluğundan danışmaq yersiz görünür. Əvvəllər də bələdiyyələrlə bağlı məsələ qaldırıb, fikirlərimi bildirmişdim. Bu dəfə də danışmaq istədim. Birinci cümləni deyirdim ki, Ziyafət Əsgərov "mahiyyət üzrə danışın",- deyib mikrafonu söndürdü. Ancaq mən mahiyyət üzrə danışırdım. Bundan sonra narazılıq yarandı. Mən məsələyə diqqəti cəlb etməkdən ötrü tribunaya qalxdım. Aydın məsələdir ki, tribunada da mikrafon yandırılmayacaq. Amma belə bir situasiyada başqa cür addım atmaq mümkün deyil". Z.Əsgərovun ona qarşı etdiyi hərəkətlərin əvvəlcədən planlaşdırıldığını deyən P.Hüseyn onu da bildirdi ki, bunun arxasında müəyyən məqsədlər dayanır: "Sonradan deputatlar mənə bildirdilər ki, Ziyafət Əsgərov etikadan kənar ifadələr və söyüşlər işlədib. Bütün deputatlar onun bu hərəkətlərinə hiddətlənmişdi. Çünki o, artıq valideynləri xatırladaraq, söyüş söymüşdü. Demək olar ki, parlamentin tarixində nadir hadisələrdəndir ki, deputatın valideynləri ilə bağlı söyüş söyülür. Sözün açığı, həmin ifadələri eşitməmişdim, mənə sonradan məlumat verdilər". P.Hüseyn onu da vurğuladı ki, Ziyafət Əsgərovun son addımları Milli Məclisin sədarəti uğrunda gedən mübarizənin bir hissəsidir. Onun sözlərinə görə, parlament rəhbərliyi, konkret olaraq, Ziyafət Əsgərov Pənah Hüseynin qarşısına arqumentlərini qoya bilmədiklərinə görə söyüş yarışına girib: "Yəni Milli Məclis sədrinin bu günə kimi işlətdiyi ifadələri daha da sərtləşdirərək, özlərini göstərirlər. Bir növ söyüş yarışına girirlər. Çünki bunların savadı, qabiliyyəti, məntiqi yoxdur ki, çıxışların qarşısına adekvat cavablar qoysunlar. Mənə elə gəlir ki, Milli Məclis rəhbərliyindəkilərin söyüş yarışına qoşulması barədə iqtidarın ümumi siyasi rəhbərliyi də düşünməlidir. Səslənən fikirlər, tənqidlər barədə əks arqumentlər gətirmək əvəzinə, söyüşlə fərqlənmək siyasi hakimiyyətin səviyyəsi barədə normal fikir yaratmır. Şəxsən mən düşünürəm ki, hansı vəzifə uğrunda mübarizə aparılırsa-aparılsın, insan gərək, öz dədə-nənəsini söyüş hədəfinə çevirməsin. Çünki sən birinin barəsində bu sözü deyirsənsə, o da qayıdıb sənin haqqında söyləyə bilər. Yəni hesab edirəm ki, Ziyafət Əsgərovun bu hərəkətləri çox əskik hərəkətdir. Mən bu cür insanlara acıyıram. Bir qədər gərginlik yaranan kimi, həqiqi siması üzə çıxır. İndi kim daha tünd söyüş söyür - yarışı gedir. Bu mənada etiraf etiraf etmək lazımdır ki, Ziyaət Əsgərov bir xal qabağa çıxıb. İndi görək, növbəti dəfə Milli Məclis rəhbərliyindəkilər rəngarəng, hansısa ədəbsiz ifadə işlətməkdə fərqlənəcəklərmi? Ötən iclasda da maraqlı bir dialoq yaşanmışdı. Nəsibli Nəsibli Ziyafət Əsgərova dedi ki, "sədr, bildirin ki, bizə siz deyə müraciət etsin". O da bildirmişdi ki, "sədr ağsaqqaldır, sən də deyə bilər, siz də deyə bilər". Mənə elə gəlir ki, bu, çox geridə qalmış səviyyənin göstəricisidir. Təəssüf ki, biz bunu Azərbaycanın siyasi elitasının olduğu yerdə müşahidə elədik". Sonda millət vəkili baş verənlərlə bağlı Milli Məclisin İntizam Komitəsinə hər hansı bir müraciət etməyəcəyini də bildirdi. P.Hüseyn belə məsələlərdə, ümumiyyətlə, hər hansı bir komitəyə müraciət etmədiyini dedi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA